“Şəki Yaylası”ndakı ölümlərlə bağlı sahibkar və daha bir şəxs həbs edilib

Source: Baş Prokurorluq

“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar və digər bir şəxs həbs olunub.

Bu barədə noyabrın 2-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaq araşdırmaları nəticəsində mərkəzi idarə edən Ramiz Hüseynovun işə laqeyd münasibəti səbəbindən iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlığa yol verdiyinə dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin qeyd olunur ki, Ramiz Hüseynov “Zipline” kanat yolu üçün nəzərdə tutulmuş qüllənin tikintisini müvafiq lisenziyası və ixtisas təhsili olmayan Abasət Paşayevə şifahi şəkildə həvalə edib. Onun rəhbərliyi və birbaşa göstərişləri əsasında qüllənin qanunsuz inşa etdirildiyi bildirilir.

Qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb.

Əlavə edildiyinə görə, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramovla Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq), Abasət Paşayev isə 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittihamlar elan edilib. Şəki rayon Məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslərdən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb,

Həmin ittihamlarla şəxslərə üç ildən yeddi ilədək (sahibkara verilən ittiham üzrə) və iki ildən altı ilədək (digər şəxsə) həbs cəzası verilə bilər.

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanatın qırılması nəticəsində iki nəfər ölüb.

Meydan TV-nin daha əvvəl dərc etdiyi araşdırmada bildirilirdi ki, “Şəki Yaylası” “MGN Group” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Açıq mənbələrdə istirahət mərkəzinin iş adamı Məhərrəm Novruzova məxsus olduğu barədə məlumatlar da yayılıb. Araşdırmada Novruzovun biznes fəaliyyəti və onunla əlaqələndirilən digər obyektlər barədə də məlumat verilib.

Ana səhifə ▸ Sosial ▸ “Şəki Yaylası”ndakı ölümlərlə bağlı sahibkar və daha bir şəxs həbs edilib