Türkiyə ilə Azərbaycan arasında münasibətlər rəsmi Bakının İsraillə yaxın əlaqələrini davam etdirməsi və məktəblərdə hicabla bağlı məhdudiyyətlərin tətbiqi fonunda gərginləşib.
“Forbes” jurnalında dərc edilən məqalədə belə deyilir.
“Forbes” yazır ki, Bakı İsraillə əməkdaşlığı İranla bağlı təhlükəsizlik maraqlarına görə vacib sayır, Türkiyədə isə hicab məsələsi həssas siyasi mövzudur. Bununla belə, hər iki ölkənin regional və iqtisadi maraqları münasibətlərin ciddi şəkildə pozulmasını istəməmələri üçün əsas səbəbdir.
Nəşrin təhlilinə görə, Ankara ilə Bakı arasında mövcud fikir ayrılıqları iki ölkənin bir-birinə bağlı strateji maraqlarını arxa plana keçirmir. Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya çıxış və enerji resurslarının daşınması baxımından əhəmiyyət daşıyır. Bakı isə Ankara ilə əməkdaşlığı regional mövqeyini möhkəmləndirmək üçün vacib hesab edir.
Məqalədə Azərbaycanın əhəmiyyətinin yalnız enerji ehtiyatları ilə ölçülmədiyi vurğulanır. Ölkə Mərkəzi Asiya dövlətlərinin Rusiya və İrandan yan keçən nəqliyyat marşrutları vasitəsilə dünya bazarlarına çıxışında mühüm mövqeyə malikdir. Türkiyə də bu marşrutların inkişafında və regionun enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında əsas tranzit ölkələrindən biri kimi çıxış edir.
“Forbes”in diqqət çəkdiyi əsas ziddiyyətlərdən biri Azərbaycanın həm Türkiyə, həm də İsraillə yaxın münasibətlərini davam etdirməsidir. Nəşr qeyd edir ki, Bakı ilə Təl-Əviv arasında əməkdaşlıq, o cümlədən 2020-ci il Qarabağ müharibəsi zamanı göstərilən dəstək, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyıb. Ancaq İsraillə Türkiyə arasında münasibətlərin gərgin olması Bakının xarici siyasətində həssas tarazlıq yaradır.
Bu ziddiyyət oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə də özünü göstərib. İsrail Prezidenti İshaq Hersoqun çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan və bir sıra ölkələrin nümayəndələri zalı tərk ediblər.
“Forbes” bu hadisəni Azərbaycanın İsraillə tərəfdaşlığının regional diplomatik münasibətlərə təsirini göstərən nümunələrdən biri kimi qiymətləndirir.
Məqalədə Bakının İsraillə əlaqələrini davam etdirməsi İranla bağlı təhlükəsizlik narahatlıqları ilə izah olunur. Nəşrin yanaşmasına görə, Azərbaycan İsraili cənub qonşusundan qaynaqlana biləcək təhdidlərə qarşı mühüm tərəfdaş hesab edir. İsrail üçün isə Azərbaycanla əməkdaşlıq İranın şimal sərhədləri yaxınlığında strateji mövqeyini gücləndirmək baxımından əhəmiyyətlidir.
Bu şəraitdə Bakı həm Ankara, həm də Təl-Əvivlə əlaqələrini qorumağa çalışır. Nəşr İsrail Prezidentinin Azərbaycana səfəri və zirvə görüşündə baş verən insident ətrafında yaranmış müzakirələri də həmin tarazlığın çətinliyini göstərən hallar kimi təqdim edir.
İki ölkə arasında müzakirə doğuran digər məsələ Azərbaycanda məktəbli geyim qaydaları və hicabla bağlı məhdudiyyətlərdir. Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində məktəbli formasının vahidliyini pozan və ya təhsilin dünyəvi xarakterinə uyğun gəlməyən əlavə geyim elementlərinə icazə verilmir. Qərarda hicab ayrıca göstərilməsə də, sonradan bəzi məktəblərdə hicablı şagirdlərin dərslərə buraxılmadığı barədə məlumatlar yayılıb.
Azərbaycan tərəfi qaydaları vahid məktəbli formasının və dünyəvi təhsil prinsipinin qorunması ilə əsaslandırır.
Türkiyədə hicabla bağlı qərara etirazlar səslənib. Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saral Bakını qərarına yenidən baxmağa çağırıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə bu tənqidlərə cavab verərək Türkiyə rəsmisinin açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
“Forbes” hicab məsələsinin Türkiyə siyasətində xüsusi həssaslıq daşıdığını xatırladır. Ərdoğanın siyasi yüksəlişi dövründə qadınların dövlət qurumlarında və universitetlərdə baş örtüyü ilə iştirak hüququnun müdafiəsi mühüm mövzulardan biri olub. Onun hakimiyyəti illərində Türkiyədə əvvəllər tətbiq edilən bir sıra hicab məhdudiyyətləri aradan qaldırılıb.
Məqalədə Azərbaycanın yanaşmasının Türkiyənin daxili siyasətindən fərqli regional şərtlərlə əlaqəli ola biləcəyi qeyd olunur. Nəşrin təhlilinə görə, Bakı dünyəvi dövlət modelini qorumaqla yanaşı, İranın dini və siyasi təsirinin ölkə daxilində artması ehtimalını da nəzərə alır. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olması və ölkənin İranla həmsərhəd yerləşməsi bu məsələyə əlavə geosiyasi ölçü verir.
“Forbes” Türkiyənin və Azərbaycanın dini siyasətə fərqli yanaşmalarını regionun tarixi təcrübəsi ilə də əlaqələndirir. Məqalədə Tacikistan və Özbəkistan kimi keçmiş sovet respublikalarının dini fəaliyyətə dövlət nəzarətini güclü saxlaması nümunə göstərilir. Nəşr bunu dini radikalizm riskləri və qonşu regionlardakı qeyri-sabitliklə bağlı narahatlıqlarla izah edir.
Məqalədə Əfqanıstan və Çeçenistan təcrübəsinə, eləcə də Rusiyanın Mərkəzi Asiyada təsir imkanlarına dair iddialara yer verilir. Müəllif Rusiyanın dini radikalizmdən geosiyasi vasitə kimi istifadə edə biləcəyini irəli sürür və 1990-cı illərdə regiondakı silahlı islamçı qruplara dəstəklə bağlı iddiaları xatırladır. Bu fikirlər məqalənin müəllifinin təhlili kimi təqdim olunur.
Nəşrin qənaətinə görə, bəzi Mərkəzi Asiya hökumətləri dini sahədə mümkün riskləri azaltmaq üçün bu fəaliyyətə nəzarəti gücləndirməyə çalışırlar. Məqalədə Qazaxıstan və Türkmənistanın dini həyat və geyim qaydaları ilə bağlı təcrübələrinə də istinad edilir.
“Forbes” hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında mövcud fikir ayrılıqları gələcəkdə də davam edə bilər. Bununla yanaşı, münasibətlərə təsir göstərə biləcək məsələlər yalnız hicab və İsraillə əlaqələrlə məhdudlaşmır. Ermənistanla münasibətlərin normallaşdırılması və regional nəqliyyat layihələrinin gələcəyi də Ankara ilə Bakı arasında fərqli yanaşmaların üzə çıxmasına səbəb ola bilər.
Türkiyə son dövrlərdə Ermənistanla münasibətlərin bərpası istiqamətində addımlar atıb. Bu proses uzun illər bağlı qalmış quru sərhədinin açılması perspektivini və regional nəqliyyat əlaqələrinin genişləndirilməsi imkanlarını gündəmə gətirir. Ankara üçün Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi də mühüm prioritetlərdəndir.
Məqalədə bu proseslər 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar kontekstində nəzərdən keçirilir. Həmin gün iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıb, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan isə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar.
“Forbes” yazır ki, Vaşinqtonun təşviq etdiyi proses Türkiyənin regional nəqliyyat və normallaşma gündəliyi ilə də əlaqəlidir. Bununla belə, Bakı danışıqlarda öz maraqlarını və şərtlərini qorumaq imkanına malikdir. Nəşr Azərbaycanın ABŞ-dən asılılığının nisbətən az olması və Ermənistanla uzunmüddətli münaqişə təcrübəsinin onun mövqeyinə təsir etdiyini iddia edir.
Məqalədə Ərdoğanın Azərbaycanla qarşıdurmaya getmək imkanlarının məhdud olduğu da vurğulanır. Nəşrin fikrincə, Türkiyə rəhbərliyi Bakı ilə münasibətləri gərginləşdirməklə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə və Mərkəzi Asiyaya yönələn siyasətinə zərər vurmaq istəməz.
“Forbes” Türkiyənin daxili siyasi və iqtisadi çətinliklərinin də Ərdoğanın manevr imkanlarına təsir göstərə biləcəyini qeyd edir. Məqalədə ölkədəki qalmaqallar, İstanbulda baş vermiş daşqınlar və 2023-cü il prezident seçkilərindən əvvəl hökumətə ünvanlanan tənqidlər bu kontekstdə xatırladılır.
Nəşrin yekun qənaətinə görə, Türkiyə ilə Azərbaycan arasında fikir ayrılıqları mövcud olsa da, tərəflərin strateji maraqları münasibətlərin ciddi şəkildə pozulmasına qarşı əsas amil olaraq qalır. Azərbaycan Ankara ilə tərəfdaşlığı qorumağa, eyni zamanda xarici siyasətdə müstəqil qərar vermək imkanlarını saxlamağa çalışır. Türkiyə üçün isə Azərbaycanla yaxın münasibətlər həm regional təsir, həm də Mərkəzi Asiya ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
“Forbes” iki ölkə arasındakı münasibətlərin gələcəyini şərh edərkən belə nəticəyə gəlir: “Onların münasibətlərinə zərər dəyməyəcək, çünki tərəflərdən heç biri buna imkan verə bilməz”.