Azərbaycanda bütün pensiyalarda artım gözlənilir: gələn il

Foto: By Matej Kastelic/Shutterstock

2023-cü ildə pensiyalar elektron qaydada indeksləşdiriləcək

2023-cü ildən Azərbaycanda bütün növ pensiyalarda artımların olacağı gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında belə deyilir.

Bildirilir ki, Prezident İlham Əliyevin 2022-ci il fevralın 8-də verdiyi sərəncama əsasən, qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Nazirliyin hazırladığı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Kim nə qədər pensiya alacaq?

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək:

“Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10 faizlik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək. Üzərinə indeksasiya faizi qədər artım hesablanacaq”.

Qayda necə olacaq?

Nazirlik bildirib ki, layihə qəbul ediləndən sonra qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq:

“İndeksasiya bütün pensiya məbləğlərinə – həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək. Eyni zamanda, pensiyaların məbləği hər il vahid qaydada – indeksləşdirilərək artırılacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq”.

Pensiyalar elektron qaydada indeksləşdiriləcək

Məlumatda qeyd edilir ki, pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Foto: Meydan tv

“Bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq. Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir”.

“Yeni təkliflər iki mühim istiqaməti əhatə edir”

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, yeni təkliflər iki mühim istiqaməti əhatə edir:

“Maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunmasını. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”.

2001-2011-ci illərdə on illik indeksasiya faizi 98 faiz olub”

İqtisadçı düşünür ki, qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi:

“Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu”.

“Onların pensiyaları indeksasiya olunmadığı üçün bu həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb”, – deyə o bildirib.

Vüqar Bayramov
Foto: Meydan TV

Vüqar Bayramov deyir ki, əgər həmin vətəndaşlar da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər, pensiya məbləğlərində daha çox artım qeydə alınardı.

Onun fikrincə, yeni dəyişikliklər məhz həmin vətəndaşlara bu imkandan faydalanmağa şərait yaradacaq:

“Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək”.

Ana səhifəSosialAzərbaycanda bütün pensiyalarda artım gözlənilir: gələn il