AMEA-nın indiki strukturu ləğv edildi, Elm və Təhsil Nazirliyi yaradıldı

Mənbə: AMEA

AMEA-nın tərkibindəki qurumlar iki nazirlik arasında bölüşdürüldü

Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq.

Prezident İlham Əliyev iyulun 28-də bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Milli Elmlər Akademiyasından alınıb nazirliyə həvalə edilir.

Eyni zamanda, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Fərmanda AMEA-nin Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi göstərilib.

Prezidentin digər fərmanı ilə akademiyanın Fizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları, Biofizika, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri və digər institutları, o cümlədən, Nəbatat Bağı, təsərrüfat-hesablı elmi xidmət müəssisələri, Təcrübə-Sənaye Zavodu, “Kibernetika” Elmi İstehsalat Birliyi, “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi, “Kompozit” Elmi İstehsalat Birliyi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilir.

Azərbaycan Elmlər Akademiyası 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə yaradılıb. Həmin vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

AMEA-nin ilk prezidenti Mir Əsədulla Mirqasımov seçilib.

Hazırda akademiyanın prezidenti Arif Haşımovdur. Ondan əvvəl isə AMEA-ya Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edirdi. 2019-cu ildə PA rəhbərliyindən çıxarıldıqdan sonra AMEA-ya prezident təyin edilən Ramiz Mehdiyev bu ilin fevralında istefa verib.

PA rəhbəri postunu itirdikdən sonra daim hakimiyyətdə təmsil olunan və onlara yaxın şəxslərin tənqidinə məruz qalan Ramiz Mehdiyevə görə AMEA da hədəfə gəlib. Elm ocağı ətrafındakı söz-söhbət Ramiz Mehdiyevin istefasından sonra səngisə də, ötən həftədən yenidən gündəmin mövzusuna çevrilib. Belə ki, hakimiyyət mediası olan AzTV AMEA ilə bağlı tənqidi material hazırlayıb və bu, sosial şəbəkələrdə müzakirələr yaradıb. Hər iki qurum bir-birini ittiham edib. AzTV-nin əsasən sifarişli materiallar hazırladığını deyən tənqidçilər içərisində AMEA-nın tezliklə ləğv oluna biləcəyini söyləyənlər də vardı.

Ana səhifəSosialAMEA-nın indiki strukturu ləğv edildi, Elm və Təhsil Nazirliyi yaradıldı