Azərbaycanda həbsdə olan bir qrup inanclı məhbus xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edərək ailə üzvləri üçün sığınacaq istəyib.
Müraciət müəllifləri hicabla bağlı qadağaya görə övladlarının məktəblərdə təzyiqlərlə üzləşdiyini bildiriblər. Onlar uşaqlarının təhsilini davam etdirə bilməsi üçün xaricdə sığınacaq verilməsini və ya Azərbaycandakı səfirliklərin tabeliyində olan təhsil müəssisələrində oxumalarına şərait yaradılmasını xahiş ediblər.
“Biz vicdan məhbusları dini etiqadlarımıza görə dəfələrlə repressiyalara məruz qalmışıq. Bizi dəfələrlə şərləyib həbs edən bu totalitar rejim indi də orta məktəblərdə təhsil alan inanclı övladlarımızın baş örtüsü olan hicabla təhsil almasını birmənalı olaraq qadağan edib”, – müraciətdə deyilir.
Məhbuslar bildirirlər ki, hicabla bağlı qadağanın yaratdığı problemlərin aradan qaldırılması üçün alternativ təklif irəli sürülməyib. Onların sözlərinə görə, övladları məktəblərdə kobud rəftar və psixoloji təzyiqlə üzləşirlər.
“Övladlarımız orta məktəblərdən kobud və psixoloji təsir göstərilməklə qovulurlar. Onlar da gözüyaşlı və psixoloji sarsıntı içərisində evimizə qayıdırlar”, – müraciətdə vurğulanır.
Məhbuslar xarici ölkələrin nümayəndələrindən ailələrinə sığınacaq verilməsinə və uşaqlarının təhsilinə dəstək göstərilməsinə kömək etməklə yanaşı, həbsxanada təhlükəsizliklərinin təmin olunmasına yardım istəyiblər.
Müraciəti Şamil Abduləliyev, Vüsal Alışov, Nahid Qəhrəmanlı, Seymur Aslanov, Etibar İsmayılov, Ramin Əliyev, İsmayıl Ağayev və Şərif Allahverdiyev imzalayıb.
Son həftələr Azərbaycanda bir sıra məktəblərdə hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmadığı barədə məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarından sonra gündəmə gəlib. Qərarda hicabın qadağan olunması birbaşa göstərilməsə də, bəzi məktəblərdə sənəd dünyəvilik prinsipinə zidd hesab edilən geyimlərə icazə verilməməsi kimi şərh olunur. Məhdudiyyətlərə etiraz olaraq bir sıra məktəblərdə aksiyalar keçirilib.
Daxili İşlər Nazirliyi vahid geyim qaydalarının tətbiqi ilə bağlı insidentlər zamanı 37 nəfərin saxlanıldığını açıqlayıb. Nazirliyin iddiasına görə, Bakıda bir qrup şəxs təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa çalışıb.
Bununla yanaşı, bəzi inanclı fəallar etirazlarla əlaqədar ölkə üzrə 400-ə yaxın şəxsin saxlanıldığını bildirirlər.