20 Yanvardan sonrakı nağıllar

20 Yanvar böyük bir insan kütlәsi üçün karyera tramplini, nağıl mәnbәyi, spekulyasiya alәti, özünütәbliğ vasitәsidir…

Source:

Bәxtiyar Vahabzadә Dubinyakın üzünә tüpürüb. İsgәndәr Hәmidov isә partbiletini Bakatinin ağzına soxub… Görmәmişәm. Eşitmәmişәm.

Gördüklәrim vә eşitdiklәrim isә tamamilә başqa faktlardır.

Gördüyüm odur ki, Xәlil Rza Mәrkәzi Televiziyaya çıxardılıb vә “Silva xanım Kaputikyan” deyib – bu sözlәr onun cәmisi 3 ay әvvәl Ali Sovetin binası qarşısında hәr gün tәşkil etdiyi mitinqlәrdә kükrәyәrәk dediklәrinә daban-dabana ziddi.

Gördüyüm odur ki, bu ölkәdә 1993-dәn bәri hәr gün 20 Yanvar baş verәndә Bәxtiyar Vahabzadә sәrasәr 15 il yerli işğalçılara mәdhiyyә söylәyib vә heç kәsin üzünә nәinki tüpürmәyib, ondan heç tәnqid dә eşitmәmişәm.

Gördüyüm vә eşitdiyim odur ki, Naxçıvana gedib Әliyevi “cibimdә gәtirәcәm” deyәn Hәmidov 1 il keçmәmiş ona “Siz mәnim dayımsız” deyib vә 9 illik mәhbәsdәn çıxan kimi onu ora dürtmüş adamın mәzarına baş әymәyә yollanıb.

Indi nәyә inanaq: Faktlara, yoxsa nağıllara? Icazәli “qәhrәmanlıq”lara, yoxsa tәhlükәli mәğrurluq haqda әfsanәlәrә?

***

20 Yanvar böyük bir insan kütlәsi üçün karyera tramplini, nağıl mәnbәyi, spekulyasiya alәti, özünütәbliğ vasitәsidir. Vә bu, 20 ildir davam edir, bundan sonra da davam edәcәk.

Danışanlar isә o günlәrdә heç nәyi ilә risk etmәmiş adamlardır. Fәrgi yoxdur o adamlar indi hakimiyyәtdәdir, yoxsa deyil. Әsas odur ki, personajlar özlәrini tarixin sәhifәlәrinә soxmaq istәyirlәr vә 20 Yanvar faciәsi bu mәqsәdә çatmag yolunda çox әlverişli üsuldur.

Ümumi semantika nәzәriyyәsinin banisi Alfred Korjibskinin çox mәşhur cümlәsi var: “Xәritә – әrazi deyil, dünyanın modeli – dünyanın özü deyil…”

Sonra da Korjibski әlavә edir: “…Ancaq xәritә struktur cәhәtdәn әraziyә bәnzәyir vә onun faydası da bundadır”.

Yox, әgәr xәritә struktur cәhәtdәn dә әrazi ilә oxşar deyilsә, bәs onda? Mozambikin xәritәsini Azәrbaycanın әrazisi kimi bizә soxuşdururlarsa, nә etmәli?

Doğrudanmı heç nә?

Axı hәr gün vә 10-15-20 il әrzindә bu yalan tәkrarlansa sonunda hәqiqәt kimi qәbul olunacaq?

Onda sonrakı nәsillәr inandırılacaq ki, 1990-nın Yanvarında azәri ziyalıları vә siyasәtçilәri özlәrini eynәn 1956-cı ilin Macarıstanında vә 1968-ci ilin Çexoslovakiyasında olduğu kimi aparıblar. Yәni, passionar, qorxmaz, karyeralarına tüpürüb xalqını vә Azadlığı seçәn, bu Azadlığın gәlmәyәcәyi tәqdirdә nәinki ortadan qaçıb qeyb olmayan, әksinә, başlanan yolu davam etdirәn mәrd vә namuslu şәxsiyyәtlәr olublar.

Sonrakı nәsillәr bu “qәhrәmanlar”ın özlәrinin özlәri haqda (başqalarının onlar haqda yox ha!) tәriflәrini dinlәyib hәlә bir onlarla fәxr dә edәcәk. Tarix kitabları barrikadada vuruşan İ.Hәmidov, sovet әsgәrlәri ilә әlbәyaxa olan R.Qazıyev, ölmәk üçün tankların altına atılan (ancaq ölmәyәn) N.Pәnahov,  karyerasını çoxdan uduzduğundan “demokrat”a çevrildiyi unudulmuş KGB generalı… hagda nağıllarla bәzәdilәcәk.

Bizdә tarix simpatik mürәkkәblә yazılır. Yәni, hәr sonra gәlәn әvvәlki yazıları pozub yenisini yazır. Bu personajların da yazıları vә adları eyni vaxtda peyda olmayacag. Hәrәsinin öz dövrü var. Vә bu dövrlәrin hamısının da ümumi adı var – “Nağıllar erası”.

Әnәnәvi nağıllardan fәrqli olarag bu nağılların baş gәhrәmanı elә nağılbazın özüdür. Özü danışır vә özündәn danışır.

Ancaq nә etsәlәr dә, sonunu gәtirә bilmirlәr. Çünki şahidlәrin dә yaddaşı var. Vә bu yaddaş da nәsildәn nәsilә ötürülür…


http://sandinist17.livejournal.com/12680.html

19.01.2010

Ana səhifəXəbərlər20 Yanvardan sonrakı nağıllar