Məhbusun ailəsi onun harada saxlanıldığını öyrənə bilmir və narahatdır
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Pərviz Əlimusa oğlu Musayevin oktyabrın 8-də gecə saatlarında bəlli olmayan başqa müəssisəyə aparıldığı bildirilir.
Bu barədə Meydan TV-yə məhbus yaxınlarından biri məlumat verib.
Məlumat verən şəxsin sözlərinə görə, dini inanclarına görə həbs olunduğu bildirilən Pərviz Musayev mədə xəstəliklərindən əziyyət çəkir. O, səhhətindəki problemlərə diqqət yetirilməsi və tibbi yardım göstərilməsi tələbi ilə aclıq aksiyası keçirib.
İddia olunur ki, aclıq aksiyasına görə Musayev 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza kamerasına (“karsa”) salınıb. Daha sonra isə gecə saatlarında oradan çıxarılaraq naməlum yerə aparılıb.
Məhbusun yaxınları onun hansı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü öyrənə bilmirlər.
“Elnur Hüseynovun rəis olduğu 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyinə görə onu karsa salıblar. Sonra da oradan çıxarıb hansısa başqa zona aparıblar. Valideyni axtarır, soruşur, amma heç kim məlumat vermir. Harada olduğu bilinmir”, – deyə mənbə Meydan TV-yə bildirib.
Məlumat verən şəxs qeyd edib ki, əvvəllər Pərviz Musayevin hüquqlarını hüquq müdafiəçisi Oqtay Gülalıyev müdafiə edib. Lakin Gülalıyevin səhhətində yaranan ağır problemlərdən sonra məhbus müdafiəçisiz qalıb.
Hazırda Pərviz Musayevin səhhəti və saxlanıldığı yer barədə məlumat yoxdur.
Penitensiar Xidmətin məhbusun başqa müəssisəyə köçürülməsi, saxlanma yeri və səhhəti ilə bağlı iddialara münasibəti hələlik məlum deyil.