Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücum qeydə alınıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hücum oktyabrın 13-də saat 22:00 radələrindən başlayıb.
Qurum bildirir ki, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib və 100-dən artıq dövlət saytı hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yaranıb.
Xidmətin açıqlamasına görə, görülən texniki tədbirlər nəticəsində hücumun təsiri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hazırda kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlərin davam etdiyi bildirilir. Hücumu həyata keçirdiyi deyilən haker qruplaşmasının adı açıqlanmayıb.
Hücumun Türkiyə ilə əlaqəli olduğu iddia edilir
Sosial şəbəkələrdə kiberhücumun Türkiyə ilə əlaqəli ola biləcəyi barədə ehtimallar səsləndirilir. Bu iddialar son günlər Türkiyədə Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı tənqidlərin artdığı bir vaxta təsadüf edir.
Türkiyədə hakimiyyətə yaxın dini-mühafizəkar çevrələrin bir qismi Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətləri tənqid edib. Azərbaycanın İsraillə münasibətləri və bəzi beynəlxalq məsələlərdə tutduğu mövqe də Türkiyədə müzakirə və narazılıq doğuran mövzular sırasında olub.
Bu fonda Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz aksiyaları da keçirilib.
Azərbaycan tərəfi isə ölkənin dünyəvi dövlət olduğunu vurğulayaraq, təhsil siyasətinin siyasi müzakirə və təzyiq predmetinə çevrilməsini qəbuledilməz sayıb. Hakim Yeni Azərbaycan Partiyası da Türkiyədəki siyasi dairələrə Azərbaycanın daxili işlərinə müdaxilə etməmək çağırışı edib.
Bununla belə, kiberhücumun Türkiyə ilə əlaqəli olduğuna dair hər hansı rəsmi təsdiq yoxdur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hücumun xarici haker qruplaşması tərəfindən həyata keçirildiyini bildirsə də, konkret ölkə adı açıqlamayıb.