Human Rights Watch: “Bəşir Süleymanlı dərhal azad edilməlidir”

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Azərbaycan parlamentinin qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericiliyə qəbul etdiyi dəyişiklikləri pisləyib. Təşkilat hesab edir ki, yeni qaydalar hökumətin müstəqil qurumların fəaliyyətini dayandırmaq və onları ləğv etmək səlahiyyətlərini genişləndirəcək, əlavə qeydiyyat tələbləri yaradacaq və vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdıracaq.

“Human Rights Watch”  bəyanatında həmçinin noyabrın 19-da isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquq müdafiəçisi, Vətəndaşların Hüquqları İnstitutunun direktoru Bəşir Süleymanlını 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xarici maliyyələşmə ilə əlaqədar cinayət təqibinə məruz qalan vətəndaş cəmiyyəti fəallarına qarşı çıxarılan bir sıra ağır cəzaların sonuncusu kimi qiymətləndirib.

Təşkilatın noyabrın 23-də yaydığı bəyanatda bildirilir ki, parlamentin noyabrın 18-də qəbul etdiyi dəyişikliklər dövlət orqanlarına müxtəlif pozuntulara, o cümlədən şəffaflıq və çirkli pulların yuyulmasına qarşı tələblərin yerinə yetirilməməsinə görə QHT-lərin fəaliyyətini bir ilədək dayandırmaq səlahiyyəti verir. Eyni zamanda, təşkilatların məhkəmə qərarı ilə ləğvi üçün əsaslar genişləndirilir.

“Human Rights Watch” bu müddəalarda istifadə olunan qeyri-müəyyən ifadələrin müstəqil QHT-lərə qarşı sui-istifadəyə yol aça biləcəyini vurğulayır. Xüsusilə, fəaliyyəti “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhlükə” hesab edilən təşkilatların ləğvinin mümkünlüyü narahatlıq doğurur.

Dəyişikliklər mövcud QHT-lərin də 30 gün ərzində nizamnamələrini yeniləməsini və yenidən qeydiyyatdan keçməsini tələb edir. Qeyri-kommersiya fondlarının yaradılması üçün minimum kapitalın 10 min manatdan 100 min manata qaldırılması da nəzərdə tutulur.

Bəşir Süleymanlı 2025-ci ilin martında həbs edilib. Ona qarşı çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

“Human Rights Watch” bu ittihamların siyasi motivli göründüyünü bildirir və onun məhkum edilməsini Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin növbəti nümunəsi hesab edir.

Bəyanatda eyni istintaq çərçivəsində mühakimə olunan digər fəalların da uzunmüddətli həbs cəzalarına məhkum edildiyi qeyd olunur. Asəf Əhmədova 8 il, Zamin Zəkiyə (Zəkiyev) 7 il 3 ay həbs cəzası verilib. Seçki hüquqları üzrə fəal Anar Məmmədli isə sentyabrda 13 il müddətinə azadlıqdan məhrum edilib. “Human Rights Watch” Anar Məmmədlinin məhkəmə prosesini ədalətsiz hesab edir.

Təşkilatın 2024-cü ildə yaydığı hesabatda da Azərbaycanda qeydiyyat və xarici maliyyələşmə ilə bağlı məhdudiyyətlərin müstəqil QHT-lərin fəaliyyətini dayandırmasına və ya ciddi şəkildə azaltmasına səbəb olduğu sənədləşdirilib. Bəyanatda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı bir sıra işlərdə birləşmək azadlığının pozulduğunu müəyyən etdiyi də xatırladılır.

“Human Rights Watch” Azərbaycan hakimiyyətini qanunvericiliyə təklif olunan dəyişiklikləri geri götürməyə, Bəşir Süleymanlını və qanuni fəaliyyətlərinə görə həbs edilmiş digər vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırıb. Təşkilat müstəqil qurumlara qarşı cinayət qanunvericiliyindən təzyiq vasitəsi kimi istifadə edilməsinə son qoyulmasını da istəyib.

Ana səhifə ▸ Siyasət ▸ Human Rights Watch: “Bəşir Süleymanlı dərhal azad edilməlidir”