Rusiya və Ukrayna avqustun 5-də qarşılıqlı hava hücumları həyata keçirib. Kiyev bildirib ki, Rusiya ordusunun raket və dron zərbələri nəticəsində azı 17 nəfər ölüb, 44 nəfər yaralanıb. Ukrayna hakimiyyəti hücumların Kiyev və digər bölgələrdə yaşayış binalarına və mülki infrastruktura ziyan vurduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, zərbələr Ukraynadakı hərbi sənaye obyektlərinə, logistika mərkəzlərinə və pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı infrastruktura yönəlib. Moskva həmçinin Ukrayna dronlarının Rusiya ərazisindəki obyektlərə hücum etdiyini açıqlayıb. Bu hücumlar zamanı Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın Tula vilayətində yerləşən Vayldberriz (Wildberries) anbarına mərkəzinə zərbə endirdiyi bildirilib. Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində anbarda yanğın baş verib, bir nəfər yaralanıb. Bu, son həftələrdə Wildberries obyektlərinə qarşı həyata keçirilən silsilə hücumlardan biridir. Ümumilikdə, iyulun ortalarından etibarən Ukrayna Wildberries-in 20-dən çox anbarına zərbə endirib.
Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib ki, Wildberries kimi böyük şirkətlərə zərbə vurulması Rusiyanın iqtisadiyyatına təsir göstərə bilər. Onun sözlərinə görə, şirkətin maliyyə problemləri yalnız Wildberries-in özünə deyil, onunla işləyən yüz minlərlə satıcıya və iri banklara da təsir edə bilər. Podolyak iddia edib ki, şirkətin böyük kredit öhdəlikləri var və Wildberries-in zəifləməsi Rusiyanın bank sektoru üçün əlavə risklər yarada bilər. Ukrayna tərəfi həmçinin bu kimi Rusiya şirkətlərinin hərbi təchizat zəncirində rol oynadığını bildirir. Moskva isə bu ittihamları rədd edir.
Wildberries Rusiyanın ən böyük elektron ticarət platformalarından biridir. Şirkətin daxil olduğu RVB qrupunun məlumatına görə, 2025-ci ildə platforma üzərindən həyata keçirilən satışların ümumi həcmi 6,1 trilyon rubl (təxminən 78 milyard dollar) təşkil edib. Şirkət həmin il 175 milyard rubl (təxminən 2,2 milyard dollar) xalis gəlir açıqlayıb. Bu rəqəmlər Wildberries-in Rusiyanın elektron ticarət bazarında böyük paya malik olduğunu göstərir. Bununla belə, ekspertlər şirkətin real maliyyə vəziyyətini tam qiymətləndirməyin çətin olduğunu bildirirlər. Səbəb şirkətin maliyyə hesabatlarını rəqibi Ozon qədər geniş açıqlamamasıdır. Rusiyanın elektron ticarət bazarında Wildberries-in payı təxminən 45 faiz, Ozon-un payı isə 32 faiz civarında qiymətləndirilir.
Wildberries və Ozon son illərdə Rusiyada elektron ticarətin əsas kanallarından birinə çevrilib. Ekspertlər hesab edir ki, bunun səbəblərindən biri 2022-ci ildən sonra Rusiyada pərakəndə bazarın dəyişməsi olub. Qərb şirkətlərinin bir hissəsinin Rusiya bazarından çıxmasından sonra Moskva paralel idxala icazə verib. Bu proses istehlak mallarının ölkəyə gətirilməsində onlayn ticarət platforması rolunu artırıb. Rusiya bazarında bu platformalar həm də yüz minlərlə satıcı üçün əsas satış kanallarından birinə çevrilib. Data Insight şirkətinin məlumatlarına görə, müxtəlif platformalarda fəaliyyət göstərən aktiv satıcıların sayı 500-700 min nəfər arasında qiymətləndirilir. Onlayn ticarət platforması eyni zamanda yüz minlərlə insan üçün gəlir mənbəyi yaradıb.
Wildberries anbarlarına edilən hücumlar nəticəsində minlərlə satıcının malları məhv olub və ya istifadəyə yararsız vəziyyətə düşüb. Şirkət rəhbərliyi zərər çəkmiş satıcılar üçün kompensasiya mexanizminin hazırlandığını bildirib. Bununla belə, Wildberries-in müqavilə şərtlərində “qarşısıalınmaz hallar” zamanı yaranan zərərlərə görə məsuliyyəti məhdudlaşdıran müddəaların olduğu qeyd olunur.
Şirkət satıcılara tam kompensasiya ödəmək öhdəliyinin olmadığını bildirib və dəstək ödənişləri etdiyini açıqlayıb. Lakin bəzi satıcılar verilən ödənişlərin real itkiləri tam qarşılamadığını deyirlər.
Wildberries rəhbərliyi anbarların müdafiə sistemləri ilə təchiz olunduğunu və hücumların böyük hissəsinin qarşısının alındığını bildirib. Bununla belə, nəhəng ölçülü logistika mərkəzlərini tam qorumağın çətin olacağı bildirilir. Davam edən hücumlar Wildberries üçün yalnız logistika problemi deyil, həm də maliyyə dayanıqlığı məsələsinə çevrilib. Şirkətin borc yükü, satıcılarla bağlı öhdəlikləri və banklarla münasibətləri qarşıdakı dövrdə əsas müzakirə mövzularından biri olacaq.