Məhbus jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb

Polad Aslanov – Foto: Şəxsi arxivindən

Jurnalist hicablı şagird və müəllimlərin hüquqlarının pozulduğunu bildirir.

15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Polad Aslanov oktyabrın 8-dən aclıq aksiyasına başladığını bəyan edib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova özünün “Facebook” hesabında məlumat yayıb. O, həyat yoldaşının bəyanatını ictimailəşdirib.

Polad Aslanov bildirib ki, aclıq aksiyasına Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmamasına və müəllimlərin geyiminə qoyulan məhdudiyyətlərə etiraz olaraq başlayıb.

Jurnalistin sözlərinə görə, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət ünvanlasa da, müraciətinə cavab verilməyib.

Aslanov bəyanatında öz övladının da təhsil hüququnun məhdudlaşdırıldığını bildirib:

“Öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan bütün hicablı şagirdlərin, eyni zamanda təhsillə hicab geyinmək arasında seçim etmək məcburiyyətində qoyulan bütün hicablı müəllimələrimizin, ana və bacılarımızın hüquqlarının müdafiəsi üçün həbsxana divarları arasında, dəmir barmaqlıqlar arxasında etiraz əlaməti olaraq aclıq aksiyasına başladığımı bəyan edirəm”.

Jurnalist hesab edir ki, Elm və Təhsil Nazirliyi və Nazirlər Kabinetinin tətbiq etdiyi geyim məhdudiyyətləri Azərbaycan Konstitusiyasının vicdan azadlığını təmin edən 48-ci maddəsinə ziddir.

O, həbsdə olmasına baxmayaraq, hüquqların müdafiəsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb:

“Həbsxanada olmağıma baxmayaraq, əlimdə olan yeganə mübarizə vasitəsindən, aclıq aksiyasından istifadə edərək konstitusiya hüquqlarımızın tapdanmasına qarşı öz səsimi ucaldıram!”

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edib. Dəyişikliyə əsasən, şagirdlərin müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəsinə yol verilmir.

Oktyabrın 6-da isə dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilə bağlı ayrıca tələblər təsdiqlənib.

Yeni qaydalar hicablı şagird və müəllimlər, eləcə də valideynlər arasında narazılıqlara səbəb olub. Bəzi məktəblərdə hicablı şagirdlərin dərslərə buraxılmadığına dair şikayətlər səsləndirilir.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.

13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə “dövlətə xəyanətdə” təqsirli bilinib.

O, ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifə ▸ Xəbərlər ▸ Məhbus jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb