Azərbaycan Baş Prokurorluğu Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi barəsində cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.
Prokurorluq Çiftçini sosial şəbəkələrdə hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar etməkdə, dini nifrət və düşmənçiliyi təşviq edən materiallar yaymaqda ittiham edir.
Çiftçinin sosial media hesabında paylaşdığı bildirilən qısa videoda hərbi geyimli silahlı şəxs prezident İlham Əliyevin təsviri olan küçə lövhəsini aşırır. Görüntünün real hadisəni əks etdirmədiyi və süni intellekt alətlərindən biri ilə hazırlandığı görünür.
Cəlal Çiftçi sözügedən videonu Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz olaraq paylaşıb. O, bu məhdudiyyətlərə görə Prezident İlham Əliyevi tənqid edir.
Baş Prokurorluğun oktyabrın 16-da yaydığı məlumata görə, Çiftçiyə qarşı üç maddə üzrə ittiham irəli sürülüb. Onunla bağlı istintaq hərəkətlərinin aparılması üçün Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.