Aksiya iştirakçıları: Qaziləri, şəhid ailələrini incidirlər

“Mən də işsiz qaldım, dolanışıq da pis gündədir”, – Nazim Cavadov bildirib.

Source: Specify Source


"Dedilər ki, başına çarə qıl, iş yoxdur"

Bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya keçirib.

Müxtəlif bölgələrdən gəlib etiraz edən qazilər diqqətsizlikdən şikayət ediblər.

Əsas şikayətləri işsizlik olan qazilər, müharibə bitəndən bəri işlə bağlı müraciət etdikləri yerlərdən “yox” cavabı aldıqlarını bildiriblər.

“Hər dəfə deyirlər ki, gözləyin, baxılacaq, işlə təmin ediləcəksiniz. Bu gün sabaha salırlar və baxan yoxdur. Axırda qərara gəldik ki, toplanıb nazirliyə gələk”, – şikayətçilərdən Nazim Cavadov belə deyib.

Qazilər işsiz-gücsüz olduqlarını və ailələrini dolandırmaqda çətinlik çəkdiklərini bildiriblər: “Dövlətin özünüməşğulluq proqramına da müraciət etmişəm. Ancaq bir səs çıxmayıb. Televiziyada deyirlər ki, guya qazilər hər şeylə təmin edilib, ancaq yalandır. Müharibədən əvvəl “Azərişıq”ın nəzdində bir şirkətdə çalışırdım. Qayıdandan sonra qaldığım yerdən davam etmək üçün idarəyə getdim, dedilər ki, başına çarə qıl, iş yoxdur. Mən də işsiz qaldım, dolanışıq da pis gündədir”, – Nazim Cavadov bildirib.

Hövsan qəsəbəsində yaşayan Ümid Ağayev döyüşə könüllü gedənlərdəndir. Deyir ki, Füzuli, Qubadlı istiqamətindəki döyüşlərdə olub: “Qaziləri, şəhid ailələrini incidirlər. Bu gün sırf qazi dostlarımın etirazına dəstək vermək üçün gəlmişəm bura. Belə olmamalıdır deyə düşünürəm”.

Başqa bir şikayətçi Nəsimi Dadaşov isə deyir ki, nazirin qəbuluna düşmək üçün gəliblər, ancaq görüşə bilmirlər.

O deyir ki, artıq bu süründürməçiliyə dözmür: “Etirazımızın səbəbi də sırf etinadsızlıq, diqqətsizlik, süründürməçilikdir”.

Etirazçıların əsas şikayəti işlə bağlıdır. Özünüməşğulluq proqramlarına baş vurublar, ancaq cavab almırlar və dolanışıqları çətinləşib.

Ruslan Abbasov Cəlilabadın Günəşli kəndindən gəlib. Füzuli, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanıb. Deyir ki, qayıdıb gələndən onunla maraqlanan olmayıb: “Bu ölkədə ancaq varlıların sözü keçir, bizə baxan yoxdur. Mən dəfələrlə müraciət etmişəm özünümışğulluq proqramlarına, ancaq mənə normal iş verən yoxdur. Sonuncu dəfə də dedilər ki, gəl süpürgəçi ol. Mən buna görə can qoymuşam? Müharibədən əvvəl fəhləəlik edirdim. İndi də söz verirlər ki, avtomobil yumaq üçün balaca bir yer verəcəklər mənə. Get-gələ salıblar, vermirlər”.

Qazilər məmurlardan, süründürməçilikdən şikayətləniblər: “Torpaq altında yatan qardaşların hesabına alındı şəhərlər. Amma varlılar bayraq qaldırır, sevinir. Onların içində, bəlkə, bir qazi, bir şəhid var? Yoxdur. Hörmət etmirlər, saymırlar”, – etirazçılar bildirib.

Polis qazilərə yolu kəsməməyi söyləyib, ancaq aksiyaya mane olmayıb. Qazilər nazirlikdən səlahiyyətli biri ilə görüşmək üçün gözləyirlər.

Ana səhifəSosialAksiya iştirakçıları: Qaziləri, şəhid ailələrini incidirlər