Azərbaycanda məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb

Məktəblərdə Tiktoka qadağa – Foto: Chatgpt

Nazir müavini bu məhdudiyyətin tətbiq olunduğunu hələ iyun ayında açıqlamışdı.

Azərbaycanda məktəblərdə “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 21-də “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda danışıb.

Nazir müavininin sözlərinə görə, məktəblərdə cinayət, narkotik, zorakılıq və digər təhlükəli mövzularla bağlı 200-dən çox məzmun kateqoriyasına da məhdudiyyət tətbiq edilib.

“Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”, – Firudin Qurbanov bildirib.

Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti qoyulmasını nəzərdə tutan qanun isə 2026-cı il iyunun 30-da qəbul edilib və avqustun 5-də dərc olunub.

Qanuna əsasən, 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək. 16-18 yaşlı şəxslərin qeydiyyatı isə valideyn və ya qanuni nümayəndənin razılığı əsasında mümkün olacaq.

Dəyişikliklərin dərc edildiyi tarixdən 12 ay sonra, yəni 2027-ci il avqustun 5-də qüvvəyə minməsi nəzərdə tutulur.

Uşaqların zərərli məzmundan qorunmasını tənzimləyən əsas qanun isə 2018-ci il oktyabrın 30-da qəbul edilib və 2020-ci il yanvarın 1-də qüvvəyə minib.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanda məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb