Ali Məhkəmə Zamin Zəkinin həbs cəzasını qüvvədə saxlayıb

Zamin Zəki. Foto: şəxsi Facebook səhifəsi

Ali Məhkəmə “Ubuntu” Sosial İş Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri, sosial məsələlər üzrə ekspert Zamin Zəki barəsində çıxarılmış hökmü dəyişməyib. O, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Oktyabrın 22-də hakim İlkin Rəcəbovun sədrlik etdiyi kollegiya ictimai fəalın kassasiya şikayətini təmin etməyib.

Zamin Zəkinin vəkili Günay İsmayılova isə hökmün əsassız olduğunu bildirib. O, Ali Məhkəmədəki çıxışında müvəkkilinin təqsirsiz olduğunu və ittihamları təsdiqləyən heç bir sübutun ortaya qoyulmadığını deyib.

Vəkilin sözlərinə görə, aşağı instansiya məhkəmələri müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

“Aşağı instansiya məhkəmələrində heç bir vəsatətimiz təmin olunmadı. Məhkəmələr hətta Zamin Zəkinin vəkilinin yanında əyləşməsi və ya ekspertiza təyin olunması kimi texniki məsələlərlə bağlı müraciətləri belə rədd etdilər”, – Günay İsmayılova bildirib.

Vəkil həmçinin təşkilatın Zamin Zəkinin adına olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, təşkilatın onun adına olması halında belə, qrant almaq cinayət məsuliyyəti yaratmır:

“Hətta elə olsaydı belə, qrant almaq cinayət məsuliyyəti yaratmır; ən pis halda, buna görə yalnız inzibati məsuliyyət yarana bilərdi”.

Zamin Zəkinin kassasiya şikayətinə özü iştirak etmədən baxılıb.

Zamin Zəki hansı ittihamlarla həbs olunub?

Zamin Zəki 2025-ci ilin aprelində QHT-lərlə bağlı cinayət işi çərçivəsində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs edilib. Ona cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

O, 50 min manata yaxın qrant vəsaitini qeydiyyatdan keçirmədən xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə təqsirləndirilib.

2026-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verib. Apellyasiya instansiyası iyulda cəzanı 3 ay azaldaraq 7 il 3 aya endirib.

QHT işi üzrə digər təqsirləndirilənlər

QHT-lərlə bağlı cinayət işinin icraatı 2014-cü ildə başlanıb, 2022-ci ildə isə dayandırılıb. Baş Prokurorluq 2025-ci ilin fevralında işi yenidən araşdırmağa başlayıb. Beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edən 20-yə yaxın vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan beşi həbs edilib, 10-a yaxın şəxs barəsində başqa qətimkan tədbirləri seçilib, daha iki nəfər isə axtarışa verilib.

Həbs edilənlər arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və ictimai fəal Əhməd Məmmədzadə də olub.

QHT təmsilçilərindən Asəf Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlərin məhkəmə prosesləri davam edir.

Barələrində başqa qətimkan tədbirləri seçilmiş Aygül Pəncəliyeva, Asiman Qocayev, Qalib Bayramov, Nərgiz Muxtarova, Əhməd Məmmədzadə, Ülviyyə Babasoy, Məhərrəm Göyüşoğlu və Mehriban Rəhimliyə şərti cəza verilib.

Cinayət işi üzrə təqsirləndirilən QHT nümayəndələri ittihamları qəbul etmir və heç bir cinayət törətmədiklərini bildirirlər.

Ana səhifə ▸ Siyasi işlər ▸ Ali Məhkəmə Zamin Zəkinin həbs cəzasını qüvvədə saxlayıb