2026-cı ildə Azərbaycanın qızıl aktivlərinin satılması və dünyada neft-qaz qiymətlərinin bahalaşması ölkənin tədiyə balansına müəyyən qədər təsir göstərib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübü üzrə tədiyə balansının kəsiri 323 milyon dollar olub. Qlobal enerji bazarında baş verən dəyişikliklər tədiyə balansındakı kəsirin ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalmasına gətirib çıxarıb.
Cari ilin I rübündə neft-qaz qiymətlərinin bahalaşması cari əməliyyatlar balansında 1,7 milyard dollar profisit yaranmasına təkan verib. Neft-qaz gəlirlərində 4,1 milyard dollar profisit yarandığı halda, “digər bölmələr”də 2,4 milyard dollar kəsir yaranıb. Mərkəzi Bank bildirir ki, bu dövrdə xam neftin orta qiyməti 79,5 dollar/barel olub. Bu da dövlət büdcəsində hesablanan 65 dollar/barel baza qiymətindən 14,5 dollar çoxdur.
Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4,4 milyard dollar təşkil edib. Ümumilikdə, xidmətlər balansında 590 milyon dollar kəsir yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə kəsir 21,6 faiz azalıb.
Neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri 440 milyon dollar, qeyri-neft-qaz sektoru üzrə isə 148,8 milyon dollar olub.
AMB hesabatında qeyd edilir ki, 2026-cı ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 16,6 faiz azalıb. Belə ki, yanvar-mart aylarında turizm xidmətlərinin dövriyyəsi təxminən 626 milyon dollar olub. Bunun 316,7 milyon dollarını ixrac, 310,2 milyon dolları isə idxal xərcləri təşkil edib. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3,5 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4,7 faiz azalıb.
Ölkəyə göndərilən pul baratlarının həcmi 29,4 faiz artaraq 297 milyon dollar, ölkədən köçürülən pulun həcmi isə 7,8 faiz azalaraq 104 milyon dollar təşkil edib. Nəticədə pul baratları üzrə 193 milyon dollar müsbət saldo yaranıb.
Maliyyə məsələləri üzrə hüquqşünas Pərviz Məmmədov “Facebook” hesabında I rüb üzrə tədiyə balansının xarici investorlar üçün nə dərəcədə cəlbedici olmasından yazıb. O qeyd edib ki, makro sabitlik var, amma investisiya hekayəsi hələ də əsasən neft-qaz üzərində dayanır:
“Başqa sözlə, Azərbaycan country risk baxımından “problemli bazar” kimi görünmür. Valyuta ehtiyatları güclüdür, cari hesab profisitdədir, xarici ödəniş və repatriasiya riski qısamüddətli dövrdə aşağı görünür.
Amma əsas sual başqadır: Bu sabitlik qeyri-neft sektorunda real investisiya hekayəsinə çevrilibmi? Hələ tam yox.
2026-cı ilin I rübündə cari əməliyyatlar balansı 1,664 mlrd. dollar profisit verib. Bu, ÜDM-in 9,5 faizi deməkdir. Strateji valyuta aktivləri isə 85,2 mlrd. dollara çatıb. Bu rəqəmlər xarici investor üçün müsbət siqnaldır. Çünki ölkənin xarici valyuta qazanma qabiliyyətinin və maliyyə təhlükəsizlik yastığının hələ də güclü olduğunu göstərir. Amma profisitin keyfiyyətinə baxanda mənzərə dəyişir.
Neft-qaz sektoru üzrə cari hesab profisiti 4,135 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə isə 2,471 mlrd. dollar kəsir olub.
Yəni ölkə valyuta qazanır, amma bu valyutanı hələ də əsasən neft-qaz sektoru yaradır.
Xarici ticarətdə də eyni mənzərə var. Ümumi ticarət balansı 2,039 mlrd. dollar profisit versə də, qeyri-neft-qaz sektorunda 2,694 mlrd. dollar kəsir qeydə alınıb.
Qeyri-neft ixracının 9,5 faiz artaraq 812,7 mln. dollara çatması yaxşı siqnaldır. Amma qeyri-neft idxalının da 7,7 faiz artaraq 3,506 mlrd. dollar olması göstərir ki, qeyri-neft iqtisadiyyatı hələ valyuta qazanan yox, daha çox valyuta xərcləyən blokdur”.
Hüquqşünas onu da yazır ki, ən maraqlı məqam qeyri-neft siqnalı nəqliyyat və logistika sahəsindən gəlir.
“Xidmətlər balansı hələ də mənfidir: -590,3 mln. dollar. Amma kəsir əvvəlki illə müqayisədə 21,6 faiz azalıb. Nəqliyyat xidmətləri üzrə profisit isə 54,4 faiz artaraq 0,5 mlrd. dollara çatıb.
Bu, çox vacib göstəricidir.
Çünki Azərbaycan qeyri-neft sektorunda “istehsal ixracçısı” olmaqdan əvvəl daha real olaraq regional logistika, tranzit, liman, dəmir yolu və supply chain platforması kimi investor üçün inandırıcı görünə bilər”, – deyə P.Məmmədov qeyd edir.
Ekspert əlavə edir ki, birbaşa xarici investisiya tərəfində isə struktur problemi qalır:
“Birinci rübdə ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 1,7 mlrd. dollar olub. Amma bunun 77 faizi neft-qaz sektorunun payına düşür. Qeyri-neft-qaz sektoruna cəlb edilən birbaşa xarici investisiya isə cəmi 0,4 mlrd. dollar olub və 1,5 faiz azalıb.
Bu, xarici investor üçün əsas xəbərdarlıqdır: Azərbaycan xarici kapital cəlb edir, amma bu kapitalın böyük hissəsi hələ də klassik enerji modelinə bağlıdır. Qeyri-neft sektoruna böyük, sistemli və təkrarlanan FDI axını hələ görünmür.
Kapital repatriasiyası isə ikili siqnaldır. Bir tərəfdən, xarici investor qazancını və kapitalını ölkədən çıxara bilir. Bu, repatriasiya mexanizminin işlədiyini göstərir. Digər tərəfdən, ölkəyə daxil olan kapitalın ciddi hissəsinin yenidən çıxması uzunmüddətli reinvestisiya iştahının zəif ola biləcəyini göstərir.
Portfel investor üçün də siqnal ehtiyatlıdır. Portfel investisiyaları üzrə xalis xarici maliyyə öhdəliklərinin 2,013 mlrd. dollar azalması kapital bazarlarının hələ dərin, likvid və geniş investor bazasına malik olmadığını göstərir”.
P.Məmmədov əlavə edir ki, Azərbaycan xarici investor üçün makro baxımdan sabit, amma struktur baxımdan hələ dar investisiya bazarıdır.