AXCP fəalının aclıq aksiyasını dayandırdığı bildirilir

Illustration: Meydan TV

Partiya hesab edir ki, Niyaməddin Əhmədov günahsızdır və azad edilməlidir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri – partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov saxlandığı cəzaçəkmə müəssisəsində aclıq aksiyasını dayandırıb.

Onun təzyiqlərə etiraz olaraq, iki həftədən çox idi ki, aclıq etdiyi bildirilirdi.

AXCP fəalının martın 27-də aclıq aksiyasını dayandırdığı bildirilir.

Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

Niyaməddin Əhmədov aclığın 16-cı günündə aksiyanı dayandırıb. İrəli sürülən tələblərin bir hissəsi yerinə yetirilib. Niyaməddin bəyin heç bir günahı yoxdur. Heç bir cinayət törətmədiyi halda, illərdir həbsdə saxlanılır. Üstəlik, həbsdə də zorakılığa məruz qalır. İşıqlı bir gəncin ömrü məhbəsdə çurüdülməməlidir, azad edilməlidır”, – AXCP-dən bildirilib.

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Niyaməddin Əhmədov iki həftə əvvəl cəzalandırılaraq, “kars”a salınmışdı.

Məlumata görə, ona 6 günlük “kars” cəzası verilməsinin səbəbi cibindən hökuməti tənqid edən şeirin tapılması olmuşdu.

AXCP fəalının əsassız cəzalandırılmasına etiraz olaraq, “kars”a salındığı gündən etiraz olaraq, aclığa başladığı bildirilirdi:

“”Kars”da olduğu müddətdə quru aclıq edib, su da içməyib. Çıxandan sonra su içsə də, aclığı davam etdirib”.

Meydan TV-nin Niyaməddin Əhmədovun aclıq etməsi, təzyiqlərə məruz qalması barədə sorğusuna Penitensiar Xidmətdən cavab almaq mümkün olmayıb.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir.

Öncə ona karantin rejimi qaydalarını pozma iddiasıyla 30 sutka inzibati həbs cəzası verilib.

Bu cəza başa çatan gün isə haqqında cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

İddia olunub ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən Qabil Məmmədov terror məqsədilə Bakıya pul göndərib.

Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak etsin.

Niyaməddin Əhmədov isə bu ittihamın absurd olduğunu, Qabil Məmmədovla eyni kənddən olmalarından istifadə edib, belə bir saxta ittiham quraşdırıldığını deyir.

Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qaldığını deyən AXCP fəalının sözlərinə görə, həbsinin əsl səbəbi partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmasıdır.

O vurğulayıb ki, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi etiraz aksiyasında Əli Kərimli tutularkən sona qədər onu tək buraxmadığına görə cəzalandırılıb.

Ana səhifəSiyasətAXCP fəalının aclıq aksiyasını dayandırdığı bildirilir