Azərbaycanda icbari psixiatriya “cəzası”

İllüstrasiya: U.P.SD\shutterstock

Son dövrlər ictimai rəydə deputat Elman Nəsirovun ilk nikahından olan qızı Laləzar Əliyevanın iddiaları geniş müzakirə edilir.

Laləzar Əliyevanın iddiasına əsasən, atası Elman Nəsirov ona maddi dəstək vermir. L. Əliyeva bildirir ki, atasından maddi dəstək ala bilmədiyi üçün boşandıqdan sonra uşaqları ilə birlikdə yaşamaq üçün normal yer tapa bilmir.

Deputat E. Nəsirov bu iddiaları təkzib edib. 

Deputatın keçmiş həyat yoldaşı Sevinc Əhmədova qızı L. Əliyevanın iddialarını dəstəkləyib. S. Əhmədova həmçinin iddia edib ki, o, deputat E. Nəsirovun qızına dəstək vermədiyi ilə bağlı danışanda onu məcburi olaraq psixiatrik müəssisəyə aparırlar:

“… Mənim üçün çətindir demək. Çünki mən danışanda məni gecəylə gəlib qapımı qırıb aparırlar dəlixanaya”), – Sevinc əhmədova Facebook-da paylaşdığı videoda belə deyir.

S. Əhmədovanın videosunda onun kim tərəfindən psixiatrik müəssisədə yerləşdirilməsi məsələsi dəqiq aydınlaşdırılmayıb. Lakin videoda deyilənlərdən belə qənaətə gəlmək olur ki, S. Əhmədova deputat E. Nəsirov haqqında danışdığı üçün deputatın sifarişi əsasında qanunsuz olaraq psixiatrik müəssisədə yerləşdirildiyini nəzərdə tutur və o, yenə eyni aqibətlə üzləşməkdən qorxur.

İctimaiyyətdə E. Nəsirovun övladına maddi dəstək göstərib-göstərməməsi məsələsi daha çox müzakirə edilsə də, Meydan TV E. Nəsirovun keçmiş arvadı S. Əhmədovanın deputatın sifarişi əsasında psixiatrik müəssisədə yerlşdirilməsi iddiası ilə bağlı araşdırma aparmağa üstünlük verir. Çünki S. Əhmədovanın bu iddiası deputatın səlahiyyətlərindən və nüfuzundan haqsız yerə istifadə etməsi və Azərbaycanda psixiatrik yardımın siyasi sui-istifadə ilə bağlı mövzunu aktuallaşdırır.

Psixiatrik yardımın siyasi sui-istifadəsi

Psixiatrik yardımın siyasi sui-istifadəsi (yaxud punitiv psixiatriya) fərd və ya qrupları insan hüquqları tələblərini sıradan çıxarmaq məqsədilə psixiatrik diaqnozun, hospitallaşdırmanın (yatızdırılmanın) və ya müalicənin bədniyyətlə və dövlətin zorakılıq gücü vasitəsilə istifadə edilməsi mənasına gəlir. Psixiatrik sui-istifadə psixiatrik yardıma ehtiyacı olmayan şəxslərə qəsdən psixiatrik diaqnoz qoyulması və bu minvalla onların psixiatrik müəssisələrdə (“ruhi dispanser”) məcburi yatızdırılmaya yaxud müalicəyə məruz qoyulması ilə həyata keçirilir. Belə tədbirlər adətən siyasi motivlərə görə edilir və məqsəd fərdləri insan hüquqları təminatlarından məhrum etməkdir.

Psixiatrik yardımın siyasi sui-istifadəsi dünyanın bir çox yerləri ilə yanaşı keçmiş SSRİ-də geniş yayılmış təcrübə idi. Sovet dövründə siyasi dissidentlər dəfələrlə psixiatrik müəssisələrdə məcburi yatızdırılıblar. Xüsusilə Leonid Brejneyevin SovİKP-nin baş katibi olduğu dövrdə psixiatrik müəssədə məcburi yatızdırılma sovet quruluşuna qarşı mövqeyini açıq şəkildə bəyan edən dissidentlərə qarşı geniş istifadə edilib.

“Sovet İttifaqında psixiatriyanın siyasi məqsədlərlə istifadəsi” adlı məqalədə qeyd olunur ki, “Leonid Brejnev baş katib olduğu dövrdə psixiatriya Sovet dissidentlərini — yəni rəsmi ideologiyaya zidd fikirlərini açıq şəkildə ifadə edən şəxsləri — cəmiyyətdən təcrid etmək və fəaliyyətini dayandırmaq vasitəsi kimi istifadə olunurdu”.

Human Rights Watch / Helsinki Watch təşkilatlarının “The Legacy of Psychiatric Abuse in the USSR” (“”SSRİ-də psixiatrik istismarın mirası””) adlı hesabatında qeyd olunur ki, “məcburi psixiatriya” sovet dövründə dissidentlərə qarşı sistematik şəkildə cəza vasitəsi kimi tətbiq olunurdu.

1991-ci ildə Sovet rejimi dağıldıqdan sonra psixiatrik müəssisədə məcburi yerləşdirmə təcrübəsi bir müddət səngisə də, post-sovet ölkələrinin bir çoxunda avtoritarizm oturuşduqdan sonra sui-istifadə halları təkrarlanmağa başlayıb. Türkmənistan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrində ruhi dispanserdə məcburi yatızdırılma siyasi həbslə yanaşı müxaliflərə qarşı gen-bol istifadə edilir.

Hazırda Belarusda Lukaşenko rejiminin də 2021-ci ilin seçkilərinin nəticələrini saxtalaşdırdıqdan sonra siyasi müxaliflərə qarşı ruhi dispanserə salma praktikasından istifadə etməyə davam etməsi barədə məlumatlar var.

Qeyd edək ki, Azərbaycanda da müxaliflərin və sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şəxslərin psixiatrik müəssisələrdə əsassız olaraq yatızdırılması halları mövcuddur. 2020-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov məcburi olaraq psixiatrik müəssisədə yerləşdirilmişdi. 

2022-ci ildə isə hakimiyyəti ardıcıl və sərt tənqid edən paylaşımları ilə tanınan ictimai xadim Əli Azərli Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, Bakı şəhəri 2 saylı Psixiatrik Kliniki Xəstəxanasına yerləşdirilib. Yerli insan hüquqları təşkilatları onun barəsində qərarın siyasi sifariş olduğunu qeyd ediblər. 

2023-cü ildə psixoloji dispanserdə əsassız yatızdırılma ilə bağlı növbəti insident yaşanıb. 3 saylı uşaq evində yaşayan yeniyetmə həmin uşaq evində baş verən yeyinti hallarını tənqid edən videoşikayət yaydıqdan sonra psixiatriya müəssisəsinə salınıb.

 Sui-istifadənin gender aspekti

Ruhi dispanserə salınma halları sadəcə siyasi motivli işlərlə məhdudlaşmır. Əsassız icbari hospitalizasiya təcrübəsinə gender əsaslı diskriminasiya işləri də aiddir. Azərbaycanda ailələr, xüsusilə imkanlı olanlar, “ənənəvi həyat tərzi”nə uyğun davranmayan gənc qızları və LGBTIQ+ uşaqları qanunsuz olaraq psixiatrik müəssisələrdə yerləşdirirlər. Belə hallarda psixiatrik müəssisələr və təcili yardımın psixiatrik briqadaları hakim gender qaydalarına “riayət etməyən” yeniyetmələrin tutulması və öz iradələrinə zidd psixiatrik müəssisəyə salınmasında belə ailələrə yardım göstərirlər. Bu tipli işlərdə təcrübəsi olan insan hüquqları üzrə ixtisaslaşmış hüquqşünas Səməd Rəhimli bildirir ki, psixiatrik müəssisələrin bu cür hərəkətləri korrupsion xarakter daşıyır və onlar ailələrdən bu məqsədlə “rüşvət alırlar”. 

Hüquqşünasın sözlərinə görə, psixiatrik müəssisədə yerləşdirilən gənc qadınlar və LGBTIQ+ fərdlərə hədə altında akt imzalatdırılır. Həmin aktda onların psixi dispanserdə yerləşdirməni könüllü qəbul etdikləri qeyd edilir. Bununla da psixiatrik müəssisələrin rəhbərliyi icbari yatızdırılma faktını gizlətməyə çalışır. Bu cür hospitalizasiyanın məqsədi belə yeniyetmələrin dominant adət-ənənələrə davranışını uyğunlaşdırmaq məqsədi daşıyır və hər hansı tibbi əsaslandırması yoxdur.

BMT-nin Haqsız Həbslər üzrə İşçi Qrupunun (Working Group on Arbitrary Detention) Azərbaycanda fakt-araşdırma missiyasının 2016-cı il üzrə bəyanatında icbari tibbi hospitalizasiyaya dair qanunvericilik boşluqları tənqid edilir. İşçi Qrup müəyyən edib ki, belə müəssisələrdə məcburi hospitalizasiya müddəti uşaqlar üçün 10-15 ilə, qadınlar üçün 20-25 ilə qədər çəkə bilər. Buna əsasən İşçi Qrup bu müddətlərin mental problemi olan şəxslər üçün ömürlük həbsə bərabər hal olduğu və beynəlxalq standartlarla uzlaşmadığı qənaətinə gəlib. BMT-nin İşçi Qrupu onu da müşahidə edib ki, qadınların saxlanıldığı psixiatrik müəssisələrdə saxlanma şəraiti qeyri-gigiyenikdir və oradakı qadınların çoxu iradələrinə zidd saxlanılmağa davam edir.

Psixiatrik müəssisədə məcburi saxlanılmağın hüquqi əsasları

Psixiatrik müəssisələrdə qeyri-könüllü (iradəsinə zidd) hospitallaşdırma məsələsi “Psixiatriya yardımı haqqında” Qanunla tənzimlənir. 

Həmin Qanunun 11-ci maddəsi qeyri-könüllü müalicənin üç əsasını müəyyənləşdirir:

1) psixi pozuntusu olan şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması;

2) şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması;

3) ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi.

Həmin Qanun müəyyən edir ki (maddə 26), şəxsin qeyri-könüllü psixiatrik müəssisədə yerləşdirilməsi məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəməyə belə ərizə ilə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri müraciət edə bilər.

Mülki Prosessual Məcəlləyə əsasən (maddə 337) işə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər. 

Qeyd edilən Qanun psixi dispanserdə saxlanılmanın konkret müddətini müəyyənləşdirmir. Qanuna görə (maddə 28) şəxs, yalnız qeyri-könüllü hospitallaşdırmaya əsas verən şərtlərin qaldığı müddətdə psixiatriya stasionarında saxlanılır. Bununla yanaşı, həmin Qanun şəxsin ayda bir dəfə müayinədən keçirilməsini nəzərdə tutur. Əgər müayinə altı aydan çox çəkərsə belə müayinə üç aydan bir keçirilə bilər. Müalicə başladıqdan sonra hər 6 aydan bir məhkəmə müalicə müəssisəsinin müraciəti əsasında psixi dispanserdə saxlanılmanın uzadılması məsələsinə baxa bilər.

Hüquqşünas S. Rəhimli qeyd edir ki, qanunvericilikdəki təminatlara baxmayaraq praktikada vəziyyət tamamilə başqadır. Şəxslər çox vaxt məhkəmə qərarı olmadan müəssisədə saxlanırlar. Onlara zorla könüllü yatızdırılma barədə akt imzalatdırılır. Onun sözlərinə görə könüllü yatızdırılma ilə bağlı aktı imzalamaqdan imtina edən şəxslər daha ağır şəraiti olan narkoloji müəssisədə yatızdırılmaqla hədələnirlər. Bu halda köməksiz vəziyyətdə olan şəxslər belə aktı imzalamağa məcbur olurlar. Bundan sonra, müəssisədə saxlanılan şəxslərin ətrafla əlaqəsi kəsilir. Onlar hüquqi yardım ala bilmədikləri üçün müəssisədə saxlanılmaqdan çox vaxt məhkəməyə şikayət edə bilmirlər. Psixiatrik yardım məsələləri ilə bağlı məsələlər adətən gündəmdə olmadığı üçün belə müəssisələrdə siyasi motivlə və yaxud gender diskriminasiyası əsasında yerləşdirilən şəxslər hüquqi təminatdan məhrum olurlar. Psixiatrik icbari hospitallaşdırma faktiki olaraq müddətsiz icbari həbs cəzasına çevrilir.

Ana səhifəXəbərlərAzərbaycanda icbari psixiatriya “cəzası”