“Meydan TV işi” üzrə həbs edilən Meydan TV-nin əməkdaşı, jurnalist Natiq Cavadlı təcridxanadan yazır. Yazını olduğu kimi təqdim edirik:
“Əgər qəzetlərsiz hökumət, yaxud hökumətsiz qəzetlər seçimi qarşısında qalsam, bir saniyə də tərəddüd etmədən ikinciyə üstünlük verərdim”.
ABŞ-nin qurucu atalarından Tomas Cefferson bu fikri səsləndirəndə Azərbaycanda mətbuat olmayıb. İlk qəzetimiz nəşr ediləndə (1875-ci il) isə nəinki hökumət, dövlətimiz belə yox idi. “Əkinçi”nin nəşrindən 43 il sonra Azərbaycan ziyalıları Demokratik Respublikanı elan etdilər.
Bu günə gələk, nə mətbuat, nə də hökumət var. Yalnız 33 illik Əliyevlər sülaləsinin diktəsi ilə işləyən hökumət və hakimiyyətin nəzarətində olan media var.
Xalqın seçmədiyi, Əliyevlərin təyinatıyla yaradılan qanunverici orqanın səsverməsi ilə hökumət “fəaliyyət göstərir”. Elə həmin parlament də Prezident Administrasiyasından göndərilən qanunları təsdiqləyir. Hökumət barədə sonra…
Xalq olaraq bəxtimiz onda gətirdi ki, müstəqil dövlətdə yaşamaq arzularımız Əliyevlərin şəxsi maraqları və geopolitik gedişatla (SSRİ-nin çöküşü, Rusiyanın zəifləməsi, Qərbin demokratiya küləyinin az da olsa Cənubi Qafqazda əsməsi) zaman baxımından bir qədər üst-üstə düşdü.
Qayıdaq bu günə, bizi bir qərinədir Əliyevlər tarixinin təkəri ilə fırladan siyasi iradənin mənzərəsinə – “nə mətbuat, nə hökumət var” iddiasına. Mətbuat şərhsiz, tərəfsiz xəbər yayan, sorğulayan, müzakirə açan, araşdırma aparan, mübahisə yaradan, təhlillə düşündürən və nəhayət, bütün bunların nəticəsi olaraq ictimai rəyi hərəkətə gətirəndir.
Ancaq 30 ildən çoxdur sülalə rejiminin qurduğu dairədən çıxa bilmirik və son 20 ildə, neft gəlirlərinin gəlməsindən başlayaraq, dairə daha da daralır.
Özünə mətbuat deyən hökumətaltı media məgər xəbər verir? Xeyr, onların xəbəri real vəziyyəti gizlətmək məqsədi daşıyır. Hökumətaltı media sorğulayırmı, hansı sayt qaranlıq mənzərəni doğuran sualları gündəmə gətirib və sona qədər də gedib?
Siz Əliyevin ildə bir dəfə nəzarətində olan telekanallara müsahibəsini kənara qoyun, belə müsahibə janrından Brejnev dövrünün qoxusu gəlir, çox təhlükəlidir! Həmin müsahibələr daxili auditoriyanın beyin yuma əməliyyatının tərkib hissələrindəndir.
Müsahibədə birinci vəzifə mürəkkəb, açıq-aşkar problemə diqqəti yönəltmək, ardınca qarşı tərəfi alternativ suallarla mübahisəyə çəkməkdir. Bunlar yoxdursa, jurnalist müsahibin təsirinə düşür və istədiyini (ictimaiyyətə çatacaq məlumatı) əldə edə bilmir.
Artıq bir neçə ildir Şuşa Qlobal Media Forumu keçirilir. Əvvəla 36 jurnalisti həbsdə olan, qəzet köşkləri “tarixi abidələrə” çevrilən, media qanunvericiliyi məhdudlaşdırılan, alternativ xəbər saytları bloklanan, Mətbuat Azadlığı İndeksinə görə 180 ölkə arasında 171-ci yerdə qərarlaşan məmləkətdə media adına olan bütün tədbirlərin jurnalistikaya heç bir aidiyyəti yoxdur. Orada iştirak edən xarici jurnalistlər və media ekspertləri Azərbaycandakı vəziyyəti bilib gəlirsə, bu, artıq siyasi riyakarlıqdır və maddi maraq güdülür deməkdir.
Tarixin ironiyasına baxın: jurnalisti qətlə yetirilən (Elmar Hüseynov), baş redaktoru oğurlanıb işgəncəyə məruz qoyulan (Bahəddin Həziyev), araşdırmaçı jurnalistin mənzilinə kamera yerləşdirilən (Xədicə İsmayıl), bir ildə üç media orqanının kollektivi həbs edilən (Abzas Media, Toplum TV və Meydan TV), “Tərəqqi” medalıyla mətbuatın tənəzzülünə start verilən, mənzillərlə əməkdar jurnalist, vətənə xidmətə görə dərəcələrlə mükafatlandırılan (sonuncular SSRİ-nin qalıqlarındandır, Stalin mükafatları da I, II və III dərəcəli idi), bir sözlə, kölə jurnalistikası yaradan ölkədə Qlobal Media Forumu keçirilir.
Tədbirin acı gülüş doğuran məqamlarından biri Əliyevin rusiyalı ekspertin sualına cavabı idi: “Ötən il Qusmanın sualını cavablandırdım, işdən azad etdilər. Sizin suala cavab versəm, həbs oluna bilərsiniz”.
Məgər Əliyev bilmir ki, Toplum TV-nin jurnalisti Fərid İsmayılov onun köməkçisi Hikmət Hacıyevə sualına görə həbsdədir?
Çünki İsmayılovun sualı təkcə Hacıyevin hüquqi savadsızlığını aşkarlamadı, həm də hakimiyyətin azad mediaya münasibətini ortaya qoydu. Hələ məhkəmə hökmü olmadan Hikmət Hacıyev həbsdəki jurnalistləri cinayətkar adlandırır. Deməli, hakim düşüncədə korrupsiya, inhisarçılıq maxinasiyalarından yazanlar cinayətkardırlar.
Bəs qanun pozub məmur oliqarxiyası yaradan hakimiyyətə hansı ad verək? Ümumiyyətlə, özünü monstr kimi aparan Hikmət Hacıyev sələfi Əli Həsənovun aqibətini xatırlayırmı, bilirmi ki, monarxik rejimlərdə onun kimilər icraçı alətdir, sabahı olmayan!
Əlbəttə, Azərbaycan kimi idarə olunan rejimlərdə o cür sualları səsləndirmək təhlükəlidir. Normal ölkələrdə oxşar suallar hakimiyyətin şəffaflığını şərtləndirir.
Ancaq mətbuata kommunist münasibət varisliyini postsovet məkanında yaşadan Rusiyada, Azərbaycanda, Belarusda əksinədir.
Hökumətaltı medianın sorğulaması son nəticədə “günahkar vətəndaşdır!” nidası ilə bitir. Baxın, telekanalların sosialyönümlü reportajlarına, hər şey aydın şəkildə sonuncu cümlədə səsləndirilir.
Yaxud siyasi yükü digər kanallardan çox olan ARB 24, adam özünü Ermənistanda, Rusiyada, Ukraynada, Hörmüz boğazında hiss edir. Rus dilini, tarixi bilməyən ekspertlərin şimal dövlətinin daxili-xarici siyasətindən şərhləri ikrah doğurur. Monoton bir efir həyatı yaşayır telekanallar – təkrar olunan təkrarçılıq, eyni mövzular bataqlığında.
Beyinləri “Azərbaycanda daxili risk yoxdur, müxalifət də yoxdur” bəyanatı yuyan, şüuraltına istədikləri yalanı hopduran gedişat yaşayırıq.
Əgər dedikləri yoxdursa, inflyasiya niyə az qala hər həftə dərinləşir, ölkə hələ də neft qiymətlərinin təsirində olan idxal asılılığında qalır?!
Əgər müxalifət yoxdursa, nədən müxalifət partiyasının lideri həbsdədir, 300-dən çox siyasi motivli şəxs məhbəsdədir?!
Daxili risk yoxdur deyirlər, ancaq dövlət çevrilişi və digər əməllərdə ittiham olunan, Heydər Əliyev ordenli Ramiz Mehdiyevi ev dustaqlığına məhkum edir, mənzilindən tapıldığı söylənilən 17 milyon isə sorğulanmır. Lakin onlarla jurnalistin evindən avro “tapıb” həbs edirlər, ədalətin təntənəsinə baxın!
Bəli, bu suallarla müzakirə açmaq yerli telekanalların ağlı, iradəsi və mənəviyyatı üçün deyil. Çünki ağlı, iradəsi və mənəviyyatı axtalananlar, manqurtlaşır və cəsarət hissini həmişəlik itirirlər.
İndi isə T. Ceffersonun hökumət haqqında dediklərinə gələk. Azərbaycan Konstitusiyası son 20 ildə Əliyevlərin maraqlarına uyğunlaşdırılıb: 7 illik prezidentlik müddəti, vitse-prezident institutu və s.
Belə bir idarəetmədə Nazirlər Kabineti formal quruma çevrilib. Onsuz da sabiq dövlət başçısı H. Əliyevin hakimiyyəti zamanı Artur Rəsizadə qanunla ikinci adam olsa da, iqtisadi məsələlərdə Fərhad Əliyevi öndə görürdük. İndi də Əli Əsədovu Mikayıl Cabbarov əvəzləyir.
Ümumiyyətlə, Əliyevlərin dövründəki başnazirlərin fəaliyyətinə diqqət yetirəndə, onlar yalnız gülünc açıqlamaları və əmrlərilə yada düşür.
1993–1994-cü illərdə baş nazir olan Surət Hüseynov dövlət çevrilişi nəticəsində bu səlahiyyətə sahib olsa da, saray çevrilişi ilə vəzifəsindən getdi və bir neçə il sonra həbs olundu.
Onu əvəz edən Fuad Quliyev (sabiq dövlət başçısı H. Əliyevin qohumu idi) saatla yadda qaldı, yəni qış rejimində saatların əqrəblərini geri çəkmək əvəzinə irəli çəkmək əmri imzalayıb. Bu hadisə nəinki cəmiyyətdə, hakimiyyətin nəzarətində olan qanunverici orqanda da lətifəyə çevrilmişdi. Spiker Rəsul Quliyev istəməsə belə müzakirə açıb əmri acı gülüşlə şərh etmişdi.
Azərbaycan tarixində zamanına görə bir gəncin ömrü qədər baş nazir olan Artur Rəsizadə “duzlu xiyar”la xatırlanır. Qiymətlərin artdığı payız aylarında bildirmişdi ki, əhali gedib duzlu xiyar yesin.
İkinci, 2003-cü ilin avqustunda səhhətinə görə istefa verən Rəsizadə ilin sonunda “sağaldı” və oğul Əliyevin sərəncamıyla yenidən Nazirlər Kabinetinin sədri təyin olundu, Milli Məclis də bu təyinatı təsdiqlədi.
Novruz Məmmədov, fransız dili müəllimi olan keçmiş müşavir, nə yatdı ki, nə də yuxu görsün.
Hazırkı Baş nazir Əli Əsədov quru sərhədləri bağlı saxlayan karantin rejiminin uzadılması və hərdən Mikayıl Cabbarovun onun səlahiyyətlərini mənimsəməsi haqda narahatlıqları ilə yada düşür.
Ə. Əsədov pandemiya əmrlərində bu addımların koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə atıldığını qeyd etsə də, ölkə başçısı karantin rejiminin uzadılmasını, quru sərhədlərinin bağlanmasını təhlükəsizliklə əlaqələndirir.
Beləliklə, dünyanın əlvida dediyi pandemiya Azərbaycanda qalır və bu cür əmrlərə görə Azərbaycan Absurdistan adlandırılanda təəccüblənmirik.
Təhlükəsizliyə gəldikdə, müharibə aparan, savaşla üz-üzə qalan hansı ölkənin quru sərhədi bağlıdır, Ukraynanın, İranın, yoxsa Rusiyanın?!
Çox maraqlı, hadisələri istər-istəməz lətifəyə çevrilən ölkədə yaşayırıq, ancaq vətəndaşı olmayasan, bir dostumuz demişkən.
P.S.
Avqustun 27-də Baku TV məlumat yaydı ki, xaricdə təhsil mərkəzinin rəhbəri Nigar Fərhad haqqında [şikayətlər əsasında] cinayət işi açılıb və o, üç aylıq həbs olunub.
Avqustun 28-də Baku TV Baş Prokurorluğun Nigar Fərhadın işini araşdıracağını və onun bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxıldığını bildirdi.
Arada bir gün zaman və xəbər araşdırılmadan efirə verilir, hökumətaltı media buna deyirlər.
P.S.S.
Bu günlərdə məlum olub ki, 2023-cü ildə Dövlət Vergi Xidməti deputat Ziyad Səmədzadəyə məxsus “İqtisadiyyat” qəzetinin 200 nüsxəsinə 17,8 min ayırıb ki, bu da bir nömrənin 89 manata başa gəldiyini göstərir.
Z. Səmədzadə 1992-ci ilin 14 mayında Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıdanda “ədalət bərpa olundu” deyə bildirmişdi.
Bu, həmin Z. Səmədzadədir ki, “Azərbaycan iqtisadiyyatı müstəqil yaşamağa imkan vermir” açıqlamasını vermişdi və 90-cı illərin əvvəllərində Heydər Əliyev Ali Sovetin iclasında çıxış edəndə ayaqlarını yerə döyənlərdən idi.
Məhbus jurnalist Natiq Cavadlı