AŞPA məruzəçisi Anar Məmmədlinin dərhal azad olunmasını tələb edib

Anar Məmmədli. İllüstrasiya: Meydan TV

Avropa Şurası Parlament Assambleyasının (PACE) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan Azərbaycanda həbsdə olan insan hüquqları müdafiəçisi Anar Məmmədli ilə bağlı bəyanat yayıb.

Bəyanat Anar Məmmədlinin saxlanılmasının ikinci ildönümündə verilib. Rojhan bildirib ki, o, “müstəqil seçki müşahidəçiliyi və vətəndaş cəmiyyəti fəaliyyəti”nə görə qisas xarakterli ittihamlarla üzləşib.

“Bu gün tanınmış insan hüquqları müdafiəçisi və seçki müşahidəçisi Anar Məmmədlinin saxlanılmasının iki ili tamam olur. O, 2014-cü il Vaslav Havel İnsan Hüquqları Mükafatının qalibidir və ona qarşı irəli sürülən ittihamların onun ictimai fəaliyyəti ilə bağlı olduğu güman edilir”, – deyə bəyanatda qeyd olunub.

AŞPA rəsmisi xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) daha əvvəl Anar Məmmədlinin seçki müşahidə fəaliyyəti səbəbilə “susdurulmaq və cəzalandırılmaq məqsədilə” təqib edildiyi qənaətinə gəlmişdi. Onun sözlərinə görə, hazırkı cinayət işi də oxşar xarakter daşıyır və Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl etməsi ilə bağlı suallar yaradır.

Bəyanatda həmçinin qeyd olunur ki, Anar Məmmədlinin həbsi Azərbaycanda vətəndaş cəmiyyəti, müstəqil media və insan hüquqları müdafiəçilərinə qarşı artan təzyiqlərin fonunda baş verir.

“Belə hallarda cinayət qanunvericiliyindən istifadə hüququn aliliyinə və fundamental azadlıqların qorunmasına ciddi zərbə vurur”, – Rojhan bildirib.

O, Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azad etməyə və ona qarşı irəli sürülən ittihamları Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərə uyğun olaraq yenidən nəzərdən keçirməyə çağırıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli 2024-cü ilin aprelində qaçaqmalçılıq ittihamı ilə həbs olunub, sonradan isə onun ittihamları ağırlaşdırılıb. Məmmədli bütün ittihamları rədd edir və ictimai fəaliyyətinə görə həbs olunduğunu bildirir.

QHT sədri bundan əvvəl 2013-cü ildə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları ilə həbs olunmuşdu. 2014-cü ilin mayında məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib. 2016-cı ildə isə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa Məhkəməsi Anar Məmmədli ilə bağlı işdə dövlətin haqsız davranması ilə bağlı qərar qəbul etsə də, Azərbaycan hökuməti bu qərarı hələ yerinə yetirməyib.

Ana səhifəSiyasətAŞPA məruzəçisi Anar Məmmədlinin dərhal azad olunmasını tələb edib