Gənclər və İdman Nazirliyindən beş aya 637 min manata yaxın satınalma müqaviləsi alan şirkətin rəhbəri Surxay Qarayev gimnastika hakimidir. Onun sosial media hesablarında nazir Fərid Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin rəisi Altay Həsənovla birgə fotoları var.
Gənclər və İdman Nazirliyi 2024-cü ildə yaradılan “Tadbirchi Event Organizer Group” MMC ilə daha bir satınalma müqaviləsi bağlamağa hazırlaşır.
Dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, şirkət “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi xidmətlərini göstərəcək. Müqavilənin dəyəri 109 min 960 manat 66 qəpikdir.
Bu, şirkətin may ayından bəri Gənclər və İdman Nazirliyindən aldığı beşinci satınalma müqaviləsidir.
Əvvəlki dörd müqavilənin ümumi məbləği 527 min manatdan çoxdur. Yeni satınalma da nəzərə alındıqda, şirkətin təxminən beş ay ərzində nazirliklə bağladığı müqavilələrin ümumi dəyəri 636 min 999 manat 64 qəpiyə çatır.
Şirkətin rəhbəri kimdir?
“Tadbirchi Event Organizer Group” MMC 2024-cü ilin martında dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı 10 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Heydər Əliyev prospekti 115-dir.
Şirkət özünü tədbirlərin planlaşdırılması və idarə olunması sahəsində fəaliyyət göstərən qurum kimi təqdim edir.
Ötən ilin mayından MMC-yə Surxay İlqar oğlu Qarayev rəhbərlik edir. O bu barədə öz Linkedin hesabında da qeyd edib.

Qarayevin adı Azərbaycan Gimnastika Federasiyasının bazasında da var. Federasiyanın rəsmi məlumatına görə, o, batut gimnastikası və tamblinq üzrə hakimdir. 1995-ci il təvəllüdlü Qarayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb və hakimlik lisenziyası 2028-ci ilin sonunadək etibarlıdır.
Federasiya 2025-ci ilin fevralında beynəlxalq hakimlik kurslarının nəticələrini açıqlayarkən Surxay Qarayevin batut gimnastikası üzrə ikinci kateqoriya aldığını da bildirib.
Şirkətin ilk qanuni təmsilçisi Lalə Rövşən qızı Məhərrəmova olub. Azərbaycan Gimnastika Federasiyasının saytında Lalə Məhərrəmova hazırda idman üzrə menecer kimi göstərilir. O, daha əvvəl Azərbaycan yığmasının bədii gimnastika üzrə üzvü olub və sonradan federasiyanın təşkil etdiyi beynəlxalq yarışlarda təşkilat komitəsində çalışıb.
Şirkətin gimnastika ilə əlaqəsi yalnız direktorla məhdudlaşmır
“Tadbirchi Event Organizer Group”un açıq sosial media fəaliyyətinə baxdıqda şirkətin gimnastika yarışlarının təşkilində mütəmadi iştirak etdiyi görünür.
Şirkətin öz “LinkedIn” səhifəsindəki məlumatlara görə, 2026-cı ilin martında Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku – AGF Trophy-nin təşkilati və operativ idarəetmə proseslərini “Tadbirchi” həyata keçirib. Şirkət apreldə keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun və 30 aprel-3 may tarixlərində baş tutan Avropa Kubokunun təşkilində də iştirak etdiyini bildirir.
Bu əməkdaşlıq 2026-cı ildən əvvəl də mövcud olub. Şirkətin əməkdaşlarından Murad Bağırzadənin paylaşımına görə, “Tadbirchi” 13-15 iyun 2025-ci ildə Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku – AGF Trophy-nin təşkilində çalışıb.
Yəni şirkətin dövlət satınalmalarında görünməyə başlamazdan əvvəl də gimnastika tədbirlərinin təşkili sahəsində fəaliyyəti olub.
Qarayevin vəzifəli şəxslərlə birgə fotosu
Surxay Qarayevin sosial şəbəkədə paylaşdığı fotolardan biri onun gimnastika sahəsinin başqa yüksək vəzifəli nümayəndələri ilə eyni çevrədə olduğunu göstərir.
Paylaşılan fotoda Qarayevlə eyni masada görünən şəxslərdən biri Altay Həsənovdur, digəri isə Fərid Qayıbovdur. Həsənov Azərbaycan Gimnastika Federasiyasının uzunillik vitse-prezidentidir, Qayıbov isə hazırkı Gənclər və idman naziri, o zamankı Azərbaycan Gimnastika Federasiyasının baş katibi olub.

Federasiyanın rəsmi tarixçəsinə görə, Altay Həsənov 2002-ci ildə AGF-nin Ümumi Yığıncağında vitse-prezident seçilib. Həmin il Mehriban Əliyeva da federasiyanın prezidenti seçilib və qurum yenidən təşkil olunub.
Həsənov sonrakı illərdə Bakıda keçirilən gimnastika üzrə Dünya və Avropa çempionatlarının, Dünya kuboklarının və digər beynəlxalq yarışların təşkilində iştirak edib. AGF-nin hazırkı məlumatında o, federasiyanın vitse-prezidenti kimi göstərilir.
Altay Həsənov eyni zamanda dövlət vəzifəsi tutur. O, 2017-ci ildən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyinin rəisidir. Bəzi mənbələrdə onun hətta Mehriban Əliyevanın qohumu, bibisi oğlu olduğuna dair iddialar var. Bu iddialar bu vaxta qədər təkzib olunmayıb.
Fərid Qayıbov isə 2003-cü ildən Azərbaycan Gimnastika Federasiyasında işləyib, 2006-cı ildə federasiyanın baş katibi seçilib. 2017-ci ilin dekabrında Avropa Gimnastika İttifaqının prezidenti seçildikdən sonra AGF-nin baş katibi vəzifəsindən istefa verib. Federasiya həmin vaxt bunun AGF ilə Avropa qurumu arasında mümkün maraqlar toqquşmasının qarşısının alınması ilə əlaqəli olduğunu açıqlamışdı.

Qayıbov 7 sentyabr 2021-ci ildə gənclər və idman naziri təyin edilib. O, hazırda Avropa Gimnastikasının da prezidentidir və 2025-ci ilin noyabrında bu vəzifəyə yenidən seçilib.
Yuxarıdakı fotolar həmin şəxslərin satınalma prosesinə müdaxilə etdiyini və ya şirkətin müqavilələri şəxsi əlaqələr hesabına qazandığını sübut etmir. Lakin bütün bunlar maraq toqquşması yaradan amillərdəndir.
Azərbaycan qanunvericiliyi nə deyir?
Azərbaycanın “Dövlət satınalmaları haqqında” Qanunu satınalmaların şəffaflıq, ədalətlilik və rəqabət prinsipləri ilə keçirilməsini tələb edir.
Qanunda maraqlar toqquşmasının konkret halları da sadalanır. Bunlara satınalan qurumla təchizatçı arasında hüquqi, maliyyə və təşkilati asılılıq, ortaq benefisiar mülkiyyət, ortaq idarəetmə və müəyyən qohumluq münasibətləri daxildir. Satınalma komissiyasının üzvləri ilə təchizatçı arasında da qanunda göstərilən əlaqələr olduqda həmin şəxslər prosesdən kənarlaşmalıdır.