Keçmiş həyat yoldaşının qətlini sifariş etməkdə ittiham olunan siyasətçi həbs edilib

İllüstrasiya: MeydanTV

Keçmiş həyat yoldaşının sifarişli qətlini hazırlamaqda ittiham olunan Gürcüstanın Qardabani Bələdiyyə Məclisi sədrinin sabiq müavini və müxalif siyasətçi Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili qəbul edib.

Məhkəmə iclasında prokurorluq təqsirləndirilən şəxsin həbs edilməsini tələb edib. Müdafiə tərəfi isə Orucovun 50 min lari girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıb. Hakim prokurorluğun tələbini təmin edərək onun barəsində həbs qətimkan tədbiri seçib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, Orucov boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. İstintaqın versiyasına əsasən, o, bu məqsədlə tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmasını istəyib.

DİN-in məlumatında bildirilir ki, Orucov qətlin onların üç azyaşlı övladının analarının yanında olmadığı vaxt törədilməsini planlaşdırıb.

Hakimin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində sözügedən cinayət planına dair məlumatlar əldə edilib. Təqsirləndirilən şəxsin yaşadığı evdə aparılan axtarış zamanı müxtəlif modellərdə odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxlamaq üçün istifadə etdiyi mobil telefon sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Ana səhifə ▸ Xəbərlər ▸ Keçmiş həyat yoldaşının qətlini sifariş etməkdə ittiham olunan siyasətçi həbs edilib