12 ölkədən 324 uşağın “Kinder”dən virusa yoluxduğu bildirilir

“Kinder Sorpresa”. Foto: Vitalii Stock/shutterstock

Onların 41 faizinin xəstəxanaya yerləşdirildiyi açıqlanıb

12 ölkədən 324 uşağın “Kinder Sorpresa” şokoladlarından təhlükəli qida virusu – salmonellaya yoluxduğu bildirilir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, salmonelyoz adlanan infeksion xəstəliyə daha çox 16 yaşdan kiçik uşaqlar yoluxub.

Onların 41 faizi xəstəxanaya yerləşdirilib.

Məlumatda deyilir ki, İtaliyanın “Ferrero” şirkətinin istehsal etdiyi bu şokoladlardan Böyük Britaniyada 102, Fransada 73, Belçikada 62, İsveçrədə 41, Almaniya və İrlandiyada isə 15 yoluxma qeydə alınıb.

Həmçinin Hollandiya, Avstriya, Danimarka, Lüksemburq, İsveç, İspaniya və Norveçdə də yoluxma aşkarlandığı bildirilir.

Bakteriyanın ilk dəfə bu il dekabrın 15-də şirkətin Belçikanın Arlon şəhərindəki fabrikində peyda olduğu müəyyən edilib.

Çən filtrində aşkar edilən salmonella bakteriyası barədə məlumat vermədiyi ortaya çıxanda Belçika səlahiyyətliləri fabriki bağlayıb.

İngiltərə Qida Standartları Agentliyi (FSA) aprel ayında Böyük Britaniyada 60-dan çox uşağın yoluxması ilə bağlı məlumat vermişdi.

Agentlik İngiltərə ilə yanaşı, İrlandiya, Fransa, Almaniya, İsveç və Hollandiyada da salmonella epidemiyasına rast gəlindiyini qeyd etmişdi.

İçərisində oyuncaq və ya suvenir olan plastik qablaşdırmalardakı “Kinder Surprise” şokoladları 1972-ci ildən istehsal olunur.

Məhsul dünyanın 60-dan çox ölkəsində satılır.

Bu məhsulun satışı uzun illər Amerikada qadağan edilib. Bir dənə şokolad-yumurtanın satışına görə 2500 dollar cərimə tətbiq olunub.

Şokoladların içərisindəki oyuncaq hissələrinin azyaşlıların həyatı üçün potensial təhlükə yaradacağı ilə əlaqələndirilib.

Belə ki, uşaqlar oyuncaq hissələrini udaraq boğula bilərdilər.

Şirkət sonradan tələblərə uyğunlaşdırılmış yeni şokolad yumurta standartları hazırlayıb.

Yumurtanın içərisinə böyük ölçülü oyuncaqların hissələri əlavə edilib.

Bununla da məhsul 2013-cü ildən Amerikada da satılmağa başlayıb.

Ana səhifəSosial12 ölkədən 324 uşağın “Kinder”dən virusa yoluxduğu bildirilir