Ələsgər Məmmədli: “Apellyasiya Məhkəməsi hüquqdan kənar davranmağı özünə yol seçib”

Ələsgər Məmmədli. Foto: Meydan TV

“Toplum TV işi” üzrə 14 il azadlıqdan məhrum edilən media hüquqşünası, “Toplum TV” təsisçisi Ələsgər Məmmədli Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb.

Toplum TV-nin dərc etdiyi məktubda deyilir:

“Bildiyiniz kimi, 8 mart 2024-cü il tarixindən etibarən 32 aydır saxta ittihamla ən təməl hüquqlardan olan azadlıq hüququm kobud şəkildə məhdudlaşdırılıb.

Bir hüquqşünas kimi, ömrünün 30 ilindən çoxunu insan hüquqlarının müdafiəsinə və tədrisinə həsr edən bir vətəndaş kimi yeganə sığınacağım hüququn aliliyi, ədalətin bərqərar olmasıdır.

13 ay davam edən ilkin istintaq dövründə və ondan sonra 16 ay davam edən Bakı Ağır Cinayətlər Məhkəməsində birinci instansiya məhkəmə araşdırmasında tək gözləntim ədalətin, hüququn üstünlüyünün təmin olunacağı, haqqım olan bəraət qərarının veriləcəyi oldu. Çox təəssüf ki, Azərbaycanda hüquq 2-ci plana keçib. Bu müddət ərzində ortaya qoyduğum bütün faktlar, sübutlar, hüquqi arqumentlər zibil qutusuna atıldı. Heç bir əsas, heç bir mötəbər sübut olmadan saxta şəkildə uydurulan mülahizələrlə məhkəmə görülməmiş qəddarlıq göstərərək mənə 14 il əsas cəza (azadlıqdan məhrumetmə) və 3 il əlavə cəza verdi. Azərbaycan vətəndaşlarını qorumalı, hüquqlarını təmin etməli olan dövlət qurumlarını təmsil edən sərhəd tanımayan məsul şəxslər, polis, müstəntiq, prokuror və hakim tərəfindən kollektiv şəkildə qurulan planla hüquqlarımdan məhrum edilmişəm.

Xeyli ciddi sağlamlıq problemlərimin (bir çoxunu həbsdən sonra təcridxanada qazanmışam) olmasına baxmayaraq, 32 aydır bu qeyri-hüquqi, qeyri-insani yanaşma davam etdirilir.
Yeganə gücüm hüquq bilgilərimdir və bir hüquq adamı olaraq sonuna qədər ölkə daxilində olan hüquqi müdafiə yollarını tükətmək, bu ədalətsizliyin haraya qədər davam edəcəyini müşahidə etməkdir. Bu səbəbdən 26 avqust 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hüquqa zidd saxta hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi göndərərək, gec də olsa, ədalətli qərarın veriləcəyinə ümid etmişəm. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci bəndində qeyd olunur ki: “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Əgər “hər kəs”dən söz edilirsə, mən də bu hər kəsə daxilam. Konstitusiyanın 25-ci maddəsində dövlətin fərdlərin irqi, etnik mənsubiyyətindən, dini, dili, cinsi, mənşəyi, əmlak vəziyyəti, qulluq mövqeyi, əqidəsi, siyasi partiyalara, həmkarlara və s. ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyi qeyd olunur. Bu sadəcə mənim hüquqlarım deyil, həm də dövlətin öhdəliyidir.

Dövlətin öhdəliklərinə, dövlət qurumlarının hüquqa və Konstitusiyaya uyğun davranıb-davranmadığına, insan və vətəndaş hüquq və azadlıqlarına yersiz müdaxilələrin olub-olmadığına nəzarət edən qurum olaraq sizin Ombudsman İnstitutu önəmli məsuliyyət daşıyır. Odur ki, sizə açıq müraciət edirəm. Daha əvvəl Bakı İstintaq Təcridxanasından sizə göndərdiyim ərizə-şikayətə heç bir cavab almamağım bu açıq müraciətin yazılmasında rol oynayır.

Hörmətli Səbinə xanım,

Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsi apellyasiya məhkəmələrini yuxarı instansiya məhkəmələri hesab edir. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin və onun hakimi Zəfər Əhmədovun davranışları bu funksiyadan uzaqdır. Ümumiyyətlə, baş verənlər bir hüquq adamı olaraq məni şok vəziyyətinə salıb. Bu məhkəmə və onun hakimi elə bil qəsdən hüquqdan kənar davranmağı özünə yol seçib. Silsilə hüquq pozuntularına yol verilir.
Belə ki, 21 sentyabr 2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti konvoyu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə aparılana qədər məhkəmənin həmin günə baxış təyin etdiyindən xəbərim olmayıb. Qanunvericiliyə əsasən, bu barədə mənə bildiriş təqdim olunmalı idi və mən də məhkəməyə zəruri hesab etdiyim vəsatətləri hazırlamalı idim. Bu, mənim təməl hüquqlarımdan olan, Konstitusiyanın 60-cı maddəsində təsbit olunan hüquq və azadlıqlarımın məhkəmədə müdafiəsinə verilən təminatın pozulması, habelə Konstitusiyanın 68-ci maddəsində dövlət orqanlarının mənə münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışa məruz qalma hüququmun pozulmasıdır.

Apellyasiya Məhkəməsinin bir digər kobud hüquq pozuntusu Konstitusiyanın 32-ci maddəsinin açıq şəkildə tapdanmasıdır.

“Toplum TV işi” və saxta ittihamla təqsirləndirilən şəxslər ictimai fəaliyyətlərinə, media və jurnalistika fəaliyyətinə görə cəmiyyət üçün ictimai əhəmiyyət və maraq daşıyır. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr tarixli məhkəmə baxışı hər kəs üçün açıq məhkəmə iclası idi. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin girişində heç bir hüquqi əsas və məhdudiyyət olmadan məhkəməyə gələn şəxslər qanunsuz şəkildə filtrlənmiş, yalnız ailə üzvlərinin keçə biləcəyi bildirilmiş, bununla yanaşı, Konstitusiyanın 32-ci maddəsini açıq şəkildə pozaraq şəxslərin şəxsi məlumatları qanunsuz toplanmışdır.

Bir siyahı tərtib olunmuş, siyahıda məhkəməni izləmək istəyən şəxslərin şəxsi məlumatları, şəxsiyyət vəsiqəsi nömrəsi, qeydiyyat yeri, doğum yeri və s. fərdi məlumatlar səlahiyyəti və hüququ olmayan şəxslər tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası qanunvericiliyində açıq məhkəmə baxışında iştirak etmək istəyənlərin siyahıya alınması, şəxsi və fərdi məlumatlarının qanunsuz toplanması nəzərdə tutulmayıb.

Ən ciddi hüquq pozuntularının silsilə davamı məhkəmə zalında baş verdi. Azərbaycanda ədliyyə sisteminə milyonlarla manat resurs ayrılır. Bunun səbəbi ləyaqətli şəraitdə məhkəmə müdafiə hüququnun təmin olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin məhkəmə zalında heç bir mikrofon və səs qurğusu işləmirdi. Salındığımız akvariumda nə hakimin səsi eşidilirdi, nə də bizim səsimiz hakimlərə, vəkillərə və digər iştirakçılara çatırdı.

Mən bu vəziyyətdə effektiv müdafiə olunmağım üçün ləyaqətli şəraitin təmin olunması, işləməyən mikrofon və dinamiklərin təmir olunması məqsədilə prosesə ara verilməsini, prosesin təmirdən sonra davam etməsini xahiş etsəm də, hakim Zəfər Əhmədov buna əhəmiyyət verməyib prosesə davam etdi. Texniki heyətdən öyrəndim ki, bu vəziyyət 6 aydan çoxdur belə davam edir. Avadanlıqlar aylardır işlək deyil.

Ən böyük hüquq pozuntusu hakim Zəfər Əhmədov tərəfindən edildi. Prosessual hüquq kobud şəkildə pozuldu, tərəflərin və onların hüquqlarını müdafiə edən vəkillərin təqdim etdikləri vəsatətlərin çatdırılmasına və hər vəsatətə ayrılıqda mövqe bildirilməsinə yol verilməyərək, onlar kütləvi şəkildə rədd edildi. Hakim Zəfər Əhmədov çox kobud və təhqiramiz şəkildə təqsirləndirilən şəxsləri təhqir etdi, vəzifəsindən və səlahiyyətlərindən açıq şəkildə sui-istifadə etdi. Bu barədə Məhkəmə-Hüquq Şurasına şikayət ünvanladığım üçün detallara toxunmuram.

Hörmətli Səbinə xanım,

Sizə müraciətimin məqsədi Ombudsmanın məhkəmə monitorinqi etmək səlahiyyətinin mövcudluğudur. 5 oktyabr 2026-cı il saat 15:30-da növbəti məhkəmə baxışı təyin edilib. Xahiş edirəm, həmin gün və ondan sonra Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmə iclaslarının monitorinqini aparasınız və 21 sentyabr 2026-cı il tarixdə, saat 16:00-da keçirilən məhkəmə iclasının audio-video yazısı ilə (belə bir videonun çəkilməsinə şübhə etsəm də) tanış olub rəsmi münasibətinizi cəmiyyətə təqdim edəsiniz.
Məhkəmənin açıq olduğunu nəzərə alıb, qanunsuz məhdudiyyətlərin aradan qaldırılmasına, fərdi məlumatları qanunsuz toplayanların hüquqi məsuliyyətə cəlb olunmasına zəruri çağırış edəsiniz”.

Hörmətlə,
Ələsgər Məmmədli
Bakı İstintaq Təcridxanası.

Ana səhifə ▸ Həbsxanadan məktublar ▸ Ələsgər Məmmədli: “Apellyasiya Məhkəməsi hüquqdan kənar davranmağı özünə yol seçib”