Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,3 faiz artıb. Rəsmi statistikaya görə, cari ilin yanvar-iyun aylarında ölkədəki 22 milyard 258,9 milyon kubmetrlik ümumi qaz ehtiyatı fonunda itkilərin payı 2,5 faiz təşkil edib.
Beləliklə, cari ilin birinci yarısında istehsal olunan əmtəəlik təbii qazın 556,5 milyon kubmetri itkiyə gedib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 milyon kubmetr çoxdur.
“Statkom”un məlumatında da qeyd edilir ki, itkilərin ümumi qaz ehtiyatlarında payı 2,4 faizdən 2,5 faizə yüksəlib.
Tarif Şurasının müəyyən etdiyi təbii qazın qaz paylayıcılarına topdansatış qiymətinin 1000 kubmetr üçün 135 manat olduğunu nəzərə alsaq, ilin birinci yarısında “Azəriqaz”ın itkilər üzrə zərərinin təqribən 75 milyon manatdan çox olduğunu demək olar.
Lakin qurumun daxilindən mediaya sızdırılan sənədlərdə bu itkilərin daha çox olduğu görünür. Belə ki, bir müddət əvvəl “Azəriqaz”ın Sadiq Abdullayev adlı işçisi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun “Azəriqaz”ın baş direktoru Azər Məmmədova ünvanladığı məktubu ictimailəşdirib.
Yayılan məktubdan məlum olur ki, rəsmi statistikadan kənar real itkilər daha böyükdür. Təkcə ilin ilk beş ayının nəticələrinə görə, uçota alınmayan qazın həcmi 454,1 milyon kubmetrdən 500,9 milyon kubmetrə yüksəlib, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatıb.



“Cari ilin ilk 5 ayının nəticələrinin təhlili göstərir ki, qaz paylanması əməliyyatlarında uçota alınmayan qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 454,1 mln. m³-dən 500,9 mln. m³-ə yüksəlmiş, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatmışdır. (Göstərilən həcmlərə Naxçıvan RQİİ-nin məlumatları daxil deyil). Bu dinamika uçota alınmayan qazın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin gözlənilən nəticəni vermədiyini göstərir və ciddi narahatlıq doğurur”, – Nəsirov qeyd edib.
Sənəddə itkilərin əsas səbəbləri kimi köhnəlmiş infrastrukturla yanaşı, kütləvi qanunsuz istehlak və idarəetmə boşluqları da göstərilir:
“Son dövrlərdə, o cümlədən Göyçay Regional Qaz İstismarı İdarəsinin xidmət ərazisində aşkar edilmiş qanunsuz qaz istehlakı halları Bakı şəhərində və regionlarda qaz oğurluğu, qeyri-qanuni qoşulmalar və digər qanunsuz istehlak hallarının qarşısının alınması istiqamətində nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin zəruriliyini bir daha göstərir”.
Məktubdan məlum olur ki, itkilərlə bağlı ən yüksək artım Salyan, Ağsu, Xaçmaz və Sumqayıt regional qaz istismarı idarələri üzrə qeydə alınıb. Bununla yanaşı, Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qarabağ regional qaz istismarı idarələri üzrə də göstəricilərdə mənfi dinamika müşahidə edilib.
Nəsirov qeyd edib ki, nəzarət, intizam və idarəetmə tədbirlərinin effektivliyinin ciddi şəkildə təhlil edilməsinə zərurət yaranıb:
“Uçota alınmayan qazın formalaşmasına müxtəlif obyektiv və subyektiv amillər təsir göstərir. Bunlara qazpaylayıcı şəbəkələrin fiziki aşınması, əsaslı təmir və tikinti işlərinin məhdud həcmdə aparılması, investisiya layihələrinin mərhələli icrası, sayğac və digər avadanlıqların təchizatında yaranan məhdudiyyətlər, rəqəmsallaşdırma layihələrinin icrasında müşahidə olunan ləngimələr, eləcə də digər texniki və təşkilati səbəblər daxildir. Bununla yanaşı, qeyd olunan amillərin uçota alınmayan qaz göstəricilərinə təsiri şübhə doğurmasa da, onların hər birinin təsir dərəcəsini və xüsusi çəkisini əsaslandırılmış şəkildə müəyyən edən qiymətləndirmələrin mövcud olmaması bu amillərin uçota alınmayan qaz göstəricilərinə faktiki təsirinin obyektiv qiymətləndirilməsini çətinləşdirir”.
Azərbaycanda qaz itkiləri üzrə ən böyük böhran 2015-ci ildə qeydə alınmışdı. Həmin ildə itkilər 1,2 milyard kubmetrə çataraq, Azəriqaz”da yüz milyonlarla manat zərər yaratmışdı. Hökumət bu zərəri dövlət büdcəsi hesabına sildikdən sonra növbəti illərdə vəziyyət nisbətən sabitləşdi. “Azəriqaz” SOCAR-ın tərkibinə verildi. Lakin 2024-cü ildən etibarən itkilər yenidən kəskin artmağa başlayıb və həmin il itkilərin illik 1 milyard kubmetr həddini keçdiyi müşahidə olunub.
DSK hələ ki, 2025-ci il üzrə yekun qaz itkiləri göstəricilərini hələ açıqlamayıb. Lakin “Meydan TV”nin dərc etdiyi məqalədə ötən ilin ilk 10 ayın üzrə itkilərin 602,4 milyon kubmetrə çatdığı bildirilir.
Ekspertlərin hesablamalarına görə, 2025-ci ildə illik itkilər artıq 1 milyard kubmetr həddini aşıb. Məhz bu dinamikanın yüksələn xətlə davam etməsi SOCAR strukturlarında ciddi narahatlığa səbəb olub.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında istehsal olunan əmtəəlik qazın 6,5 milyard kubmetri daxili istehlaka yönəldilib. Bunun 56,8 faizi istehsal ehtiyaclarına sərf edilib, 43,2 faizi isə əhaliyə satılıb.
İlin birinci yarısında ixrac olunan təbii qazın həcmi isə 13 milyard 377,6 milyon kubmetr təşkil edib.