Gürcüstan surroqat analığı tamamilə qadağan etməyə hazırlaşır 

Foto: New Africa/shutterstock

Gürcüstan hakimiyyəti ölkədə surroqat analığın tamamilə qadağan edilməsini planlaşdırır. Bu ölkədə surroqat ana kimi fəaliyyət göstərənlər arasında Azərbaycan vətəndaşları da var. Meydan TV-yə danışan iki azərbaycanlı qadın sifarişçilərlə bağlı problemlər, pasportlarının əllərindən alınması və müqavilə şərtləri barədə məlumat veriblər.

Hakim Gürcü Arzusu Partiyasının parlament çoxluğunun rəhbəri İrakli Kirçxalia noyabrın 22-də açıqlayıb ki, bununla bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq.

Hakimiyyət qərarı insan alveri, qadınların istismarı, uşaqların hüquqlarının qorunması və sahənin kommersiyalaşması ilə bağlı narahatlıqlarla əsaslandırır. Bununla belə, hələlik qadağanın qüvvəyə minməsi üçün qanun qəbul edilməyib. Söhbət hazırda siyasi qərardan və gələcək qanunvericilik təşəbbüsündən gedir.

Noyabrın 22-də parlament çoxluğunun iclasından sonra çıxış edən İrakli Kirçxalia bildirib ki, Gürcü Arzusu surroqat analığı tamamilə qadağan etmək qərarına gəlib. Onun sözlərinə görə, məsələ ilə bağlı hökumət və Gürcü Pravoslav Kilsəsinin Patriarxlığı ilə məsləhətləşmələr aparılıb.

Kirçxalia bildirib ki, qadağa yalnız xarici vətəndaşlara şamil edilməyəcək, surroqat analıq ölkədə bütövlükdə qanunsuz olacaq. O, bu sahədən istifadə edənlərin 98 faizinin əcnəbilər olduğunu iddia edib.

Hakim partiyanın nümayəndəsi surroqat analığın qadağan edilməsinin iqtisadi təsirini qəbul etsə də, bunun insan alveri, qadınların istismarı və uşaqların hüquqları ilə bağlı risklərdən daha vacib olmadığını deyib.

Qadağa süni mayalanmaya (IVF) şamil edilməyəcək. Kirçxalia bu iki sahənin ayrı-ayrı fəaliyyət istiqamətləri olduğunu və IVF-in mövcud qaydalarla davam edəcəyini vurğulayıb.

Gürcüstanda niyə surroqat analıq biznesi bu qədər böyüyüb?

Gürcüstan 1997-ci ildən surroqat analığa qanunla icazə verən ölkələrdən biridir. Ölkədə həm kommersiya, həm də qeyri-kommersiya əsaslı surroqat analıq mümkündür. Bu sahə uzun müddət xarici vətəndaşlar üçün də açıq olub.

Gürcüstanın cəlbedici istiqamətə çevrilməsinin bir neçə səbəbi var:

  • Surroqat analıq qanunidir və xarici vətəndaşlar da bu xidmətdən istifadə edə bilirlər.
  • Xidmətlərin qiyməti ABŞ və bəzi Qərb ölkələri ilə müqayisədə xeyli aşağıdır.
  • Uşaq doğulduqdan sonra hüquqi valideynlik, bir qayda olaraq, genetik valideynlərə verilir, surroqat ana isə uşağın hüquqi valideyni hesab edilmir.
  • Prosesin əsas hissəsi məhkəmə deyil, tibbi sənədlər və müvafiq qeydiyyat prosedurları vasitəsilə həyata keçirilir.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Gürcüstanın bu sahədəki mövqeyi daha da güclənib. Müharibə Ukraynanın reproduktiv tibb sektorunu pozduğundan, orada xidmət göstərən bir sıra beynəlxalq agentliklər Gürcüstana üz tutub. Bunun nəticəsində xarici müştərilərin sayı artıb.

Almaniyanın DW telekanalının 2026-cı il oktyabrında dərc etdiyi araşdırmaya görə, Gürcüstanda bu xidmətləri təklif edən təxminən 19 klinika fəaliyyət göstərir. Tbilisi və Batumidə surroqat analıq proqramlarının ümumi qiyməti təxminən 45–55 min avro təşkil edir. Surroqat analara isə hamiləliyi başa çatdırdıqları üçün orta hesabla 18–28 min avro ödənilir. 

Statistik rəqəmlər nə deyir?

Gürcüstanın Sosial Ədalət Mərkəzinin (Social Justice Center) araşdırmasında göstərilən məlumatlara əsasən, 2019–2024-cü illərdə ölkədə surroqat analıq vasitəsilə ümumilikdə 4 674 uşaq dünyaya gəlib.

2023-cü ildə surroqat analıq vasitəsilə doğulan uşaqların sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 1 172-yə çatıb. 2024-cü ildə isə bu göstərici 941 olub.

DW-nin Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə istinadən yaydığı məlumata görə, 2023-cü ildə ölkə üzrə 3 mindən çox surroqat ana qeydiyyata alınıb. 2012-ci ildən həmin qadınlar vasitəsilə dünyaya gələn uşaqların sayı isə 5 mini ötüb. Burada qeydiyyata alınmış qadınların sayı ilə doğulan uşaqların sayının fərqli göstəricilər olduğunu nəzərə almaq lazımdır.

Əsasən hansı ölkələrdən Gürcüstana gəlirdilər?

Xarici müştərilərin ölkələr üzrə dəqiq bölgüsünü göstərən açıq dövlət statistikası yoxdur. Bununla belə, müxtəlif araşdırmalar və klinika nümayəndələrinin açıqlamaları Gürcüstanın geniş beynəlxalq müştəri bazasına malik olduğunu göstərir.

2023-cü ildə RFE/RL-ə danışan ReproART klinikasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Natia Janadze müştərilərinin təxminən 95 faizinin xarici vətəndaşlar olduğunu bildirib. Onun sadaladığı ölkələr arasında İsrail, Çin, ABŞ, Türkiyə, Azərbaycan, Kanada, Avstraliya, Yunanıstan, İspaniya və Hindistan olub.

Surroqat analıq sektorunda hansı problemlər üzə çıxıb?

Qadağa təşəbbüsünün arxasında dayanan əsas məsələlərdən biri bu sahədə insan alveri, maliyyə fırıldaqları və qadınların istismarı ilə bağlı ortaya çıxan hadisələrdir.

2025-ci ilin fevralında RFE/RL Tbilisidə Taylanddan gətirilmiş qadınlarla bağlı araşdırma dərc edib.

Araşdırmaya görə, Na adlı taylandlı qadın sosial şəbəkədə surroqat ana olmaq üçün iş elanı görərək Gürcüstana gəlib. Ona 17 min dollara qədər ödəniş vəd edilib. Lakin qadının iddiasına görə, onun pasportu əlindən alınıb və o, təxminən 30 başqa qadınla birlikdə bir evdə saxlanılıb.

Na bildirib ki, qadınlar surroqat ana olmaq əvəzinə, mütəmadi olaraq yumurta hüceyrələrinin götürülməsi prosedurlarına məcbur ediliblər.

Tayland polisi 2025-ci ilin fevralında üç qadının Çin cinayətkar şəbəkəsi tərəfindən bu məqsədlə Gürcüstana gətirildiyi iddialarını araşdırdığını açıqlayıb. Qadınların bir neçəsinin Tbilisidə polis tərəfindən xilas edildiyi bildirilirdi.

Bununla belə, RFE/RL-in araşdırması zamanı həmin evdə yaşayan digər taylandlı qadınlardan biri isə zorla saxlanılmadığını və istədiyi vaxt ölkəni tərk edə biləcəyini deyib. 

Sektorla bağlı daha ciddi hadisələrdən biri Kinderly Georgia şirkəti ətrafında baş verib.

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, şirkətin təsisçiləri bioloji valideynlərlə surroqat analar arasında vasitəçilik edib, uşağın IVF vasitəsilə dünyaya gəlməsini təşkil etməyi öhdələrinə götürüblər.

Lakin istintaq müəyyən edib ki, şirkətin təsisçiləri valideynlərdən alınan vəsaitləri tibbi xərclərə, surroqat anaların yaşayışına və müqavilədə nəzərdə tutulan ödənişlərə sərf etmək əvəzinə mənimsəyiblər.

Nəticədə Çin vətəndaşlarına və surroqat analara məxsus 2 060 006,5 laridən çox vəsait mənimsənilib.

2026-cı il iyunun 30-da Tbilisi Şəhər Məhkəməsi şirkətin iki təsisçisinin hər birini 10 il müddətinə azadlıqdan məhrum edib. Onlardan biri məhkəmə qarşısında qiyabi mühakimə olunub.

Almaniyanın DW telekanalının 2026-cı ilin oktyabrında dərc etdiyi araşdırmada hüquqşünas Nino Boqveradze Gürcüstan qanunvericiliyində ciddi boşluqların olduğunu bildirib.

Onun sözlərinə görə, mövcud hüquqi çərçivə əsasən surroqat ana, bioloji valideynlər və klinikalar arasındakı münasibətləri tənzimləyir. Lakin bu prosesdə mühüm rol oynayan vasitəçi agentliklərin fəaliyyəti lazımi qaydada nəzarətdə deyil.

Surroqat anaların tibbi xidmət, ödəniş və sosial təminatla bağlı hüquqlarının böyük hissəsi qanunla deyil, tərəflər arasında imzalanan müqavilələrlə müəyyənləşdirilir.

DW-nin danışdığı qadınlardan biri doğuşdan sonra ödənişini almaq üçün uzun müddət gözlədiyini bildirib. Digər hallarda isə surroqat anaların müqavilələri tam başa düşmədikləri dildə imzaladıqları qeyd olunub.

Gürcüstan hökuməti hələ 2023-cü ildə xarici vətəndaşlar üçün surroqat analığın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlamışdı.

Həmin ilin iyunun 12-də baş nazir İrakli Qaribaşvili açıqlamışdı ki, hökumət surroqat analıq və süni mayalanma sahəsini daha sərt tənzimləmək istəyir.

O vaxt əsas arqumentlər arasında insan alveri, uşaqların istismarı, qadınların sağlamlığına təhlükələr və eynicinsli cütlüklərin bu xidmətlərdən istifadə etməsi ilə bağlı narahatlıqlar yer alırdı.

2023-cü il təşəbbüsü xarici vətəndaşlar üçün kommersiya surroqat analığının dayandırılmasını nəzərdə tuturdu. Lakin qanun layihəsi parlamentdə qəbul edilmədi.

Meydan TV Gürcüstana surroqat ana olmaq üçün getmiş iki azərbaycanlı qadınla həmsöhbət olub. Onlardan biri hamilə qaldıqdan sonra sifarişçinin yoxa çıxdığını, belə halda Bakıya qayıda bilməyəcəyini bildirib. İkinci qadın isə surroqat ana olmaq üçün azyaşlı övladı ilə Tbilisiyə köçüb, köçdükdən sonra özünün və övladının pasportu əlindən alınıb. Qadın gürcü dilində tərtib edilmiş müqaviləni imzaladığını, özünün və övladının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını bildirib. Qadınlar mövzu barədə təhlükəsizlik məsələlərini əsas gətirərək, detallı danışmaq istəməyiblər.

Ana səhifə ▸ Sosial ▸ Gürcüstan surroqat analığı tamamilə qadağan etməyə hazırlaşır