Tramp, Si Cinpin və Putin ilk dəfə üçtərəfli görüşüblər: Ukrayna, nüvə silahları və İran müzakirə olunub

Putin, Tramp və Si Cinpin – Foto: Anadolu Agency – Reuters

Noyabrın 19-da Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin ilk dəfə üçtərəfli formatda bir araya gəliblər. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilib.

Dünyanın üç ən böyük nüvə dövlətinin rəhbərlərinin eyni masa arxasında görüşməsi beynəlxalq münasibətlərdə diqqətçəkən hadisə kimi qiymətləndirilir.

Danışıqların əsas mövzuları Ukraynada müharibə, nüvə silahlarına nəzarət, İran ətrafındakı vəziyyət, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və böyük dövlətlər arasındakı münasibətlər olub.

Donald Tramp görüşün əvvəlində bunu tarixi hadisə adlandırıb.

“Biz həqiqətən tarix yazırıq. Üçümüzün müzakirə edəcəyi çox məsələ var”, – ABŞ Prezidenti bildirib.

Tramp deyib ki, dövlətlər arasında fikir ayrılıqlarının olması dialoqdan imtina üçün əsas deyil. Onun sözlərinə görə, “dialoq və ünsiyyət imkanlarından imtina etməklə heç vaxt sülh əldə olunmayıb”.

ABŞ Prezidenti üç ölkənin nüvə silahlarının sayını azaltmaq və onlardan istifadə riskini aşağı salmaq imkanlarını müzakirə etməli olduğunu söyləyib. Tramp bu məsələnin çətin olduğunu da etiraf edib: “Nüvə silahlarına sahib olduqdan sonra onlardan imtina etmək çox çətindir”.

Putin çıxışında üç ölkənin regional münaqişələrin həllində ortaq maraqlarının olduğunu bildirib. O, xüsusilə Ukraynadakı müharibəni qeyd edib.

“Bizim regional münaqişələrin, o cümlədən Ukraynadakı münaqişənin həllində çoxsaylı ortaq maraqlarımız var”, – Rusiya Prezidenti deyib.

Çin lideri Si Cinpin isə çıxışında Ukrayna müharibəsini birbaşa xatırlatmayıb. O, böyük dövlətlər arasındakı münasibətlərin beynəlxalq sabitlik üçün əhəmiyyətini vurğulayıb.

“Tarix göstərir ki, böyük dövlətlər harmoniya içində yaşayanda dünyada sülh hökm sürür. Böyük dövlətlər toqquşanda isə dünya qarışıqlığa sürüklənir”, – Si Cinpinin sözlərini Çin dövlət mediası yayıb.

Üçtərəfli görüşdən əvvəl Tramp Putin və Si Cinpinlə ayrı-ayrılıqda danışıqlar aparıb. ABŞ Prezidentinin Putinlə görüşü təxminən 40 dəqiqə davam edib. Bu, iki liderin 2025-ci ilin avqustunda Alyaskada keçirilən görüşündən sonra ilk birbaşa təmasıdır.

Tramp Putinlə qarşılaşarkən onu “dostum” adlandırıb.

“Uzun illərdir çox yaxşı münasibətlərimiz var. Bir-birimizi çoxdan tanıyırıq. Düşünürəm ki, bu görüşdən çox gözəl nəticələr əldə etmək olar, yaxud ən azı bunun təməli qoyula bilər”, – Tramp Putinlə görüşün əvvəlində deyib.

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov bildirib ki, iki prezidentin söhbətində əsas mövzu Ukraynadakı müharibə olub. Onlar həmçinin ABŞ-Rusiya münasibətlərini və Si Cinpinlə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

Uşakov görüşdən sonra Putinin əhval-ruhiyyəsini “sadəcə əla” kimi təsvir edib. Bununla belə, Kremlin müşaviri Ukrayna müharibəsinin dayandırılması ilə bağlı hər hansı konkret razılaşma əldə olunduğunu açıqlamayıb.

Tramp Si Cinpinlə də ayrıca görüş keçirib. Bir saatdan bir qədər çox davam edən görüşdə tərəflər ABŞ-Çin münasibətlərinin sabitləşdirilməsi, ticarət və enerji məsələlərinə toxunublar.

Tramp Hörmüz boğazından neft daşımalarının davam etməsinin həm Vaşinqton, həm də Pekin üçün vacib olduğunu bildirib. İranla müharibə nəticəsində boğazda gəmi hərəkətinin pozulması qlobal enerji bazarına təsir göstərir.

Çin dünyanın əsas enerji idxalçılarından biri olduğuna görə bu marşrutun açıq qalmasında maraqlıdır. AP yazır ki, Si Cinpin ABŞ ilə iqtisadi və ticarət məsələlərində əlaqələrin yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb.

Görüşün əsas mövzularından biri nüvə silahlarına nəzarət olub. ABŞ Prezidenti bu məsələdə Çin və Rusiyanın birgə danışıqlara başlamasını istəyir. Lakin Pekinin belə bir razılaşmaya qoşulmağa marağı hələlik aydın deyil.

AP-nin məlumatına görə, Çinin nüvə arsenalında 600-dən çox döyüş başlığı olduğu ehtimal edilir. ABŞ və Rusiyanın hər birinin arsenalında isə 5 mindən çox nüvə başlığı olduğu bildirilir.

ABŞ və Rusiya arasında strateji nüvə silahlarını məhdudlaşdıran son müqavilə – Yeni START bu ilin fevralında başa çatıb. Tramp Çin də daxil olmaqla daha geniş formatlı yeni razılaşma istəyir. Pekin isə nüvə potensialının ABŞ və Rusiyadan xeyli kiçik olduğunu əsas gətirərək belə danışıqlara qoşulmağa ehtiyatla yanaşır.

Arms Control Association təşkilatının icraçı direktoru Daryl Kimball AP-yə bildirib ki, görüş nüvə silahlarının azaldılması ilə bağlı uzunmüddətli danışıqlar prosesinin başlanmasına kömək edə bilər. Bununla belə, o, bir görüşdən ciddi nəticələr gözləməyin düzgün olmadığını deyib.

“Bizə Tramp, Si və Putinin APEC-də diplomatik tamaşası və foto fürsətindən daha artığı lazımdır. Bir görüşün dramatik irəliləyişə gətirib çıxarması ehtimalı azdır”, – Kimball bildirib.

Görüşün Ukrayna ilə bağlı hissəsi də diqqət çəkir. Rusiya Prezidenti müharibənin həllində üç ölkənin ortaq maraqlarından danışsa da, Ukrayna danışıqlarda iştirak etməyib. Avropa ölkələri də üçtərəfli görüşdə təmsil olunmayıb.

AP qeyd edir ki, Trampın Rusiya və Çin liderləri ilə Ukrayna məsələsini Kiyevin iştirakı olmadan müzakirə etməsi müharibənin taleyinə təsir edə biləcək qərarların böyük dövlətlər arasında qəbul olunması ilə bağlı narahatlıq yaradıb. Ukrayna və onun Avropadakı müttəfiqləri isə Kiyevin iştirakı olmadan sülh razılaşmasının mümkün olmadığını bildirirlər.

Görüşdən sonra Çin dövlət xəbər agentliyi “Xinhua” və Kreml tərəfindən yayılan məlumatlarda üç ölkənin Birləşmiş Millətlər Təşkilatında islahatlar, yanacaq təchizatının artırılması və nüvə risklərinin azaldılması üzrə dialoqu davam etdirmək barədə razılığa gəldiyi bildirilib.

Ancaq açıqlanan məlumatlarda Ukrayna müharibəsinin dayandırılması və ya İranla bağlı konkret razılaşma barədə məlumat yoxdur. Həmçinin nüvə silahlarının azaldılması ilə bağlı hüquqi qüvvəsi olan yeni sənəd imzalanmayıb.

Ana səhifə ▸ Dünya ▸ Tramp, Si Cinpin və Putin ilk dəfə üçtərəfli görüşüblər: Ukrayna, nüvə silahları və İran müzakirə olunub