Hicab etirazına görə həbs olunan fəala təcridxanada psixoloji təzyiq göstərilir

Mətanət Turan – Foto: Şəxsi arxivi

Oktyabrın 13-də hicab qadağasına qarşı keçirilən etiraz aksiyasında iştirakına görə həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mətanət Turanın Kürdəxanı İstintaq Təcridxanasında mütəmadi psixoloji təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə AXCP-nin Nərimanov Rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova sosial şəbəkə hesabında məlumat yayıb.

Gülnarə Rəhimovanın bildirdiyinə görə, tromboz və ginekoloji xəstəliklərdən əziyyət çəkən fəal 15 gündən çoxdur tibbi müayinədən keçirilmir. Müayinə üçün dəfələrlə vəd verilsdə də, buna əməl edilmir.

Gülnarə Rəhimovanın sözlərinə görə, Mətanət Turanın ailəsi ilə görüşünə də icazə verilmir. Təcridxana rəisi məsuliyyəti müstəntiqin üzərinə atır, müstəntiq isə belə bir məhdudiyyət qoymadığını deyir.

AXCP üzvünün telefon danışıqlarının da yarımçıq kəsildiyi qeyd olunur.

Mətanət Turan oktyabrın 13-də hicab qadağasına qarşı keçirilən etiraz aksiyasında iştirakına görə saxlanılıb. Əvvəlcə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də, prokurorluğun apellyasiya protestindən sonra oktyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirərək onun barəsində iki aylıq həbs qətimkan tədbiri tətbiq edib. O da 233-cü maddə ilə ittiham olunur.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.

 Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması ilə bağlı qaydalara dəyişikliklər edib. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir. 

Oktyabrın 6-da müəllimlərin geyiminə dair də oxşar tələblər təsdiqlənib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, onların tətbiqi hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı narazılıqlara səbəb olub.

Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə şagird və müəllimlərin geyim qaydalarına əməl etməsinə nəzarətin gücləndiriləcəyini açıqlayıb. Bununla belə, idarə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirməyib.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirlik onların ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd etdiklərini iddia edib. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi  ilə cinayət işi başlanıb.

Ana səhifə ▸ Siyasət ▸ Hicab etirazına görə həbs olunan fəala təcridxanada psixoloji təzyiq göstərilir