Azadlıqla saxta Təhlükəsizliyin arasında

Yalanı həqiqət kimi demək su içmək qədər asandır…

Source:

“Mən hər şeyi anlayıram, ancaq…” Yaxud “Bu cür yaşamaq olmaz, lakin…” Dövrümüzü bu evfemizmlər xarakterizə edir.

Bilirik ki, bu cür davam etməməlidir, çünki davam edə bilməz. Çünki, heç bir məntiq və qanunauyğunluq indiki rejimə haqq qazandırmır. Ancaq rejim stabildir.

Psixoanalizdə buna “Fetişist inkar mexanizmi” deyirlər. Yəni, bilirik ki, fəlakət gözlənilir, ancaq prosesləri özbaşına buraxırıq. O əfəl ümidlə ki, hər şey öz-özünə düzələcək.

Bu cür situasiyalar analiz tələb edir: Niyə bütün dəyərlərin aşınmasına baxmayaraq hələ də barbarlığa yuvarlanmamışıq? Niyə quruluş anti-insani olmağına baxmayaraq hələ də dağılmır, insanlar da sağ-salamatdır, deyib-gülüb, yeyib-içir, yaşayırlar?..

Bu, mənə Nils Borla bağlı bir komik situasiyanı xatırladır. Fizik evinin qapısının üstündən nal asır. Qonağı soruşur: “Doğrudanmı, bu cür xürafata inanırsız?” “Yox, inanmıram”, – deyir Bor və əlavə edir: “Ancaq mənə deyiblər ki, nal ona inanmayanda da təsir edir”.

Hazırkı ideologiya ilə vəziyyət də bu cürdür. Ona inanmırlar, o isə işləyir, təsir edir.

Bir dəfə bir saytda bir azərinin qədimi maşınının fotosu vardı. Yolda dayanıb, yolun bir tərəfində Heydər Əliyevin, digərində isə İlham Əliyevin iri portretləridir.

Maşın o qədər köhnə, miskin, yamaqlıdır və üstəlik də kənd təsərrüfatı məhsulları ilə o qədər yüklənib ki, fikirləşirsən: O, gedə bilməz. O isə gedir. Hələ sahibinin meyvələrini bazara da daşıyır.

Azərbaycan o yamaqlı maşındır. Çoxdan işləməməlidir, ancaq işləyir. Və burada “Mən bilirəm ki, o işləməməlidir” kimi fetişist inkar işləmir.

Biz ölkədəki “demokratiya”ya inanmırıq. Onu təbliğ edənlər də ona inanmır. Heç kim. Onu ələ salırlar, ona şəbədə qoşurlar, bu “demokratik” hakimiyyətin personajlarını lağa qoyurlar, ancaq sistem laxlamır. Qeyri-məntiqin təntənəsi.

İnsanların çoxu hələ də o dövrləri xatırlayır ki, hakimiyyət adamını savad və inam xarakterizə edirdi. Bəs indi? İndi qəribə situasiyadır: Hakimiyyətdəkilərin sifətlərində savad və inamdan işartı da yoxdur. Onlar üçün TV-də, mikrofon qarşısında ağızlarına gələni danışmaq, yalanı həqiqət kimi demək su içmək qədər asandır. Və bu sinizm təkcə bizdə deyil. Bu, qlobaldır.

Nə vaxtsa Kaliqula göydən Ayın qoparılıb ona verilməsini tələb etmişdi. Sonadək məntiqi olmaq mümkün deyil – bu, bəllidir. Gərək ki, sonadək məntiqsiz olmaq da qeyri-mümkündür.

Ancaq əsas sual qalır: Nə vaxtadək?

İndi geniş işlədilən köhnə bir Marks kəlamı var: Bizə seçim adı altında yalançı seçim təklif edirlər. Deyək ki, pepsi ilə kola arasında seçim.

Bizə deyirlər: iradə və seçim azadlığınız var. Buyurun, seçin. Əvəzindəsə bizə deyək ki, bir neçə YAP-çı arasından bələdiyyə üzvü seçməyi təklif edirlər. Yalnız onların arasından, başqaları yoxdur. Və bunun adını qoyurlar “demokratik seçim”, “iradə azadlığı”. Formal bu cürdür.

Halbuki seçimin ideologiyası ilə bağlı həmişə mühüm bir problem də var: Siz seçməkdə azadsız, ancaq gərək şüurlu və ağıllı seçim üçün ağıllı da variantlar olsun. Bizə formal olaraq seçim azadlığı veriblər, ağıllı seçim üçün imkan isə yoxdur. Çünki, mən bələdiyyə üzvlərini yalnız YAP-çılar arasından seçməyi, yaxud sualı “pepsi, yoxsa kola” kimi qoymağı yalançı seçim sayıram. Bu, seçim deyil, adam dolamaqdır.

Və mənə ingilis skeptiki Con Qreyin fikirləri çox yaxındır: Bizi get-gedə daha çox elə hərəkət etməyə MƏCBUR edirlər ki, guya biz AZADıq.

Seçim azadlığında çox mühümdür: onu hansı konkret şərtlərlə bizə “yeridirlər”. “Pepsi, yoxsa kola” azadlığının onunla heç bir oxşarlığı yoxdur.


Zorən vətəndaşlar

Mübarizə və qarşıdurma dövrlərində çoxluğun biganəliyi nəticə üçün həlledicidir və yalnız pis yekun vəd edir.

Nə vaxtsa SSRİ böyük əksəriyyətin biganəliyi fonunda süqut etdi. İndi seçkilər, jurnalistlərin, siyasətçilərin və dindarların repressiyası çoxluğun susqunluğu ilə müşayiət olunur. Sanki hələ də Yuri Andropovun kədərlə söylədiyi “Biz hansı cəmiyyətdə yaşadığımızı bilmirik” kəlmələrinin şinelindəyik.

Nəticədə qalib rolunda oğrular, satqınlar və buqələmunlar çıxış edir. 1980-cı illərin əvvəllərində o vaxtkı Kompartiya bosslarının etdikləri çıxışlarla həmin onilliyin sonundakı davranışlarını müqayisə edin – hər şey əyani görünəcək. Onlar bəsləndikləri ideyaya belə sadiq ola bilmədilər. Əvəzində isə bu gün də yuxarı başdadırlar.

O çıxışlar arxivdə, o davranışlar yaddaşlarda var. Ancaq nə olsun? Struqatski qardaşları haqlıdırlar: “Əksəriyyət boz olanda, hakimiyyətə qaralar gəlir”.

Ölkə üçün taleyüklü vaxtlarda vətəndaşın mövqesizliyi ölkə üçün də, vətəndaş üçün də acınacaqlı qurtarır. Bu, köhnə həqiqətdir və hələ qədim yunanlara bəlli idi. Aristotel özünün “Afina politiyası” əsərində yazırdı: “Solon görəndə ki, dövlətdə tez-tez qarışıqlıq olur, bəzi vətəndaşlar isə nəyin baş verməsindən asılı olmayaraq hər şeylə barışırlar, xüsusi bir qanun verdi: “Qarışıqlıq dövründə əlinə silah alıb iki tərəfdən heç birini müdafiə etməyənlənlər vətəndaşlıq hüququndan məhrum ediləcək”.

Diqqət edin: iki vuruşan tərəf var, vətəndaş isə onların heç birinə qoşulmur. Solonun qanunu isə açıq mətnlə diqtə edir: Fərqi yoxdur hansı tərəfdən olacaqsan, təki hansısa tərəfdən ol. Əks halda, sən vətəndaş deyilsən!

Elə həmin əsərində Aristotel Plutarxı da yada salır: “Plutarxın fikincə, Solonun əksər qanunlarından xüsusilə qəribəsi odur ki, qırışıq dövrlərdə heç bir partiyaya məxsus olmayan şəxsləri vətəndaş namusundan məhrum edir. Solon istəyir ki, heç kəs ümumi maraqlara biganə və iştiraksız qalmasın, öz mülkiyyətini təhlükədən hasarlayaraq Vətəninin dərd və əzablarından kənara çəkilməsin. Solon istəyir ki, hər kəs özünə mövqe seçsin, mübarizəyə kömək edərək təhlükəni bölüşsün və rahat yerə çəkilib kimin qalib gələcəyini gözləməsin”.

Sonuncu sözlər bizim üçün arxi-aktualdır: “Kimin qalib gələcəyini gözləməsin”.

Solona görə, mövqeyi olmayan vətəndaş birmənalı olaraq vətəndaş deyil. Qoy lap irticanı müdafiə etsin – təki hansısa tərəfdə olsun və mövqeyində də səmimiyyət göstərsin (Gündə bir partiya dəyişməsin. Bizdəki kimi).

Azərbaycanın böyük bəlası böyük əksəriyyətin kənarda seyrçi olmasındadır. Qədim Afinada belələrini vətəndaşlıqdan məhrum edirdilər, bizdə isə onlar hakimiyyət üçün ən arzuolunan və hörmətli vətəndaşdırlar. Çünki, bizdə siyasət Solonun siyasəti ilə daban-dabana ziddir. Bizdə məhz hakimiyyət mövqeyi olmayan kütləni yetişdirir və stimullaşdırır.

1917-ci il inqilabı ona görə müdafiə oluna və dayana bildi ki, xalqın əksəriyyəti öz seçiminə görə məsuliyyət hiss etdi. Yazıçı Mixail Prişvin 1919-cu ilin oktyabrının son günündə öz gündəliyində yazmışdı: “Mitinq oldu, bəzi fəhlələr qərar verdilər ki, orta mövqedə qalmaq olmaz. Onlardan birinə dedim: “Hansısa tərəfdən olmaq – asandır. Çətini özünlə, heç bir tərəfdən olmamaqdır”.

“Bu ki, ictimai deyil!” – o, bunu elə bir səsə dedi ki, anladım – digər variantlar onun üçün qətiyyən mövcud deyil”.

70 il sonra isə məhz “ictimai” mövqe mövcud deyildi. O vaxtdandır biz bu yolla gedirik: total biganəlik və bunun “vətəndaş mövqeyi” kimi qələmə verilməsi yolu ilə…


Kollektiv nevrozdan sağalmaq

“Hər dövrün öz kollektiv nevrozu var və onun öhdəsindən gəlmək üçün hər dövr öz psixoterapiyasına ehtiyac duyur”. Osventsim ölüm düşərgəsinin dəhşətlərini görmüş filosof Valter Franklın kəlmələridir. Öz dövrünün və bütöv xalqların necə dəliliyə tutulduğunu görmüş bir həkimin diaqnozudur.

Hələ Nitsşe yazırdı ki, tək-tək adamlar nadir halda dəli olurlar, çox vaxt bütöv xalqlar dəli olur.

Azərbaycan cəmiyyətinin kollektiv nevrozu fərdlərin öz gücsüzlüyünə əminliyindədir. Bu, ekzistensial vakuumdur. Fərd özünə təlqin edib ki, o, heç kəsdir və heç nədir, birlik isə qeyri-mümkündür. Odur ki, cəmiyyət atomlaşıb, hər kəs öz viranəsinə başını soxub fiziki və maliyyə tamlığını qorumaq üçün mövcudluq keçirməyindədir.

Arabir bu viranədən boynunu çölə çıxaranda da öləri azəri dünyanı müşahidə və analiz etmək yox, təhlükənin haradan – uzaqdanmı, qonşudanmı – gələ biləcəyini müəyyənləşdirmək, “küləyin istiqamətini tutmaq” məqsədi güdür. Alber Kamyu sayağı, “Biz azadıq. Ancaq mühasirədəyik”. Hər bir fərd başqa fərdlərin, hakimiyyətin və cəmiyyətin mühasirəsindədir. Və fərdlər bunu qaçmaq mümkün olmayan tələ kimi qəbul edərək barışıblar.

Bütün problemlər də bundadır – hər bir fərd başqa fərdləri və ümumilikdə bütün cəmiyyəti özünə yad sayır. Ölkə fərdin gücsüzlüyü və cəmiyyətə inamsızlığı şəraitində yaşayır. Bu, əslində fövqəladə, patoloji bir durumdur. Ancaq xəstə sonunda öz xəstəliyinə uyğunlaşır, onunla doğmalaşır, onu norma sayır. İllərlə sinə dolusu nəfəs ala bilməyən xəstə inanmağa başlayır ki, həmişə təngnəfəs yaşayıb, qırıq-qırıq nəfəs alıb. Unudur ki, alternativ var və hətta o alternativi görüb də.

Sağalmaq üçün insan seçim etməlidir: xəstə qalmaq, yoxsa müalicəyə başlamaq. Fərd üçün bu, psixoterapiyadan başlayırsa (Sartr yazırdı: “Biz nə fikirləşiriksə, elə O-yuq”), cəmiyyət üçün bu, ideyalardan başlayır. Özündə enerji, Yol, nümunə və inam daşıyan ideyalardan. Onlar yoxdursa, fərd üfqi pozada mövcudluğunu norma və daimi forma kimi qəbul edib barışacaq.

Düzdür, insan heç nəyi seçməyəndə də nəyi isə seçir. Məsələn, seçməməyi seçir. Su ilə yemək arasında qalan, hər ikisindən eyni məsafədə dayanan Buridan eşşəyi sonunda susuzluqdan və aclıqdan öldü. Bu da onun seçimi idi – suyu da, yeməyi də seçə bilməməyi. Halbuki, xilas realdı.

Cəmiyyət Buridan eşşəyi sayaq özünün təhlükəsizliyi ilə Azadlığı arasında qalıbsa, sonunda hər ikisini itirəcək. Azadlığa doğru getməyəcək, qulun isə təhlükəsizliyindən danışmaq absurdun şedevri olardı.

Əlbəttə, insan sonludur, Azadlığı məhduddur. Ancaq seçim azadlığı həmişə var. Məsələn, sən saçlarımın ağarmağına görə cavabdeh deyilsən, ancaq onu rənglə boyamaq azadlığın var. Bu qayda ilə hər bir fərdin minimum da olsa azadlıq dərəcəsi var – harada olmasından və statusundan asılı olmayaraq. Bu, seçim azadlığıdır.

Əməl və Söz azadlığı yoxsa, seçim azadlığı yenə də var. Heç kəs sənə mane olmur ki, Əməli və Sözü boğanlara münasibətdə seçim edəsən.

Bütün inqilablar seçimdən başlayır. Seçənlərin birləşməsi isə “sadəcə təfərrüat”dır…

Ana səhifəMənim FikrimcəAzadlıqla saxta Təhlükəsizliyin arasında