19 məhbus hicab qadağasına görə aclıq aksiyası keçirəcəklərini bildirib

Foto: Shutterstock AI

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 19 məhbus oktyabrın 12-də məktəblərdə hicabla bağlı məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə bəyanat yayıb.

Məhbuslar bildirirlər ki, baş örtüyü həm dini etiqadın, həm də milli ənənələrin tərkib hissəsidir. Onlar dövlət qurumlarından məsələnin dini dəyərlər, milli kimlik və konstitusion hüquqlar nəzərə alınmaqla həllini tələb edirlər.

Bəyanatı imzalayanlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

“Əks təqdirdə, etiraz və tələblərimiz yerinə yetirilənədək aclıq aksiyası keçirərək canımız və qanımız bahasına mübarizə aparacağıq. Ana, bacı və qızlarımızın başından açılacaq hər bir örtük bizim üçün kəfən olacaqdır”, – bəyanatda deyilir.

Son günlər Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı şikayətlər və etirazlar artıb. Sosial şəbəkələrdə, xüsusilə Cəlilabad və digər rayonlarda hicablı qızların dərsə buraxılmadığını əks etdirən görüntülər yayılıb. Valideynlər məktəb rəhbərliklərinin şagirdlərdən hicablarını çıxarmağı tələb etdiklərini bildirirlər.

Qeyd edək ki,  Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması ilə bağlı qaydalara dəyişikliklər edib. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir. Oktyabrın 6-da müəllimlərin geyiminə dair də oxşar tələblər təsdiqlənib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, onların tətbiqi hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı narazılıqlara səbəb olub.

Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə şagird və müəllimlərin geyim qaydalarına əməl etməsinə nəzarətin gücləndiriləcəyini açıqlayıb. Bununla belə, idarə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirməyib.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirlik onların ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd etdiklərini iddia edib. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl, oktyabrın 8-də 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Polad Aslanov da hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Elə həmin müəssisədə saxlanılan ruhani Zeynal Bayramov da oktyabrın 12-dən hicab qadağasına etiraz olaraq aclıq aksiyasına başladığını və dərman qəbulundan imtina etdiyini bildirib.

Ana səhifə ▸ Xəbərlər ▸ 19 məhbus hicab qadağasına görə aclıq aksiyası keçirəcəklərini bildirib