Paşinyan: “Ermənistan Azərbaycanla sülhü 2027–2028-ci illərdə imzalamağı hədəfləyir”

Paşinyan. Foto: Baş nazirin səhifəsi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini deyib.

O, oktyabrın 22-də keçirdiyi mətbuat konfransında Ermənistanın yeni Konstitusiya layihəsi, Türkiyə ilə sərhədin açılması, Rusiyadan enerji asılılığı, Avrasiya İqtisadi İttifaqı (AİƏT) ilə münasibətlər və TRIPP layihəsi barədə də danışıb.

Paşinyanın sözlərinə görə, sülh sazişinin imzalanması üçün Azərbaycanla işi davam etdirmək, regional nəqliyyat əlaqələrinin açılmasına nail olmaq və TRIPP layihəsinin icrasına başlamaq lazımdır.

“2027–2028-ci illərdə müqaviləni imzalamalıyıq, bu il çatdırmaq çətindir”, – Paşinyan deyib.

O, 2031-ci ilin sülh sazişinin imzalanacağı tarix kimi təqdim edilməsini dəqiqləşdirərək bildirib ki, həmin il Ermənistanın hazırkı hökumətinin mandatının başa çatdığı dövrə təsadüf edir.

Paşinyan TRIPP layihəsinin icrasına başlanmasını hazırda əsas vəzifələrdən biri adlandırıb.

“İndi layihələndirmə başlayır, sonra tikintiyə keçəcəyik”, – o bildirib.

Yeni Konstitusiya layihəsi hazırlanır

Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu deyib. Onun sözlərinə görə, layihə yaxın vaxtlarda dərc olunacaq, ictimai müzakirələrdən sonra parlamentə təqdim ediləcək.

“Tezliklə Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələrə başlayacağıq və parlamentə göndərəcəyik”, – Baş nazir bildirib.

O, müxalifəti dəyişikliklərin vacibliyinə inandırmağa çalışacaqlarını, bu mümkün olmasa, növbədənkənar parlament seçkiləri də daxil olmaqla başqa ssenariləri nəzərdən keçirəcəklərini söyləyib.

Paşinyan Konstitusiya məsələsini Azərbaycanla müzakirə etmədiklərini vurğulayıb. Onun sözlərinə görə, Bişkekdə keçirilən görüşdə Azərbaycan tərəfinə bu mövzunun Ermənistanın daxili siyasi gündəliyinə aid olduğunu bildirib.

Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi də Konstitusiyanın Ermənistanın daxili işi olduğunu qəbul edir, lakin sülh sazişi ilə bağlı öz siyasi mövqeyini Yerevanın diqqətinə çatdırır.

Baş nazir Konstitusiya dəyişikliyi və sülh sazişinin imzalanmasını Ermənistan vətəndaşları qarşısında öhdəlikləri kimi təqdim edib.

“Əgər erməni xalqı bu missiyanı dəstəkləməzsə, mən Ermənistan Respublikasındakı siyasi missiyamı başa çatmış hesab edəcəyəm”, – o deyib.

2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan sülh sazişinin mətnini paraflayıblar. Sazişin imzalanması ilə bağlı fikir ayrılıqlarından biri Ermənistan Konstitusiyası məsələsidir. Azərbaycan Konstitusiyada ərazi iddiaları olduğunu bildirir və dəyişiklik edilməsini tələb edir. Ermənistan isə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını deyir, dəyişiklik məsələsini ölkənin daxili işi hesab edir.

TRIPP layihəsi üzrə hazırlıq başlayıb

Paşinyan bildirib ki, Ermənistanın iqtisadi dayanıqlılığını artırmaq üçün regional kommunikasiyaların mümkün qədər tez açılması vacibdir. Onun sözlərinə görə, Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu layihənin infrastrukturu ilə bağlı məsələləri araşdırmaq üçün Sünik vilayətinə səfər edib.

Hazırkı hazırlıq işləri dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərini əhatə edir.

Paşinyan layihənin artıq praktiki icra mərhələsinə daxil olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan-Amerika birgə TRIPP Development Company şirkətinin yaradılması yekun mərhələdədir.

Baş nazir Ermənistan və ABŞ arasında layihə ilə bağlı sazişin ratifikasiyası prosesinin parlamentdə başladığını da xatırladıb.

Jurnalistlərin Ermənistan yüklərinin Azərbaycan ərazisindən keçməsi və bu prosesin necə tənzimlənəcəyi barədə sualına Paşinyan Vaşinqtonda imzalanmış sülh bəyannaməsində tərəflərin beynəlxalq, ikitərəfli və daxili əlaqələr üçün yolları açmasının nəzərdə tutulduğunu deyib. O, iş prosesində texniki məsələlərin dəqiqləşdirilməsini normal hesab edib.

Ermənistan Türkiyə ilə sərhədin açılması üçün danışıqları davam etdirir

Paşinyan Ermənistanın Türkiyə ilə sərhədin açılması üçün həm Ankara, həm də Bakı ilə işləməyə davam etdiyini bildirib.

“Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeyd-şərtləri var, hazırda proseslər bu mərhələdədir. Lakin müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik”, – o deyib.

Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması prosesinə 2022-ci ildə başlayıblar. Tərəflər ilkin mərhələdə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaq barədə razılığa gəlsələr də, bu razılaşma hələ həyata keçirilməyib.

Paşinyan Azərbaycanla Türkiyə arasında münasibətlər barədə şərh vermək istəmədiyini də bildirib.

“Mən Azərbaycan-Türkiyə münasibətlərini şərh edə bilmərəm və etmək istəmirəm, bu onların daxili işidir. Bizim Azərbaycanla və Türkiyə ilə ayrı-ayrılıqda münasibətlərimiz var və biz bu istiqamətdə işləyəcəyik”, – Baş nazir qeyd edib.

Ermənistan ərazisinə keçən azərbaycanlı çoban geri qaytarılacaq

Paşinyan Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımovun geri qaytarılması məsələsinə də toxunub.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Qasımov oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkarlanıb. Qurum onun yolu azdığı üçün Ermənistan ərazisinə keçdiyini bildirib.

Paşinyan Ermənistan hərbçilərinin həmin şəxsi aşkarladıqdan sonra Milli Təhlükəsizlik Xidmətinə təhvil verdiklərini deyib.

“Dünyada elə bir sərhəd yoxdur ki, bir nəfər oradan keçə bilməsin”, – Baş nazir bildirib.

O, belə hadisələr üzrə xidməti araşdırmalar aparıldığını, lakin bir hadisədən ümumi nəticə çıxarmağın düzgün olmadığını söyləyib.

Ermənistan AİƏT-dən çıxarılma ehtimalını müzakirə edir

Mətbuat konfransında Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün dayandırılmasının mümkün nəticələri barədə hesabat da müzakirə olunub. Hesabatda belə bir ssenari baş verərsə, AİƏT ölkələri ilə ticarət dövriyyəsinin təxminən 56 faiz azalacağı, Ermənistanın ÜDM-inin 15,6 faiz düşəcəyi və qazın qiymətinin 69 faiz artacağı proqnozlaşdırılır.

Paşinyan bu proqnozların hökumətin mövqeyini dəyişmədiyini deyib. Onun sözlərinə görə, AİƏT-in üzv ölkələrinin bir dövləti təşkilatdan çıxarmaq hüququ yoxdur.

Baş nazir Ermənistanın xarici əlaqələrini şaxələndirməyə davam edəcəyini bildirib.

“Bizim əsas diqqətimiz Ermənistanın davamlı inkişafı, müstəqilliyimizin və suverenliyimizin qorunmasıdır. Biz bu yolla gedəcəyik və əlaqələrimizi diversifikasiya edəcəyik”, – o deyib.

Paşinyan Rusiyadan silah və qaz asılılığını Ermənistan üçün təhdid adlandırıb. O, 2020, 2021 və 2023-cü illərdə baş verənlərin, eləcə də Ermənistanın pulunu ödədiyi silahların verilməməsinin və 2022-ci ilin sentyabrında KTMT-nin müqavilə öhdəliklərini yerinə yetirməməsinin unudulmamalı olduğunu bildirib.

Qazın bahalaşmayacağına dair zəmanət verib-verə bilməyəcəyi barədə suala isə Paşinyan belə cavab verib:

“Qaza gəlincə, bahalaşmayacağına dair zəmanət yoxdur. Bəs əvvəllər zəmanət var idi? Əvvəllər də qazın qiyməti qalxıb”.

Baş nazirin sözlərinə görə, son səkkiz ildə qazın qiyməti azı iki dəfə artırılıb. Əvvəlki artımların əhali üçün hiss olunmaması hökumətin vergi ödəyicilərinin hesabına gördüyü tədbirlər sayəsində mümkün olub.

Ana səhifə ▸ Siyasət ▸ Paşinyan: “Ermənistan Azərbaycanla sülhü 2027–2028-ci illərdə imzalamağı hədəfləyir”