Korrupsiyanı xəbər verənə pul: yeni qanun nə vəd edir?

İllüstrasiya ChatGPT ilə hazırlanıb

Hökumət korrupsiya cinayətləri barədə məlumat verən şəxslərə mükafat vəd edir. Bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə görə, məlumat öz təsdiqini taparsa, mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Mükafatın məbləğini şəxsin təqdim etdiyi hüquqpozmanın xarakteri, faktların sayı, vurulmuş zərər və digər bu kimi amillər müəyyən edəcək. Bundan əlavə, dövlət büdcəsinə ödənilməsi təmin edilmiş məbləğin və ya dövlətə ödənilmiş maddi ziyanın 5 faizinin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur.

Dövlət qurumlarına və şirkətlərə işçilər üçün anonim kanal yaradılması tələbi qoyulur

Qanun layihəsinin ən maraqlı tərəflərindən biri isə dövlət qurumları, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 işçisi olan digər hüquqi şəxslər üçün anonim kommunikasiya kanalı yaratmaq öhdəliyinin müəyyənləşdirilməsidir. Burada konfidensiallığın və anonimliyin təmin edilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların elektron qaydada ötürülməsi imkanları yaradılmalıdır.

Yeni layihəyə əsasən, məlumat verənlərin kimliyinin gizli saxlanılması təmin olunacaq.

Məlumat verən şəxs və ya onun yaxın qohumu korrupsiya faktı barədə məlumat verilməsi ilə əlaqədar həlak olarsa, onun ailəsinə 20 min manat məbləğində birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur. Əgər xəsarət alarsa, kompensasiya məbləği 10 min manat təşkil edəcək.

Millət vəkili Qüdrət Həsənquliyev komitə iclasında bu müavinətlərin az olduğunu bildirərək, məbləğin ən azı 150 min manata qədər artırılmasını təklif edib.

Hökumətin bu qanun layihəsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Hüquqşünaslar deyir ki, ölkədə adında “korrupsiya” kəlməsi olan qurumlar, qanunlar, strategiyalar, dövlət proqramları və fəaliyyət planları var. Onların fikrincə, illərdir bir sıra hüquqi aktlar və korrupsiyaya qarşı mübarizə aparan qurumlar mövcud olsa da, bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Əksinə, Azərbaycanın beynəlxalq Korrupsiyanı Qavrama İndeksindəki mövqeyi son sıralara qədər düşüb.

Hüquqşünaslar bildirir ki, belə bir qanun layihəsinin hazırlanması 2022-ci ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub. Lakin Fəaliyyət Planına görə, layihə 2024-cü ildə artıq hazır olmalı idi. Layihənin hazırlanmasının gecikməsi bir tərəfə, həmin il korrupsiya araşdırmaları aparan “Abzas Media”nın jurnalistləri həbs edilərək onlara ağır hökm oxundu. Korrupsiya araşdırmaları aparan bu jurnalistlər özləri saxta “qaçaqmalçılıq” ittihamı ilə “mükafatlandırıldılar”.

Bunun əksinə olaraq, korrupsiya cinayətlərinə görə həbs olunan məmurların isə bir müddətdən sonra azadlığa buraxıldığının şahidi oluruq.

Hüquqşünaslar deyir ki, Fəaliyyət Planında 2026-cı ildə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının elektron formada təqdim edilməsi üçün texniki işlərin yekunlaşdırılması nəzərdə tutulub. Bu minvalla, biz növbəti ildən etibarən vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsinin şahidi olmalıyıq. Bununla bağlı qanunda müvafiq müddəa illərdir qəbul edilib, lakin onun nə vaxt icra ediləcəyi barədə heç bir fikir səsləndirilmir.

Onlara görə, Azərbaycanda korrupsiya elə bir kök atıb ki, hər hansı qanunun qəbulunun işlək olacağı şübhə doğurur.

“Fit çalanların müdafiəsi haqqında qanun”

Hətta yeni qanun layihəsi ilə bağlı bir çox hökumətyönümlü və müstəqil ekspertlərin də sosial media hesablarında narazılıq doğuran rəylərinə rast gəlirik.

Hökumətyönümlü hüquq müdafiəçisi, Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov paylaşımında qanunu “Fit çalanların müdafiəsi haqqında qanun” adlandırıb. O yazıb ki, vaxtilə beynəlxalq təşkilatlar bu qanunun qəbulunu tövsiyə etsələr də, sonradan təxirə salınıb:

“2000-ci illərin əvvəllərində Azərbaycan korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni qanunlar və təsisatlar yaratmağa başlamışdı. Həmin dövrdə bir sıra ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq başlanmışdı. Xarici ekspertlər bizlərlə də görüşürdü. İngilis dilində ‘Whistleblower Protection Law’ adlanan qanunun adının hərfi tərcüməsi təxminən ‘Fit çalanların müdafiəsi haqqında qanun’ kimi səslənir.

O vaxt bu layihə qəbul olunmadı. Çoxsaylı obyektiv və subyektiv səbəblərə görə. İndi gündəliyə çıxarılıb. Alqışlayırıq.

Amma biz elə hər gün dövlət vəsaitinin mənasız yerlərə sərf olunması ilə bağlı statuslar yazırıq. Məsələn, ayda bir dəfə bəzi küçələrin kiçik bir hissəsinə köpük töküb gedirlər. Adı da koronavirusa qarşı mübarizədir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. 2020-ci ildə koronavirus təzə başlayanda Çində və bəzi ölkələrdə küçə və səkilərə dezinfeksiyaedici məhlul çilədilər və tezliklə bəlli oldu ki, tam mənasızdır. Amma bu bizimkilərin əlinə əla fürsət verib.

Mən ehtimal edirəm ki, bu işdə nəsə fit çalınası hal var. Qanun qəbul olunmamış fit çalıram. Mükafat da istəmirəm”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə yazır ki, qanun layihəsində uyğunsuzluq və məntiqsizliklər var. Onun sözlərinə görə, normal məhkəmə sistemi olan ölkədə belə bir qanuna ehtiyac yaranmaz. İqtisadçı deyir ki, vətəndaşın büdcə korrupsiyası barədə məlumatı və sübutu yoxdur. Bu baxımdan da bu qanun sadəcə qisasçılığa, iş yerlərində intriqaların yaranmasına və qruplaşmalara səbəb olacaq.

Onun fikrincə, sürətlə çalışan ədalətli məhkəmə sistemi bu məsələni “donosbazlarsız” da həll edə bilər:

“Əsas hədəfimiz müstəqil məhkəmə sistemi olmalıdır, bir çox məsələlər də o zaman həllini tapacaq. Korrupsiya elə bir cinayət növüdür ki, sübutların toplanması vacib məsələdir. Adi vətəndaş nə zaman sübut toplaya bilər? Həmin təşkilatda imza və ya səlahiyyət sahibi olsa! Bəs o nə zaman şikayət edə bilər? Bəli, onun payına nəsə düşməsə! Deməli, bu qanun layihəsi tam tərsinə, korrupsiyada maraqlı olanların dairəsini genişləndirəcək”.

Ana səhifə ▸ Xəbərlər ▸ Korrupsiyanı xəbər verənə pul: yeni qanun nə vəd edir?