“20-30 il təcrübəsi olan işçilərin karyerasını bitirirlər”

Neft daşları, Foto: Northfoto/shutterstock

“Qarasu”dan ixtisara düşən şəxslər şikayətçidir

“Qarasu” əməliyyat şirkətinin bir qrup əməkdaşı ixtisara salınıb. İşçilər deyirlər ki, şirkət satılandan bəri yerli mütəxəssislər işdən çıxarılır, maaş azaldılır, işçilər arasında ayrı-seçkiliyə yol verilir.

Bu barədə Meydan TV-yə şirkətin işdən çıxarılmış əməkdaşları bildiriblər.

“İndiyədək mərhələlərlə 200-ə yaxın şəxs işdən çıxarılıb”

Şirkətin Tikinti-Quraşdırma sexinin keçmiş rəisi Şaiq Səmədov Meydan TV-yə deyib ki, şirkətə Vladimir Oleqoviç Davlyarov rəhbər təyin ediləndən sonra yerli mütəxəssislərin qara günləri başlayıb. 2017-ci ildən indiyədək mərhələlərlə 200-ə yaxın şəxs işdən çıxarılıb. Onlardan bəziləri məhkəməyə müraciət edib, hələ də məhkəmə prosesləri davam edir.

“Bir müddət əvvəl şirkətdə çalışan Qarabağ müharibəsinin veteranları və sıravi işçilər tərəfindən Davlyarovla bağlı SOCAR rəhbərliyinə də şikayət edilib. Amma həmin şikayətin araşdırılması üçün məktublar elə Davlyarovun özünə göndərilib”.

Şaiq Səmədovun sözlərinə görə, pandemiyanın ağır vaxtında 20-30 il təcrübəsi olan və şirkət yaranandan daim yaxşı işinə görə irəli çəkilən 8 ali təhsilli mütəxəssisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad ediblər:

“Ali təhsilli işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilirsə, bu, o işçinin karyerasının bitməsi deməkdir. Bir-iki nəfərin günahı ucbatında digərləri də qurban getdi. Halbuki əsas günahkar rus milliyyətindən olan işçi idi, hansı ki, həmin işçi vəzifəsindən uzaqlaşdırılmadı, əksinə maaşı artırılmaqla vəzifəsini yüksəltdilər”,-şikayətçi söyləyib.

ARDNŞ-nin I vitse-prezidenti Rövşən Nəcəfə ərizə.

“Guya ki, insanları qızışdırmışam, mitinq keçirilməsini təşkil etmişəm”

Şaiq Səmədov söyləyib ki, pandemiya dövründə karantin rejiminin tələblərinə uyğun olaraq bütün müəssisələrdə işçilərin sayı 2 dəfə və daha çox azaldıldığı bir vaxtda V.O.Davlyatov illərlə növbəli iş rejimində işləyən kollektivi heç bir səbəb olmadan növbəsiz iş rejiminə keçirib. Yəni 2 növbəni birləşdirərək iş yerində işçilərin sayını iki dəfə artırıb.

“İş rejimi dəyişdi, amma virusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görülmədi, işçiləri daşıyan avtobusların sayı artırılmadı. İşçilər də iş yerində toplaşaraq buna etiraz etdilər, etiraz edənlərə karantin rejiminin tələblərini pozmaqda günahlandıraraq şiddətli töhmət veriblər.

Məni də Əmək Məcəlləsinin 70-ci maddəsinin “c“ bəndinə əsasən işdən azad etdi, hansı ki, 18 il ərzində bir dəfə töhmət, yaxud xəbərdarlıq almamışam. Guya ki, insanları qızışdırmışam, mitinq keçirilməsini təşkil etmişəm. Etiraz etdiyi üçün şiddətli töhmət alan və şirkətin bir nömrəli qaynaqçısı olan Ümidvar Xanlarov və daha bir nəfər koronavirusdan vəfat etdi”.

Şikayətçi bildirib ki, şirkətə qarşı məhkəmə iddiası qaldırıb, işə bərpa olunmasını, buraxılmış iş günlərinin pulunun ödənilməsi, eləcə də təzminat tələb edir:

”Hacıqabulda yaşayıram, heç bir yerdən əlavə gəlirim yoxdur. Qohumlarımın köməyi ilə dolanıram. Davlyatov 50 min manat maaş aldığı halda əmək şəraitinin dəyişdirilməsi adı altında yerli mütəxəsslərin maaşını gündən-günə azaldır. Etiraz edəni isə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən işdən qovulacağı ilə hədələyirlər”.

Yeni şirkət “oyunu”

İşçilərdən biri isə danışıb ki, 2019-cu ilin avqustunda yeni qazma şirkəti – “Şirvan Driling” yaradılıb. Bu şirkət işçiləri ixtisar etmək və buna qanuni don geyindirmək üçün yaradılıb: “Davlyatovun göstərişi ilə 20-30 il “Qarasu” və “ŞİRVAN OİL” şirkətindəki Quyuların Yeraltı və Əsaslı Təmiri (QYƏT) sexinin bütün işçiləri, digər sexlərdən isə bəzi işçilər məcburi (öz xahişi adı ilə) bu şirkətə keçirilib. Ən maraqlısı, cəmi 8 aydan sonra, 1 may 2020-ci ildə «Şirvan Driling” şirkəti bağlandı. İşçilər nə qədər təkid etsələr də, V.O. Davlyatov onları geri qaytarmaqdan imtina etdi. İndi həmin işçilərin böyük bir hissəsi (200 nəfərə yaxın) çox pis vəziyyətdə işsiz qalıb”.

ARDNŞ-nin I vitse-prezidenti Rövşən Nəcəfə ərizə

SOCAR-a şikayət olunub

İşçilər iddia edirlər ki, şirkətin maddi-texniki bazası bərbad hala salınıb. Texnikaların və avtomobillərin 90 faiz qəzalı vəziyyətdədir. Ona görə də son aylarda bir-birinin ardınca 3 ədəd irihəcmli xüsusi texnika və qaldırıcı hərəkətdə olarkən yanaraq yararsız vəziyyətə düşüb. Ehtiyat hissəsi almağa pul yoxdur bəhanəsi ilə işçilərin həyatını təhlükəyə ataraq istismar vaxtı keçmiş qəzalı vəziyyətdə olan avtomobillərə doldurub dağ relyefi olan Mişovdağ sahəsinə göndərirlər.

“Əlbəttə, biz gücsüzük, Davlyatov isə güclüdür, çünki onun çoxlu pulu, vəzifəli şəxs kimi böyük imkanları və SOCAR-da müdafiəçiləri var. İşlərini itirənlər hamısı ailə başçılarıdır”.

İşçilər baş verənlərlə bağlı SOCAR-a şikayət etdiklərini, ancaq cavab ala bilmədiklərini deyirlər.

SOCAR-dan Meydan TV-yə şirkətlə əlaqə saxlamağı məsləht görüblər. Şirkətə məxsus olduğu bildirilən telefona isə cavab verilməyib.

Ana səhifəSosial“20-30 il təcrübəsi olan işçilərin karyerasını bitirirlər”