18 hərbçinin məzarı Şəhidlər Xiyabanına köçürülüb

Durna Əliyeva bildirib ki, yanvarın 30-da onları Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi qəbul edib

Source: Specify Source


Yanvarın 30-da şəhid ailələrini Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi qəbul edib

Yanvarın 30-da paytaxtın Qarabağ rayonundakı məzarlıqda dəfn edilmiş 18 hərbçinin məzarı Şəhidlər Xiyabanına köçürülüb.

Bu barədə İkinci Qarabağ müharibəsində həlak olan Hüseyn Tağıyevin qayınanası Durna Əliyeva Meydan TV-yə danışıb.

Durna Əliyeva bildirib ki, yanvarın 30-da onları Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi qəbul edib:

“Hər şey öz qaydasında oldu və bizim tələblərimiz yerinə yetirildi, heç bir narazılığımız yoxdur”.

O, məzarların köçürülməsi prosesinin din xadimlərinin, rəsmi şəxslərin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edildiyini deyib.

Yanvarın 25-də II Qarabağ müharibəsində həlak olanların bəzi ailə üzvləri paytaxtda yolu bağlayaraq Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş tələb ediblər.

Onlar həlak olan yaxınlarının Qaradağ rayonunda dəfn olunmasına etirazlarını bildirirək II Fəxri Xiyabana köçürülməsini tələb ediblər.

Azərbaycan Müdafiə Nazirliyi yanvarın 18-də II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını yayıb:

“2855 nəfər dəfn olunub, 50 hərbçi itkin düşüb.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasət18 hərbçinin məzarı Şəhidlər Xiyabanına köçürülüb