13 il həbs cəzası alan fəal işgəncə iddialarının araşdırılmasını tələb edir
“Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum edilən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev məhkəmə proseslərində iştirakdan imtina etməsinin səbəblərini açıqlayıb.
O, oktyabrın 8-də yaydığı məktubunda Azərbaycanda məhkəmələrin müstəqil olmadığını və özünə qarşı irəli sürülən ittihamların saxtalaşdırıldığını bildirib.
“Azərbaycanda məhkəmə mövcud olmadığı üçün”, – deyə Babayev məhkəməyə çıxmamasının əsas səbəbini izah edib.
Fəal bildirib ki, onun barəsində hökm çıxaran hakim Azər Tağıyev istintaq materiallarındakı ziddiyyətləri nəzərə almayıb.
Babayev buna nümunə olaraq bank əməliyyatları ilə bağlı ittihamı göstərib. Onun sözlərinə görə, istintaq materiallarında banka 400 ABŞ dolları satdığı qeyd olunsa da, bankdan alınan rəsmi cavabda əks əməliyyatın aparıldığı, yəni manat verərək dollar aldığı təsdiqlənib.
Buna baxmayaraq, həmin məlumat ittihamdan çıxarılmayıb və məhkəmə hökmündə onun əleyhinə sübut kimi göstərilib.
Ramil Babayev məhkəmədə iştirak etməməsinin digər səbəbinin sentyabrın 22-dən başladığı sivil itaətsizlik aksiyası olduğunu qeyd edib.
O bildirib ki, avqustun sonunda ədliyyə naziri Fərid Əhmədova məktub göndərərək saxlanıldığı müəssisədə baş verdiyini iddia etdiyi işgəncə hallarının araşdırılmasını istəyib. Lakin müraciətindən sonra heç bir tədbir görülməyib.
Buna etiraz olaraq Babayev sıra yoxlanışlarında, vəkil və ailə görüşlərində, telefon danışıqlarında, müəssisə rəisinin qəbulunda və məhkəmə iclaslarında iştirakdan imtina etdiyini açıqlayıb.
Fəalın sözlərinə görə, son məhkəmə iclasına da iradəsinə zidd olaraq gətirilib.
O, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovu da tənqid edib. Babayev bildirib ki, sentyabrın 21-də keçirilən hazırlıq iclasında hakim işgəncə iddialarına münasibət bildirmək əvəzinə, onu tənqid edən Fərid İsmayılovun zaldan çıxarılmasına göstəriş verib.
Ramil Babayev 2024-cü ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il azadlıqdan məhrum olunub.
Babayev və iş üzrə digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.