İsrailin “Ari Arms” şirkəti Azərbaycanda M4 tüfənglərinin istehsalı üçün zavodun açılışını edib. İlkin müqavilə on milyonlarla dollar dəyərində on minlərlə tüfəngin istehsalını nəzərdə tutur. Razılaşmanın əsas şərtlərindən biri istehsalın tamamilə Azərbaycan ərazisində həyata keçirilməsidir. Bu addım Bakının yerli müdafiə sənayesini inkişaf etdirmək və xüsusilə Qərbdən yeni texnologiyalar əldə etmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
İsrailin “Globes” qəzetinin məlumatına görə, “Ari Arms” şirkəti ötən həftə Azərbaycanda tüfəng istehsal edəcək zavodunun açılışını keçirib. Mərasimdə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Ölkədə bu qəbildən ilk olan tədbirə müxtəlif yüksək vəzifəli şəxslərlə yanaşı, “Ari Arms” şirkətinin sahibləri Avihay Stolero, Ravid və Oren Ankonina da qatılıblar.
Azərbaycan hökumətinə məxsus olan və genişləndirilmiş müəssisədə ilk dəfə Qərb standartlarına uyğun M4 tüfəngləri istehsal ediləcək. İndiyədək həmin müəssisədə yalnız Kalaşnikov avtomatları istehsal olunub.
Yeni istehsal layihəsi “Ari Arms”, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Müdafiə Sənayesi Nazirliyi və ölkənin “Iqlim Scientific Production Enterprise” müəssisəsinin iştirakı ilə yaradılmış birgə müəssisə (Joint Venture) çərçivəsində həyata keçirilir.
“Globes” yazır ki, Azərbaycandakı layihə beynəlxalq müdafiə sənayesində yerli istehsalın inkişafına və xarici təchizatdan asılılığın azaldılmasına yönəlmiş tendensiyanın bir hissəsidir. “Ari Arms” Azərbaycanla yanaşı, Filippin və Albaniya kimi ölkələrlə də müqavilələr bağlayıb. Şirkətin hazırda yekunlaşdırmaq üzrə olduğu digər razılaşmaların da yerli istehsalı nəzərdə tuta biləcəyi bildirilir.
Şirkət istehsal imkanlarını genişləndirir
“Ari Arms” qabaqcıl atıcı silah sistemlərinin hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. Son ilyarım ərzində şirkətin əməkdaşlarının sayı üç dəfə artaraq təxminən 60 nəfərə çatıb. Eyni dövrdə istehsal gücü iki dəfədən çox artırılıb.
Şirkət fəaliyyətini yeni məhsullar, o cümlədən tapançalar istiqamətində genişləndirir. Bununla yanaşı, dəqiq atıcı silahlarının istehsalına maraq göstərir və İsrail Müdafiə Nazirliyinin bu istiqamətdə elan etdiyi tenderdə iştirak etmək üçün müraciət edib. Genişlənmə prosesinə baxmayaraq, şirkətin yaxın perspektivdə səhmlərini birjada satışa çıxarması gözlənilmir.
“Ari Arms”ın İsrailin müdafiə sistemi ilə ən diqqətçəkən əməkdaşlığı ötən ilin mayında İsrail Müdafiə Qüvvələrinin döyüş bölmələri üçün M4 tüfənglərinin tədarükü üzrə keçirilən tenderlə bağlıdır.
Tender prosesi ziddiyyətli keçib. Şirkət ilkin olaraq qalib elan edilsə də, bir ay sonra tenderdən kənarlaşdırılıb. Daha sonra yenidən müsabiqəyə qatılıb və nəticədə qalib gəlib.
İndi isə Azərbaycandakı layihə çərçivəsində İsrail şirkəti öz texnologiya və istehsal biliklərini ölkəyə gətirir. “Globes”in məlumatına görə, ilkin müqavilə on milyonlarla dollar müqabilində on minlərlə tüfəngin istehsalını nəzərdə tutur. Məqsəd Azərbaycanda Qərb istehsal standartlarının tətbiqinə nail olmaqdır.
Azərbaycan xarici şirkətlərdən yerli istehsal tələb edir
ADEX beynəlxalq müdafiə sərgisində müdafiə sənayesi naziri Vüqar Mustafayev zavodda hazırlanmış ilk M4 prototipini Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova təqdim edib.
Nazir dövlət başçısına layihənin detalları barədə məlumat verib və istehsal prosesini nümayiş etdirib.
“Azərbaycanın müdafiə sənayesi naziri sərginin qala tədbirindən istifadə edərək ölkədə fəaliyyət göstərmək istəyən şirkətlərin istehsalı yerli səviyyədə təşkil etməli olduğunu açıq şəkildə bildirdi”, — İsrailin aparıcı müdafiə sənayesi şirkətlərindən birinin yüksək vəzifəli nümayəndəsi “Globes”ə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin mövqeyi birmənalıdır: “Onların baxışına görə, biznes qurmağın başqa yolu yoxdur”.
Bu il ADEX sərgisində yalnız “Ari Arms” və İsrailin iri müdafiə sənayesi şirkətləri deyil, “Aeronautics”, “Plasan”, “UVision”, “Bagira” və “Bird” şirkətləri də iştirak ediblər.
İsrail iştirakı baxımından diqqət çəkən digər şirkət “Ondas” olub. Şirkətin müdafiə bölməsi olan “Ondas Defense Ltd.”nin qlobal prezidenti və idarə heyətinin sədri İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Dadi Barneadır.
Azərbaycan İsrail silahlarından artıq istifadə edir
İsrail müdafiə texnologiyalarının Azərbaycana gətirilməsi yeni proses deyil.
Ölkənin arsenalında “Elbit Systems” şirkətinin “Hermes 900” pilotsuz uçuş aparatları, “Israel Aerospace Industries” (IAI) şirkətinin “Barak MX” hava hücumundan müdafiə sistemləri və “Rafael” şirkətinin “Spike” seriyalı taktiki raketləri də yer alır.
“Globes” yazır ki, digər müştərilərdən fərqli olaraq, Azərbaycan son illərdə Ermənistanla qarşıdurmalar zamanı bu sistemlərin hamısından döyüş şəraitində istifadə edib.
Qəzetin məlumatına görə, Azərbaycan “Ari Arms” ilə birgə müəssisənin fəaliyyətindən razı qalacağı təqdirdə müqaviləni genişləndirə bilər. Bunun əsas səbəblərindən biri Bakının silah və hərbi texnikanın tam yerli istehsalına xüsusi əhəmiyyət verməsidir.
İstehsalın bütünlüklə Azərbaycan ərazisində həyata keçirilməsi İsrail şirkəti ilə bağlanan müqavilənin əsas şərtlərindən biri olub.
Azərbaycanın hədəfi Qərb texnologiyalarıdır
“Globes” qeyd edir ki, Azərbaycanın məqsədi sadəcə xaricdən texnologiya və bilik əldə etmək deyil, bunları xüsusilə Qərbdən əldə etməkdir.
Qəzet bu yanaşmanı Bakının Rusiyaya münasibətində baş verən dəyişikliklərlə də əlaqələndirir.
Məqalədə bildirilir ki, Azərbaycan uzun müddət Rusiyanı özünə təsir göstərən və bölgədə üstün mövqedə olan qonşu fövqəldövlət kimi qəbul edib. Lakin Prezident İlham Əliyevin son açıqlaması Bakının artıq bu yanaşmanı bölüşmədiyini göstərir.
Prezident Vladimir Putinə siyasi mesaj kimi qiymətləndirilən açıqlamasında İlham Əliyev deyib:
“ABŞ və Çin dünyada iki fövqəldövlətdir və üçüncüsü yoxdur.”