Azərbaycanlı aktyor Berlində Tofiq Yaqublunun azad olunmasını tələb edib

Foto: Əfqan Muxtarlı

Aktyor “Tofiq Yaqubluya azadlıq”, “Öldürmə”, “Azad et” şüarları yazaraq, plakatları səfirliyin darvazasına yapışdırıb

ADO teatrının qurucusu, hazırda Almaniyada mühacirətdə olan aktyor Elmin Bədəlov bu gün Azərbaycanın Berlindəki səfirliyi qarşısında aksiya keçirib.

O, artıq 39-cü gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun azad olunmasını tələb edib.

Foto: Əfqan Muxtarli

“Artıq bütün sözlərimizi demişik, bütün etirazlarımızı etmişik, amma bizi eşitmək istəmirlər <…> Humanizmi yadınıza salmaq istəyirəm və demək istəyirəm ki, bu dəhşətli hadisənin qarşısını almaq lazımdır, əks halda çox gec ola bilər. Burada bir vətəndaşın taleyindən söhbət gedir, kim olmağından asılı olmayaraq – bu, ədəbiyyatçıdı, şairdi, aktyordu, fərqi yoxdur. Bu, böyük ölkədən söhbət gedir. Ölkədə hər cür insan olur. Ölkədə etiraz edən də olmalıdır, əgər prezidentdirsə, prezidenti tənqid də etməlidirlər. Kimisə tərif edər, kimisə tənqid. Bu, son həddir, belə olmaz. Bir vətəndaş ölür və bu vətəndaşın ölümünün qarşısını almalıyıq. Yoxsa bütün vətəndaşların taleyi sual altına düşür”, – Elmin Bədəlov özünün səfirlik qarşısındakı video-müraciətində belə deyib.

Aktyor “Tofiq Yaqubluya azadlıq”, “Öldürmə”, “Azad et” şüarları yazaraq, plakatları səfirliyin darvazasına yapışdırıb.

Bu gün Tofiq Yaqublunun qızı Nigar Həzi də atasının yerləşdirildiyi müalicə müəssisənin önündən canlı yayım açaraq, ölkə ictimaiyyətinə müraciət ünvanlayıb. Onun əsas həkim Adil Qeybullanın Tofiq Yaqublunun yanına buraxılması tələbi bu gün cavabsız qalıb.

Bununla belə, Nigar Həzi özünün Facebook hesabında paylaşdığı postda Tofiq Yaqublu ilə bir neçə dəqiqə ərzində telefonla danışa bildiyini yazıb.

“Nəhayət ki, ata ilə danışdım. Telefon günümüz olmasa da, bir neçə dəqiqə səsini eşitmək imkanı yaradıldı. Narahat olan hər kəsə təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun”, – Nigar Həzi yazıb.

Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

Bu, Tofiq Yaqublunun ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Dünən, mayın 8-də siyasi və ictimai xadimlər həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Yaqublunun vəziyyəti ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıblar.

Həkim Adil Qeybulla, şair, VHP sədri Sabir Rüstəmxanlı, bəstəkar Cavanşir Quliyev, jurnalist Qulu Məhərrəmli, deputat Erkin Qədirli və başqalarının imza atdığı müraciətdə bildirilir ki, Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyasının yaratdığı fiziki-psixoloji fəsadlar onun həyatını real təhlükə altına alır.

“Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”, – müraciətdə deyilir.

Ana səhifəXəbərlərAzərbaycanlı aktyor Berlində Tofiq Yaqublunun azad olunmasını tələb edib