200 min manatlıq rüşvət iddiası: Üç vergi məmurunun məhkəməsi başlayır

Korrupsiya, Atstock Productions/shutterstock

Dövlət Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda şübhəli bilinən üç vəzifəli şəxsinin məhkəməsi başlayır. Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı noyabrın 2-də məlumat yayıb.

Məlumatda deyilir ki, ittiham olunan şəxslər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, həmin qurumun Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovdur.

İstintaq materiallarına əsasən, adıçəkilən şəxslərin paytaxtdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan müxtəlif güzəştlər vəd etməklə pul aldıqları iddia olunur.

Bildirilir ki, vergi yoxlamalarının keçirilməməsi, cərimələrin tətbiq edilməməsi və digər imtiyazların təmin olunması müqabilində onlardan ümumilikdə 200 min manat məbləğində rüşvət alındığına dair əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun məlumatına görə, Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədova qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi artıq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham olunan şəxslər təqsirli bilinərək məhkum ediləcəkləri təqdirdə 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.

Məsələ ilə bağlı hələlik təqsirləndirilən şəxslərin vəkillərinin və ya yaxınlarının mövqeyini öyrənmək mümkün olmayıb.

Azərbaycanda son illərdə gömrük, vergi və digər dövlət qurumlarının əməkdaşlarının korrupsiya və rüşvət ittihamları ilə saxlanılması barədə məlumatlar mütəmadi yayılır. 

Bir sıra analitiklər də ölkədə korrupsiyaya qarşı mübarizənin sistemli islahatlarla deyil, ayrı-ayrı həbslərlə məhdudlaşdığını və bunun real nəticələrdən daha çox mübarizə görüntüsü yaratdığını iddia edirlər. Rəsmi qurumlar isə bu qəbildən olan tənqidləri qərəzli yanaşma kimi qiymətləndirirlər.

Ana səhifə ▸ Siyasət ▸ 200 min manatlıq rüşvət iddiası: Üç vergi məmurunun məhkəməsi başlayır