15 sutkalıq həbsdən çıxmış dini inanclı fəaldan yenə xəbər yoxdur

Samid Hüseynov – Foto: Arzu Abdullanın Facebook səhifəsi

Dini inanclı fəal Samid Hüseynovun ailəsi iki gündür ondan heç bir xəbər ala bilmir.

Həyat yoldaşı Arzu Hüseynovanın Meydan TV-yə bildirdiyinə görə, sonuncu dəfə onunla avqustun 3-də əlaqə saxlayıb. O vaxtdan bəri ailə Samid Hüseynovun harada olması və vəziyyəti barədə məlumat ala bilmir.

“Samidlə danışanda, mənə dedi ki, ona iş təklifi gəlib, gedib baxacaq. Saat 11 olardı. Sonuncu danışığımız oldu”, – Arzu Hüseynova deyib.

Həyat yoldaşının sözlərinə görə, Samid Hüseynovu axtarmaq üçün Lənkərandan Bakıya gəlib. O, burada polisə müraciət edib, lakin aidiyyəti qurumlar ona Samid Hüseynovun harada olması və vəziyyəti barədə məlumat verməyib.

“Samidi axtarmaq üçün Lənkərandan Bakıya gəlmişəm. Lakin aidiyyəti qurumlar mənə məlumat vermir. Çox nigaranam”, – Arzu Hüseynova bildirib.

Həyat yoldaşının sözlərinə görə, ailə Lənkəranda yaşayır, Samid Hüseynov isə Bakının Ramana qəsəbəsində tikintidə işləyir.

Samid Hüseynovla bağlı oxşar hadisə 2026-cı il iyunun 22-də də baş vermişdi. Ailəsi bir neçə gün ondan xəbər ala bilməmiş, sonradan isə onun polis tərəfindən saxlanıldığını və xuliqanlıq maddəsi ilə 15 sutka inzibati həbs cəzası aldığını öyrənmişdi. Arzu Hüseynova həmin vaxt Samid Hüseynovun həbsinin Aşura ərəfəsinə təsadüf etdiyini və bunu səbəbsiz hesab etmədiklərini bildirmişdi.

Samid Hüseynov 2022-ci ilin iyulunda Ramana qəsəbəsində Aşura ilə bağlı qara bayraq asması ilə əlaqədar saxlanılmış və 30 sutka inzibati həbs cəzası almışdı. Ailəsi həmin vaxt da onun bir neçə gün yerindən xəbərsiz qaldığını demişdi. Daxili İşlər Nazirliyi isə onun saxlanılmasını “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinin pozulması ilə əsaslandırmışdı.

Daha sonra, 2023-cü ildə Samid Hüseynov narkotik ittihamı ilə saxlanılıb və məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ailəsi ittihamların saxta olduğunu və onun dini baxışlarına görə təqib edildiyini bildirib. Rəsmi qurumlar isə onun konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edildiyini açıqlayıb.

İnsan haqları təşkilatlarının hesabatlarında Azərbaycanda dini inanclı şəxslərin də daxil olduğu siyasi məhbus siyahıları təqdim olunur. Hakimiyyət nümayəndələri isə ölkədə heç kimin dini və ya siyasi baxışlarına görə təqib edilmədiyini, insanların yalnız törətdikləri hüquq pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

Ana səhifəSiyasət15 sutkalıq həbsdən çıxmış dini inanclı fəaldan yenə xəbər yoxdur