Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə noyabrın 18-də hüquq müdafiəçisi Zəfər Əhmədov sosial şəbəkə hesabında məlumat yayıb.
Samir Babayevə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə – satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma ittihamı irəli sürülüb.
O, 2026-cı il martın 6-da saxlanılıb.
Babayev bundan əvvəl də iki dəfə inzibati qaydada, bir dəfə isə cinayət ittihamı ilə həbs olunub. 2022-ci ildə inanclı fəalların narkotik ittihamı ilə kütləvi həbsi zamanı o da saxlanılıb. Bakı Apellyasiya Məhkəməsi 2024-cü il yanvarın 11-də onun barəsindəki 4 illik həbs cəzasını 3 ilə endirib. Babayev 2025-ci ilin dekabrında cəzasını çəkərək azadlığa çıxıb.
O, əvvəlki həbslərini Müsəlman Birliyi Hərəkatının üzvü olması ilə əlaqələndirib.
Babayevin budəfəki həbsindən əvvəl sosial şəbəkədə İranın keçmiş ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı paylaşımlar etdiyi bildirilir. Xamenei bu il fevralın 28-də İrana ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürülüb.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra üzvləri həbsdədir. Onların bir qismi 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, digərləri isə sonrakı illərdə narkotik ittihamları ilə həbs olunublar. Onlar ittihamları qəbul etmirlər.
Hökumət nümayəndələri ölkədə heç kimin dini inanclarına görə təqib olunmadığını, həbs edilən şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.
Hüquq müdafiəçiləri narkotik ittihamıyla həbsdə olan dini inanclı şəxsləri siyasi məhbus siyahısına daxil ediblər.