Rusiyada yaşayan talış fəalı Hafiz İsmayılov Azərbaycanda həbs olunub.
Fəal Əli Ağayevin məlumatına görə, Hafiz İsmayılov bu yaxınlarda atasının vəfatının ildönümündə iştirak etmək üçün Azərbaycana səfər edib və sentyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Əli Ağayevin bildirdiyinə görə, həbs barədə yalnız sentyabrın 27-də məlumat almaq mümkün olub.
Fəal barəsində həbs qətimkan tədbiri seçildiyi və Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddəsilə ittiham irəli sürüldüyü bildirilir.
Həbs barədə DTX-nin açıqlaması yoxdur.
Əli Ağayev fəalın həbsini onun sosial mediadakı tənqidi paylaşımları, xüsusilə son illərdə Azərbaycanda talış fəal və tədqiqatçıların həbslərinə etirazı ilə əlaqələndirir.
25 ildir Rusiyada yaşayan Hafiz İsmayılov bu ölkədə polis orqanlarında fəaliyyət göstərib və 5 il əvvəl təqaüdə çıxıb.
Azərbaycanda son illərdə ölkə xaricində yaşayan bir neçə talış fəal və tədqiqatçı müxtəlif ittihamlarla həbs olunub.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü ilin iyulunda Azərbaycana səfər edərkən saxlanılıb. Ötən ilin mayında məhkəmə ona dövlətə xəyanət də daxil olmaqla bir neçə maddə ilə 18 il həbs cəzası kəsib.
2025-ci ilin martında isə Rusiyada yaşayan tarixçi Zahirəddin İbrahimov Azərbaycana ekstradisiya olunub və dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub. O, “YouTube”da talış dilində veriliş aparıb və Talış Mədəniyyəti Mərkəzinin təsisçilərindən biri olub.
Həmin ilin noyabrında isə Rusiyada yaşayan fəal Kamal İsayev Türkiyəyə müayinə məqsədli səfər edərkən Azərbaycana ekstradisiya olunub. Bu il sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il yarım müddətinə azadlıqdan məhrum edib. Fəal dövlət əleyhinə açıq çağırışlar, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn simvolların yayılması və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə təqsirli bilinib