Azər Qasımlının məhkəməsində zərəçəkmiş kimi tanınan şəxslə şahidi arasında mübahisə düşüb

Azər Qasımlı. illüstrasiya: Meydan TV

Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri, siyasətçi Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib. 

Prosesə hakim Telman İsmayılov sədrlik edib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Məhkəmə iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, budəfəki prosesdə müdafiə tərəfinin şahidi Nəriman İsmayıl dindirilib. Onların sözlərinə görə, Nəriman İsmayl bildirib ki, Qurbanəli Yusifov Azər Qasımlıya borclu olduğu barədə qəbz imzalayıb və borcunu hissə-hissə ödəməyə razılaşıb.

Qurbanəli Yusifov bundan öncəki məhkəmədə qəbzi hədə-qorxu ilə imzaladığını bildirib.

Şahid Nəriman İsmayıl qeyd edib ki, qəbz imzalandıqdan sonra biz Qurbanəli Yusifovla yeməyə getdik. Onun yeməkdə bu barədə danışmaması qəribədir.

Bundan sonra zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun dostu Fikrət Məmmədov dindirilib.

Bildirilir ki, onun ifadəsi çox ziddiyətli idi. Onun sözlərinə görə, Qurbanəli Yusifov da Azər Qasımlıya borcu olduğunu etiraf edib. Lakin məhkəmə iclasında Fikrət Məmmədov ifadəsini bir qədər fərqli şəkildə təqdim edərək, Yusifovun “Azər Qasımlı məni narahat edir” dediyini bildirib. Hakim “narahat edir” ifadəsinin mənasını dəqiqləşdirmək istədikdə, şahid bunun “təhdid” anlamında söyləndiyini qeyd edib.

Azər Qasımlının vəkili Rövşanə Rəhimova şahidə istintaqla məhkəmədə verdiyi ifadələr arasındakı fərqin səbəbini soruşsa da, Məmmədov bu suala aydın cavab verə bilməyib.

Hakimin “Qurbanəli Yusifovu haradan tanıyırsınız?” sualına cavabında isə o, Qurbanəli Yusifovu yalnız məktəb illərindən tanıdığını deyib. Bu anda Yusifov araya girərək, “Əgər münasibətimiz olmayıbsa, niyə mənə vəkil tutmusan?” sualı ilə ona etiraz edib. Məmmədov bunu inkar edib və tərəflər arasında qısa mübahisə yaranıb.

Növbəti məhkəmə prosesi noyabrın 19-na təyin edilib.

Ana səhifəTövsiyəAzər Qasımlının məhkəməsində zərəçəkmiş kimi tanınan şəxslə şahidi arasında mübahisə düşüb