Bu ilin sentyabr-oktyabr aylarında bir sıra kənd təsərrüfatı məhsullarında əhəmiyyətli artım müşahidə olunmaqdadır. Məsələn, oktyabr ayında kənd yumurtasının qiyməti 25 qəpikdən 45-50 qəpiyə yüksəlib. Satıcılar bunu mövsümlə əlaqələndirirlər. Onların sözlərinə görə, havalar soyuyanda ev şəraitində saxlanılan toyuqlar az yumurtalayır. Bu səbəbdən ilkin əldən satış qiymətləri 28-30 qəpiyə qədər bahalaşıb.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında bildirib ki, kənd təsərrüfatı yumurtası ilə yanaşı, sənaye üsulu ilə əldə edilən yumurtalarda da bahalaşma var. Onun sözlərinə görə, kənd yumurtasının mövsümlə əlaqədar qiymətinin artımı təbii olsa da, sənaye üsulu ilə əldə edilən yumurtanın bahalaşması vəziyyətdən sui-istifadə halıdır:
“Bu, birmənalı olaraq “kartel” sövdələşməsidir. Ona görə ki, sənaye üsulu ilə istehsalda ona 24 saat ərzində işıqlandırma həyata keçirilir. Orada toyuqların yumurta istehsalında azalma baş vermir. İndi, baxmayaraq ki, hərdən azalma göstərirlər, bu da mövsümlə bağlı edib. Dövlət Statistika Komitəsi də yumurta istehsalında qiymət artımını qeydə alıb, təqribən 5 faiz civarındadır”.
Yumurta ilə yanaşı, son ayda bütün tərəvəzlərdə, habelə ətdə, müxtəlif meyvələrdə, kartofda, soğanda, kərə və bitki yağlarında, süd məhsullarında da ciddi bahalaşma müşahidə edilir.
V.Məhərrəmov qeyd edir ki, hökumət göstəriciləri şişirtməklə istehsalda artım göstərməyə çalışır:
“Reallıqda isə vəziyyət fərqlidir. Ölkədə istehsal xərcləri artır, istehsal isə azalır. Bu isə o deməkdir ki, gələcəkdə də yeyinti məhsulları bahalaşacaq”.
Dövlət Statistika Komitəsi 2026-cı ilin ilk doqquz ayında istehlak qiymətlərinin 5,7 faiz bahalaşdığını qeyd edir. Bu dövrdə ərzaq inflyasiyası 6,7 faiz təşkil edib. Tütün məmulatları 10 faiz, alkoqollu içkilər isə 7,6 faiz bahalaşıb.
Ekspert əlavə edir ki, bu bahalaşma oktyabr ayında da davam edib.
V.Məhərrəmovun fikrincə, kərə yağının həm istehsalı, həm də idxalı azalıb:
“Həm istehsalın, həm də idxalın ciddi azalması o deməkdir ki, təklif azalıb. Təklif azalanda da qiymət artır. Orada da monopoliya var. Orada da imkan vermirlər ki, sahibkarlar digər ölkələrdən nisbətən ucuz qiymətə alıb gətirib təklifi artırsınlar, qiymət aşağı düşsün. Buna imkan vermirlər. Kərə yağının keyfiyyəti çox aşağıdır. Demək olar ki, Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olanlar xüsusi qatqılardan istifadə edirlər. Yəni əsl kərə yağı deyil, inək südündən alınan kərə yağı deyil. Ona görə də demək olar ki, keyfiyyəti aşağıdır, saxta məhsuldur, digər tərəfdən də qiyməti yüksəkdir. Bazarda da onunla monopolistlər məşğul olurlar. Burada yaranmış vəziyyətdən sui-istifadə edirlər, həm saxtakarlıqla məşğul olurlar, həm də baha qiymətə satırlar”.
Kənd təsərrüfatı mütəxəssisinin sözlərinə görə, DSK ərzaq məhsullarının qiymətində 7 faizə yaxın bahalaşma göstərsə də, reallıqda bu qiymətləri endirim olan günlər üzərində hesablayırlar:
“Ölkədə qiymətləri necə müəyyən edirlər? Məsələn, eyni vaxtda bütün marketlərdə endirimlərin olduğunu görürük. Həmin qiymətlər fiksə edilir. Yəni bütün marketlərdə eyni vaxtda endirimlər olur və həmin günün qiymətlərini götürürlər. Bu yolla qiymət artımını aşağı göstərirlər. Amma əslində qiymət artımı çox ciddidir.
Məsələn, yumurtanın qiyməti 16 qəpikdən 19 qəpiyə qalxıb. Sonra indi görürük ki, pomidorun, xiyarın qiyməti ən azı 30-40 faiz artıb. İlin əvvəlində 17 manat 50 qəpik olan ət indi artıq 20 manatdır. Yəni ətin qiyməti mərhələli şəkildə, yavaş-yavaş bahalaşır. Keçən illə müqayisədə 20 faizə yaxın artıb. Kartofun qiyməti ən ucuzu 60 qəpikdən 1 manat 10 qəpiyə qalxıb.
Soğan da 50-55 qəpikdən 1 manat 10 qəpiyə yüksəlib. Yerkökü keçən illə müqayisədə xeyli bahalaşıb. Bir ay içində 1 manatdan 1 manat 50 qəpiyə qədər yüksəldi”.
Ekspert qeyd edir ki, bahalaşmanın sürətlə artmasının müxtəlif səbəbləri var:
“Ərzaq təhlükəsizliyi deyilən anlayış var. Buraya ərzağın fiziki varlığı, onun əlçatanlığı və dayanıqlı olmağı daxildir.
Fiziki varlıq odur ki, əhalinin tələbatı qədər məhsul istehsal edilməlidir. Yəni hər adambaşına hansı məhsuldan nə qədər istehsal edilməsinə dair normativ olmalıdır. Təəssüf ki, bizdə belə bir normativ yoxdur.
Eyni zamanda ərzaq bütün insanlar üçün əlçatan olmalıdır. Daha çox məhsul istehsal etsək, ərzağın qiyməti də enəcək. Ərzaqların qiyməti dəyişəndə də stabil diapazonda dəyişəcək, kəskin bahalaşmayacaq.
Bundan əlavə, bunun dayanıqlığının təmin edilməsi üçün kənd təsərrüfatı sektoruna xüsusi önəm verilməlidir. Çatışmayan az bir hissəsini də idxal edə bilərik”.
V.Məhərrəmova görə, hazırda aqrar sektorda mütəxəssis çatışmazlığı, su təminatı, keyfiyyətli toxumun əlçatanlığı, anbar və bazara çıxışla bağlı problemlər mövcuddur:
“Bir çox hallarda görürük ki, istehsal az olduğu halda, məhsulun bir hissəsi də xarab olur. Bu sahəyə ciddi diqqət yetirilməlidir. Azərbaycanın torpaq və iqlim şəraiti imkan verir ki, əsas ərzaq məhsulları ilə özünü yüz faiz təmin edə bilsin”.