Gələn ilin vergi “islahatı”ndan kimlər qazanacaq, kimlər itirəcək?

İllüstrasiya AI ilə hazırlanıb

Gələn il Vergi Məcəlləsində çoxsaylı dəyişikliklərin gözlənilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Yeni layihədə 20-dən çox vergi güzəşti və yeni vergilərin tətbiqindən söhbət gedir. İqtisadçıların sözlərinə görə, ölkədə həm geniş sayda, həm də mütəmadi dəyişikliklərin edilməsi iqtisadiyyatda qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilir. Onların fikrincə, gələn il tətbiq ediləcək vergi güzəştlərinin bəziləri məmur biznesinin inkişafına geniş imkanlar yarada, bəziləri isə kiçik sahibkarlığa və məşğulluğa mənfi təsir göstərə bilər.

Qeyd edək ki, dəyişikliklər kənd təsərrüfatı, hotelçilik, ixrac, istiqraz bazarı, taksi və kuryer xidmətləri, eləcə də vergi borcları üzrə faizlərin hesablanması və maliyyə sanksiyalarının tətbiqi kimi sahələri əhatə edir.

Beləliklə, 2027-ci ildə Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan, iqtisadiyyata və məşğulluğa ciddi təsir göstərə biləcək mühüm dəyişiklikləri diqqətə çatdırırıq.”

2027-ci ildən etibarən 5 il müddətinə kiçik sahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin 25 faizi vergidən azad ediləcək. Lakin bu güzəştdən yararlanmaq üçün sahibkarlar bir sıra tələblərə cavab verməlidirlər:

  • Kiçik sahibkar ən azı 2 il ardıcıl fəaliyyət göstərməli;
  • Əvvəlki hesabat ilinin sonuna vergi və məcburi sığorta haqları üzrə borcu olmamalı;
  • Onun cari ildəki dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmamalı, qeyri-rəsmi işçi çalışdırmamalıdır.

Kənd təsərrüfatı sahəsində də uzun illərdən sonra vergi tətbiqinə başlanılması nəzərdə tutulur. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə gəlir və mənfəət vergisi üzrə 90 faizlik güzəşt tətbiq ediləcək. Yetişdirilmiş heyvanların kəsilərək satışından əldə olunan gəlirlər üzrə isə 50 faizlik vergi güzəşti nəzərdə tutulur.

Qeyd edək ki, 26 ildən sonra ilk dəfə olaraq kənd təsərrüfatı sektoruna gəlir və mənfəət vergisinin tətbiqinə başlanılacaq. Sözügedən güzəştlər 2029 və 2031-ci illər üzrə qüvvədə olacaq.

Bundan əlavə, kənd təsərrüfatı istehsalçılarının öz istehsal etdikləri məhsulların satışından əldə etdikləri dövriyyə 2027-ci ildən etibarən 5 il müddətinə müvafiq qeydiyyat və bəyanetmə şərtlərinə əməl olunmaqla sadələşdirilmiş vergidən azad ediləcək.

Lakin təklif olunan digər dəyişiklikdə vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri gəlirlərindən 2 faiz vergi tutulacağı göstərilir. Başqa sözlə desək, şəxsi təsərrüfatındakı məhsulu sifarişçiyə satan fermerə ödəniş onun gəlirindən 2 faiz vergi tutulmaqla həyata keçiriləcək.

Ekspertlərə görə, kənd təsərrüfatında tətbiq edilən yeni vergi qaydaları bu sahədə çalışan fermerlərin fəaliyyətini kifayət qədər ağırlaşdıracaq. 

Böyük ixracatçılara vergi “cənnəti”

2027-ci ildən etibarən 5 il müddətinə ölkə daxilində istehsal olunan məhsulların və müəyyən xidmətlərin ixracı üzrə gəlir və mənfəət vergisinə də güzəştləri tətbiq ediləcək (dövlət, neft-qaz və maliyyə sektorlarında fəaliyyət göstərən vergi ödəyiciləri istisna olmaqla). Təklif olunan dəyişikliklərə əsasən, güzəşt həcmi ixracın ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun müəyyən ediləcək. Lakin bu göstərici 25 faizdən artıq ola bilməz.

Məsələn, sahibkarın ixrac etdiyi məhsulların dəyəri onun ümumi dövriyyəsinin 10 faizini təşkil edərsə, ixracdakı gəlir və ya mənfəətinin 10 faizi vergidən azad olunacaq. İxracın ümumi dövriyyədəki payı 25 faizi keçərsə, güzəşt maksimum 25 faiz həcmində tətbiq ediləcək. Başqa sözlə, sahibkarın ixrac etdiyi məhsulların dəyəri ümumi dövriyyəsinin 50 faizindən çoxunu təşkil etsə belə, vergi güzəşti 25 faiz hissəsinə düşəcək.

Hotel sahiblərinə əcnəbi turistlərə görə vergi güzəşti veriləcək

Daha böyük güzəştlərdən biri də hotelçilik və sanatoriya sektoruna gəlir. 2027-ci ildən etibarən 5 il müddətinə hotellər və sanatoriyalar xarici turistlərə göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlərə görə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Lakin burada da ixrac üzrə vergi güzəştlərində olduğu kimi, maksimum hədd müəyyən edilib. Belə ki, xarici turistlərdən əldə olunan gəlirlərin hotelin ümumi gəlirlərindəki payı 50 faizi keçərsə, vergidən azad olunan hissə 50 faizlə məhdudlaşacaq.

Təklif olunan digər dəyişikliyə görə, fərdi sahibkarın və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyəti üzrə birdən çox gəlir və ya mənfəət vergisi güzəştindən istifadə etmək hüququ yaranarsa, həmin güzəştlərdən yalnız biri istifadə ediləcək. Bu zaman daha yüksək vergi güzəşti nəzərdə tutulan sahəyə üstünlük veriləcək.

Vergi borcları üzrə faizlər və maliyyə sanksiyaları azalacaq

Yeni təkliflərə əsasən, vergi ödəyicisi ona tətbiq edilən maliyyə sanksiyasını qısa müddət ərzində ödəyərsə, 10 faizlik güzəştdən yararlana biləcək. Bunun üçün maliyyə sanksiyası onun qəbul edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödənilməlidir.

Bundan əlavə, vergi borcuna görə hər gecikdirilmiş gün üçün hesablanan faiz dərəcəsi 50 faiz azaldılacaq. Belə ki, hazırda 0,1 faiz təşkil edən gündəlik faiz dərəcəsinin 0,05 faizə endirilməsi nəzərdə tutulur.

Yeni qaydaya əsasən, fermerlər və kənd təsərrüfatı müəssisələri vergi uçotunda olmayan fiziki şəxsləri əkin-biçin kimi mövsümi işlərə cəlb edərkən işlərə başlanılmazdan əvvəl elektron alış aktı tərtib etməlidirlər. Müvafiq akt olmadan həmin şəxslərin işə cəlb edilməsi maliyyə sanksiyasının tətbiqinə səbəb olacaq.

Yerli səhm və istiqrazların satışından əldə olunan gəlirlərin 50 faizi vergidən azad ediləcək

Gələn ildən etibarən  rezident müəssisələrə məxsus, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin və istiqrazların satışından əldə olunan gəlirlərin 50 faizi gəlir vergisindən azad ediləcək.

İstiqrazların satışı zamanı vergitutma obyekti müəyyənləşdirilərkən onların alış qiyməti və əməliyyatla bağlı xərclər, o cümlədən komissiya haqları nəzərə alınacaq.

Qeyd edək ki, Azərbaycanın qiymətli kağızlar bazarının ən böyük iştirakçıları SOCAR və digər dövlət şirkətləri, eləcə də iri banklardır. Yerli qiymətli kağızlar bazarına investisiya edən fiziki şəxslərin vergi yükünün azalması bazarda mövcud olan sözügedən şirkətlərin buraxdıqları səhm və istiqrazlara marağı artıra bilər.

Növbə çipslərə, kuryerlərə və taksi sürücülərinə də çatdı

“ƏDV geri al” mexanizminə ƏDV ödəyicisi olmayan müəyyən sahibkarlıq subyektləri də cəlb ediləcək. Belə ki, ƏDV ödəyicisi olmayan pərakəndə ticarət və ictimai iaşə obyektlərindən, bərbərxanalardan, gözəllik salonlarından, eləcə də muzey, konsert və digər müvafiq xidmətlərdən yararlanan fiziki şəxslərə nağdsız ödəniş məbləğinin 0,9 faizi geri qaytarılacaq.

Bundan əlavə, şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə 0,10 manat, kartof tərkibli və ya kartof dadlı çipslərin hər kiloqramına isə 1 manat aksiz vergisi tətbiq ediləcək.

Taksi sifarişi operatorları vasitəsilə fəaliyyət göstərən taksi sürücülərinə operatorlar tərəfindən ödənilən gəlirlərdən 1 faiz sadələşdirilmiş vergi hesablanacaq.

Mövcud qaydalara əsasən, taksi sürücüləri qazanclarından asılı olmayaraq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyirlər. Bu məbləğ Bakı şəhəri üzrə 18 manat, Sumqayıt və Gəncə şəhərləri, eləcə də Abşeron rayonu üzrə 13,5 manat, digər şəhər və rayonlar üzrə isə 9 manat təşkil edir. Bu qaydalar yeni tətbiq olunmağa başlayıb. Lakin üzərindən 1 il keçəndən sonra vergi ödəmə qaydalarında yenidən dəyişiklik edilməsi nəzərdə tutulur. 

Yeni layihəyə görə, taksi sürücüləri operatorların onlara ödədikləri gəlirlərin 1 faizi həcmində vergi və buna  uyğun olaraq, sosial sığorta ödənişləri də həyata keçiriləcək.

Mövcud sabit ödənişdən fərqli olaraq, yeni qaydalar taksi sürücülərinin gəlirlərindən tutulan vergi və sosial sığorta ödənişlərinin məbləğinin artmasına səbəb ola bilər.

Bundan əlavə, gələn ildən kuryer fəaliyyəti üzrə 15 manat baza məbləğində sabit sadələşdirilmiş verginin tətbiqi gözlənilir.

Ana səhifə ▸ İqtisadiyyat ▸ Gələn ilin vergi “islahatı”ndan kimlər qazanacaq, kimlər itirəcək?