20 gündən çox aclıq edən məhkumun işində mərhum nazir müavinin oğlunun adı hallanır

“Adama 18 il cəza təyin edilən hökmün özü onun bəraəti üçün əsasdır, əlavə araşdırmaya heç ehtiyac yoxdur”

Foto: Meydan TV


Əzət Kubuşova: “Oğlum ona deyib ki, hər kəsin atası özü üçün nazirdir…”

7 saylı cəzaçəkmə müəssisəsində mayın 15-dən aclıq edən məhkum Turan Kubuşov işinə ədalətli baxılmasa, aclığı dayandırmayacağını deyib. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Turan Kubuşovun vəkili Babək Həmidov bildirib ki, müvəkkili əvvəl quru aclıq keçirirdi, su da qəbul etmirdi. İyunun 3-də onun təkidindən sonra heç olmasa, su qəbul etməyə razılaşıb: “Aclığı dayandırmasını xahiş etdim, amma dayandırmadı. Lakin elə yanımdaca su içməyə başladı. 15 günə 15 kiloqram çəki itirib. Daim həkim nəzarətindədir, ixtisaslaşmış tibb müəssisəsinə köçürülməyini tələb edir”.

Turan Kubuşov uzun illər daxili işlər nazirinin müavini olmuş, mərhum general Zahid Dünyamalıyevin oğlu, “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü olub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) və 181 (quldurluq) maddələrilə 18 il azadlıqdan məhrum edilib. Apelyasiya instansiyası da hökmü qüvvədə saxlayıb. İyunun 25-də Ali Məhkəmə onun kassasiya şikayətinə baxacaq. İddia olunur ki, “ZD Travel” şirkətinin xəzinədarı Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb maşına minərkən Turan Kubuşov üzündə maska ilə ona hücum edib. Tərxan Namazovu bir neçə dəfə bıçaqlayaraq, əlində pul olan çantanı alıb qaçmağa çalışıb. Lakin ətrafdakı taksi sürücülərinin yaxınlaşdığını görəndə qaçıb.

Turan Kubuşov isə bu hadisəyə heç bir aidiyyəti olmadığını, Tərxan Namazova qarşı cinayəti onun törətmədiyini bildirir. Onun sözlərinə görə, heç bir fakt-sübut olmadan məhkəmələr onun haqqında belə ağır hökm çıxarıb.

O, həm də Vəli Dünyamalıyevi ittiham edir. Hesab edir ki, keçmiş nazir oğlu vaxtilə aralarında olan mübahisələrə görə ondan bu şəkildə qisas alır.

Elə vəkili Babək Həmidov da ortada mötəbər sübutların olmadığını deyir: “Adama 18 il cəza təyin edilən hökmün özü onun bəraəti üçün əsasdır, əlavə araşdırmaya heç ehtiyac yoxdur. Xəsarət alan şəxs Tərxan Namazov, o cümlədən iş üzrə şahid qismində dindirilmiş heç kim hadisəni Turanın törətdiyini demir. Hadisə törədənin Turan olduğunu görməyiblər. “Boy-buxunundan Turan kimidir, Turana oxşayırdı, Turan ola bilər” deyiblər. Bunu isə hər adam haqda demək olar. Hadisəyə dair Turanın üzərindən hər hansı sübut-dəlil çıxmayıb. Hadisə vaxtı ölkədə olmayan, hadisədən iki gün sonra ifadə verib Turanın adını verən, baş verənləri görmədən “Turan etdi” deyərək şikayət edən Vəli Dünyamalıyev olub”.

Turan Kubuşovun anası Əzət Kubuşova da oğlunun qərəz və qisasçılığın qurbanı olduğunu deyir. O, Meydan TV-yə bildirib ki, oğlu həbs olunduqdan sonra ilk bir həftə ərzində işgəncələrə məruz qalıb: “Onu bir həftə sonra Kürdəxanıya (Bakı İstintaq Təcridxanasını nəzərdə tutur) köçürdülər. Bibisi oğlu gedib onu görəndə dəhşətə gəlmişdi. Onu elə döyüblər, pal-paltarını cırıb-əynindən cıxarıblar. Qulağından qan gəlib. Silahı dayayıblar boynunun arxasına ki, qol çək. Çox işgəncələr, çox təhqiramiz hərəkətlər olub. Onlar çox, əlləri silahlı, oğlum da tək və əliyalın, bağlı otaqda, neyləməlidir? Ona verilən işgəncələri eşidəndən sonra insult keçirdim. Ağzım əyildi, bir tərəfim işləmir. Bunu Allah götürməz…”

Əzət Kubuşova oğlunun günahsız olduğunu deyir. Onun sözlərinə görə, “ZD Travel” şirkətinin yerləşdiyi ofisdə xeyli müşahidə kameraları var. Oğlu məhkəmədə cinayəti onun törətdiyinə dair sübut, görüntü ortaya qoyulmasını tələb edib. Amma heç bir sübut ortaya qoyulmayıb. Hətta zərərçəkmişin özü də məhz onu bıçaqla vuranın məhz Turan olduğunu deməyib.

Əzət Kubuşova oğlunun başına gələnlərə görə Vəli Dünyamalıyevi günahlandırır. Səbəbini də belə izah edir: “Oğluma demişdilər ki, o, kinli adamdır, bağışlamayacaq səni. Bir dəfə maşınla gedəndə maşın çuxura düşüb, Vəlinin qaynı oğluma deyib ki, “küçük, asta sür”. Oğlum da cavab qaytarıb ki, “küçük özünsən”. Bunu gəlib Vəliyə xəbər verib. Onun acığına gəlib ki, sən niyə qaynıma cavab qaytarırsan. Buna görə araları dəymişdi. Düzdü, yanında işləyirdi, amma əvvəlki münasibət deyildi. Bir gün maşında bu söhbət yenə açılanda məsələ dərinləşir, düşürlər, oğlum Vəlini vurur. Sonra oğlum işdən çıxmaq istəmişdi. Vəli qoymamışdı. Gərək onda çıxaydı elə… Oğlum demişdi ki, hər kəsin atası ona əzizdir, hər kəsin atası özü üçün nazirdir…”

Tərxan Namazov məhkəmədə hadisə barədə ifadə verərkən deyib ki, ofisdən çıxanda üzünü görmədiyi şəxs arxadan ona yumruqla güclü zərbə endirib: “Əvvəlcə yumruq dəydi. Sonra çiynimdəki çantanı almağa çalışdı. Mən müqavimət göstərəndə bıçaqla vurmağa başladı. Sol tərəfimdən və qolumdan zərbələr dəydi. İndi sol qolum işləmir. Qışqırıb kömək istədim. Məni taksi ilə xəstəxanaya çatdırdılar”.

Vəli Dünyamalıyevin fikirlərini öyrənmək mümkün olmayıb.

Vəli Dünyamalıyev 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində namizədliyini irəli sürmüşdü.

Ana səhifəSosial20 gündən çox aclıq edən məhkumun işində mərhum nazir müavinin oğlunun adı hallanır