Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Nardaran hadisələri ilə bağlı daha iki şəxsə ümumilikdə 23 min avro kompensasiya ödəməsi barədə Azərbaycana qarşı qərar çıxarıb.
“Abdüləliyev və İsmayılov Azərbaycana qarşı” işi üzrə qərar sentyabrın 8-də açıqlanıb. İddiaçılar Müsəlman Birliyi Hərəkatının tərəfdarları Şamil Abdüləliyev və Aqil İsmayılovdur. Onlar qətl, terror aktları hazırlama, kütləvi iğtişaşlara təhrik etmə, qanunsuz silah əldə etmə ittihamları ilə həbs cəzası çəkib, 2021-ci ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar.
İş Nardaran qəsəbəsində yerləşən evlərdən birində keçirilən polis əməliyyatı ilə bağlıdır. Ərizəçilər həmin evdə dini toplantıya qatıldıqlarını, polisin oradakılara fərq qoymadan atəş açdığını bildiriblər. Polis bu versiyanı təkzib edib, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvlərinin onlara odlu silah, qumbara və bıçaqlarla hücum çəkdiyini bildirib. Hadisə zamanı altı nəfər öldürülüb, ərizəçilər daxil, çox sayda insan yaralanıb.
Avropa Məhkəməsi ərizəçilərlə bağlı işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan edən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən edib. Məhkəmə bildirib ki, hər iki ərizəçi həbs olunarkən onlara qarşı həddindən artıq güc tətbiq edilib.
Qərarda qeyd olunur ki, ərizəçilərə həbs zamanı lazımi tibbi yardım da göstərilməyib. Onların saxlanılarkən və həbsdə olduqları müddətdə pis rəftara məruz qalmaları ilə bağlı şikayətləri isə lazımi qaydada araşdırılmayıb.
Məhkəmə mənəvi zərərə görə hər bir ərizəçiyə 10 min avro, məhkəmə xərclərinə görə isə 1 500 avro ödənilməsinə qərar verib.
Şamil Abdüləliyev 2023-cü il martın 23-də ikinci dəfə həbs olunub. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 3 il həbs cəzası verib, Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 6 ilə qaldırıb. Abdüləliyev məhkəmədə özünü təqsirli bilməyib.
AİHM 2025-ci ildə MBH-nın rəhbəri Taleh Bağırzadənin işgəncəyə məruz qalmamaq hüququnun pozulduğunu müəyyən edib. Məhkəmə mənəvi zərərə görə Bağırzadəyə 10 min avro kompensasiya ödənilməsinə qərar verib.
2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan hüquq-mühafizə orqanları ümumilikdə 70 nəfərin saxlanıldığını bildirib. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. Taleh Bağırov 20 il həbs cəzası alıb və ittihamları qəbul etməyib.
Məhkəmədə təqsirləndirilən şəxslər polisləri qətlə yetirmədiklərini və üzərlərində heç bir silah olmadığını bildiriblər.
Son illər, xüsusilə siyasi və insan hüquqları ilə bağlı həssas məsələlərdə, Azərbaycan bəzi AİHM qərarlarının icrasından imtina etməyə və ya onları məhdud şəkildə yerinə yetirməyə başlayıb.
Hətta 2024-cü ilin oktyabr ayında Human Rights Watch təşkilatının hesabatında qeyd olunub ki, Azərbaycan AİHM tərəfindən verilən qərarların yalnız 36%-ni icra edib.
Bu da beynəlxalq insan hüquqları təşkilatları və Avropa Şurası ilə münasibətlərdə gərginliyə səbəb olub.
Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlər son dövrlərdə gərginləşib. 2024-cü ilin yanvarında AŞPA, Azərbaycan nümayəndə heyətinin etimadnamələrini təsdiqləməkdən imtina edib. Qərarda Azərbaycanın insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmədiyi, siyasi məhbusların mövcudluğu, məhkəmə müstəqilliyinin zəifliyi və digər məsələlər vurğulanıb.
2025-ci ilin aprelində Prezident İlham Əliyev AİHM-in qərarlarının icrasından imtina edərək, Azərbaycanın bu təşkilatların üzvlüklərini nəzərdən keçirə biləcəyini bildirib.
O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinin hüquqlarını bərpa etməməsi halında, ölkəsinin Avropa Şurası və AİHM-dəki üzvlüklərini gözdən keçirəcəyini qeyd edib.