Təqsirləndirilən şəxslər arasında mayor və kapitan rütbəli hərbçilər, eləcə də yanacaqdoldurma məntəqələrinin rəhbərləri var. Onlardan dördü həbs edilib, digərləri isə alternativ qətimkan tədbirləri altında saxlanılır.
Azərbaycanda 1 milyon 400 min manatlıq yanacağın mənimsənilməsi ilə bağlı cinayət işi üzrə 15 nəfərə ittiham irəli sürülüb.
Bu barədə noyabrın 25-də yerli media məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxslərdən dördü barəsində həbs qətimkan tədbiri seçilib. Digər 11 nəfər isə istintaq müddətində alternativ qətimkan tədbirləri altında saxlanılır.
Cinayət işi üzrə ittiham olunanlar arasında kapitan və mayor rütbəli hərbi qulluqçular, yanacaqdoldurma məntəqələrinin rəisləri və digər əməkdaşlar var.
İş üzrə Elman Mehdiyev, Tehran İmanlı, Həsən Əmirov, Kənan Bayramzadə, Mobil Məmmədov, Qəhrəman Əliyev, Nihad Quliyev, Zaur Məmmədov, Samir Baxşiyev, Məhəmməd Hüseynli, Elçin Mustafayev, Məmməd Əliyev, Cahid Mahmudov, Mirmusa Seyidov və Ravid Tərlanzadə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onları 14 ilədək həbs cəzası gözləyə bilər
İstintaq tərəfindən 15 nəfərin hamısına Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə yekun ittiham verilib.
Həmin maddə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə cinayətini nəzərdə tutur.
Qanunvericiliyə əsasən, bu ittiham məhkəmədə sübuta yetirilərsə, təqsirləndirilən şəxslər 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
Mənimsəmə cinayəti şəxsə etibar edilmiş özgə əmlakının qanunsuz olaraq ələ keçirilməsini nəzərdə tutur.
İstintaq materiallarına əsasən, cinayət işi üzrə hesablanan ümumi ziyan 1 milyon 400 min manatdır.
Hələlik yanacağın hansı müəssisələrə məxsus olduğu, mənimsəmənin hansı dövrdə və hansı üsulla həyata keçirildiyi barədə ətraflı məlumat yoxdur. Həmçinin təqsirləndirilən hərbçilərin hansı dövlət qurumunda xidmət etdikləri də açıqlanmayıb.
Təqsirləndirilən şəxslərin və vəkillərinin ittihamlara münasibəti barədə məlumat verilməyib.