Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurasına çağırış edib

Azərbaycanda siyasi mənzərə. Foto: Elif Bayraktar/shutterstock

Azərbaycanın beş vətəndaş cəmiyyəti təşkilatı ölkədə insan hüquqlarının vəziyyəti və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı Avropa Şurasına müraciət edib. Təşkilatlar Avropa Şurasını Azərbaycan hökumətinin üzvlük öhdəliklərinə əməl etməsi üçün daha prinsipial və ardıcıl addımlar atmağa çağırıblar.

Oktyabrın 7-də Bakı Araşdırmalar İnstitutunun saytında dərc olunan birgə bəyanatda Azərbaycanla Avropa Şurası arasındakı münasibətlər, ölkədə siyasi motivli həbslər, vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdudlaşdırılması və beynəlxalq insan hüquqları mexanizmlərinin effektivliyi məsələlərinə toxunulub.

Sənəddə bildirilir ki, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olması ölkə vətəndaşlarının hüquq və azadlıqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, bəyanat müəlliflərinin fikrincə, son illərdə hökumətin Avropa Şurasının institutları ilə münasibətlərində yaranan gərginlik ölkənin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini çətinləşdirib.

Təşkilatlar Azərbaycanda ən azı 328 siyasi məhbusun olduğunu bildirirlər

Bəyanatda qeyd olunur ki, 2022-ci ildən etibarən siyasi motivli təqiblər intensivləşib, müstəqil medianın, qeyri-hökumət təşkilatlarının və siyasi fəalların fəaliyyət imkanları daha da məhdudlaşıb.

Sənəd müəllifləri həbs yerlərində işgəncə və pis rəftar iddialarına, məhbusların tibbi xidmətə çıxışında problemlərə, eləcə də onların ailələrinə qarşı təzyiqlərlə bağlı məlumatlara diqqət çəkirlər. Bəyanatda 2026-cı ilin ilk altı ayında qadın siyasi məhbuslara qarşı cinsi qısnama iddialarının da qeydə alındığı vurğulanır.

Təşkilatlar Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra vəziyyətindən də narahatlıqlarını ifadə ediblər. Onların Avropa Şurasının məlumatlarına istinadən açıqladığı rəqəmə əsasən, Azərbaycanla bağlı məhkəmə qərarlarının 68 faizi hələ də icra olunmayıb.

Bəyanatda Avropa Şurası ilə Azərbaycan hökuməti arasında müəyyən sahələrdə əməkdaşlığın davam etdiyi qeyd olunur. Bununla yanaşı, təşkilatlar hesab edirlər ki, bu əməkdaşlıq insan hüquqları ilə bağlı problemlərin beynəlxalq gündəmdən çıxarılması ilə nəticələnməməlidir.

Sənəddə Avropa Şurası Parlament Assambleyasının 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi də xatırladılır. Bəyanat müəllifləri həmin qərarı üzvlük öhdəliklərinin müdafiəsi baxımından mühüm addım kimi qiymətləndirir, Azərbaycan hökumətinin AŞPA ilə əməkdaşlığı dayandırmasını və Avropa Şurasından çıxmaqla bağlı açıqlamalarını isə ölkə vətəndaşlarının maraqlarına uyğun hesab etmirlər.

Onlar Avropa Şurası Nazirlər Komitəsini siyasi motivli həbslərlə əlaqədar Avropa Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarının icra edilməməsinə cavab olaraq Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinin 4-cü bəndi əsasında prosedurun başlanmasını nəzərdən keçirməyə çağırıblar. Bu mexanizm daha əvvəl İlqar Məmmədovun işi üzrə Azərbaycana münasibətdə tətbiq edilib.

Təşkilatlar, həmçinin Avropa Şurasının Baş katibinin Konvensiyanın 52-ci maddəsinə əsasən Azərbaycandakı insan hüquqlarının vəziyyəti və məhkəmə qərarlarının icrası ilə bağlı hökumətdən rəsmi izahat tələb etməsini istəyirlər.

Müraciətdə siyasi məhbusların azad edilməsi, hüquq pozuntularının sənədləşdirilməsi, hüquq müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə beynəlxalq dəstəyin artırılması istiqamətində əlaqələndirilmiş tədbirlərin görülməsi də təklif olunur.

Bəyanat müəllifləri hesab edirlər ki, Avropa Şurasının insan hüquqları və hüququn aliliyi prinsiplərinin müdafiəsində ardıcıl mövqe nümayiş etdirməsi təkcə Azərbaycan üçün deyil, təşkilatın bütün üzv dövlətləri üçün əhəmiyyətlidir.

Sənəddə vurğulanır ki, Azərbaycanla Avropa Şurası arasında institusional münasibətlərin gələcəyindən asılı olmayaraq, ölkədə insan hüquqlarına, azadlıqlara və ədalətə olan ictimai tələb davam edəcək.

Birgə bəyanatı Müstəqil Hüquqşünaslar Şəbəkəsi, Xəzər Tədqiqat və Analiz Mərkəzi, Açıq Azərbaycan Təşəbbüsü, Free Voice Collective və Demokratik Təşəbbüslər İnstitutu imzalayıb.

Bəyanat onu dəstəkləyən digər vətəndaş cəmiyyəti təşkilatlarının, hüquq müdafiəçilərinin və ictimaiyyət nümayəndələrinin qoşulması üçün də açıq elan edilib.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurasına çağırış edib