“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı və “Human Rights House Foundation” (HRHF) hüquq müdafiəçisi Anar Məmmədlinin 13 il müddətinə azadlıqdan məhrum edilməsini tənqid edən bəyanatlar veriblər.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, Anar Məmmədli törətmədiyi cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilib. Onun sözlərinə görə, proses zamanı hüquqları kobud şəkildə pozulub və bu iş “Toplum TV işi” üzrə mühakimə olunan doqquz şəxsin məhkəməsindəki yanaşmanı xatırladır.
“Bu hökmlər göstərir ki, hökumətin sui-istifadə hallarını ifşa edən və Prezident İlham Əliyevin ailəsinin maraqlarına meydan oxuyan jurnalistlər və digər tənqidçilər ciddi şəkildə cəzalandırılırlar”, – Mari Strazers deyib.
Strazers hesab edir ki, son hökmlər Azərbaycanda hakimiyyətin sui-istifadə hallarını araşdıran və tənqid edən jurnalistlərə, hüquq müdafiəçilərinə və digər müstəqil səslərə qarşı sərt mövqeyini göstərir.
“Amnesty International” bildirir ki, Azərbaycanda tənqidi QHT-lərə və müstəqil mediaya qarşı məhdudiyyətlər son illərdə daha da sərtləşib. Təşkilat Azərbaycanın beynəlxalq tərəfdaşlarını ölkədə artan repressiyalara göz yummamağa çağırıb.
Təşkilat həmçinin Anar Məmmədlinin və yalnız insan hüquqlarından dinc şəkildə istifadə etdiklərinə görə həbs olunan digər şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.
Human Rights House Foundation təşkilatının bəyanatında isə bildirilir ki, Məmmədlinin uzunmüddətli həbs cəzası onun illərdir həyata keçirdiyi hüquq müdafiəçiliyi və seçki müşahidəsi fəaliyyəti ilə əlaqəlidir. HRHF hesab edir ki, ona qarşı irəli sürülən ittihamların arxasında siyasi motivlər dayanır.
Təşkilatın direktoru Maria Dahle Məmmədlinin təxminən 30 ildir Azərbaycanda insan hüquqları və demokratik proseslərlə bağlı fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, Məmmədli daha əvvəl də siyasi motivli təqiblə üzləşib və təxminən iki il yarım həbsdə saxlanıldıqdan sonra 2016-cı ildə azadlığa buraxılıb.
HRHF qeyd edir ki, Məmmədli azadlığa çıxdıqdan sonra da seçkilərin monitorinqi və insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirib. Təşkilat onun bu fəaliyyətinə görə Avropa Şurasının Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görüldüyünü də vurğulayıb.
Bəyanatda Anar Məmmədlinin hazırkı məhkumluğu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin genişləndiyi bir dövrün tərkib hissəsi kimi qiymətləndirilir. HRHF jurnalistlər, fəallar və hüquq müdafiəçilərinin son illərdə müxtəlif cinayət ittihamları və həbslərlə üzləşdiyini bildirir.
Təşkilat Azərbaycan hakimiyyətini Anar Məmmədli ilə yanaşı, dinc fəaliyyətlərinə görə həbsdə saxlanılan digər şəxsləri də azad etməyə çağırıb.
HRHF beynəlxalq ictimaiyyəti də Azərbaycanda həbsdə olan şəxslərin azadlığı məsələsində daha fəal mövqe tutmağa və diplomatik imkanlardan istifadə etməyə çağırıb. Təşkilatın fikrincə, Məmmədlinin işi diqqətdən kənarda qalmamalı, onun və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət imkanları qorunmalıdır.
Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə 13 il, onunla birlikdə mühakimə olunan ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası verib.
Məhkəmə onları valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və sənədlərin saxtalaşdırılması ilə bağlı ittihamlarda təqsirli bilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. İlk mərhələdə ona ölkəyə qanunsuz pul gətirmək üçün sövdələşmədə iştirak ittihamı irəli sürülüb. Sonradan iş üzrə ittihamların dairəsi genişləndirilib. “Amnesty International” isə həmin ittihamları əsassız və siyasi fəaliyyətinə görə təqibin göstəricisi kimi qiymətləndirib.
Anar Abdulla da eyni cinayət işi çərçivəsində təqsirləndirilən şəxslər sırasındadır. Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittihamları qəbul etməyib və işi siyasi motivli hesab ediblər.
“Amnesty International” bildirir ki, müdafiə tərəfinin bir sıra vəsatətləri, o cümlədən əsas şahidlərin açıq məhkəmədə dindirilməsi və ittiham tərəfinin sübutlarının tam araşdırılması ilə bağlı müraciətləri təmin edilməyib. Təşkilat həmçinin ittiham tərəfinin cinayətlərin törədildiyini təsdiqləyən etibarlı sübutlar təqdim etmədiyini bildirir.
Anar Məmmədli məhkəmədə son sözündə həbsini siyasi sifariş adlandırıb və prosesi “siyasi tamaşa” kimi qiymətləndirib.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi mövqelərinə görə təqib olunmadığını, həbs edilən şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini bildirir.