“Açar” “Go Short”da nümayiş olunacaq

Foto: Azərtac

Film Qarabağ müharibəsindən bəhs edir

Qarabağ müharibəsi mövzusunda çəkilən “Açar” bədii filmi “Go Short” Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Bu haqda Meydan TV Mədəniyyət Nazirliyindən məlumat verilib.

Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, İsveçrə və digər ölkələrdən filmlərin iştirak edəcəyi festival 1-20 aprel tarixində onlayn formada, 1-10 apreldə isə ənənəvi qaydada keçiriləcək.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub-saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.(https://www.youtube.com/watch?app=desktop&v=48hfLXJNciA)

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

2008-ci ildə təsis olunan “Go Shorts” qısametrajlı film festivalıdır.

Niderlandın Neymeqen şəhərində keçirilir.

Beynəlxalq müsabiqə proqramına bədii, sənədli, animasiya filmləri və ayrıca kateqoriya kimi eksperimental filmlər daxildir.

Bundan əlavə, respublika və tələbə müsabiqələri, eləcə də çoxsaylı müsabiqədənkənar nümayişlər və xüsusi tədbirlər də festivalın proqramına daxildir.

Ana səhifəMədəniyyət“Açar” “Go Short”da nümayiş olunacaq